AZ

Ekspert: Azərbaycanda pestisidlərin tənzimlənməsi ilə bağlı kifayət qədər aydın qanunvericilik formalaşıb

Bakı, 18 fevral, Günel Türksoy, AZƏRTAC

“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” Azərbaycanda qüvvəyə minib.

Ətraf mühit hüququ və siyasəti üzrə ekspert Sadiqə Mehdiyeva bununla bağlı AZƏRTAC-a bildirib ki, bu beynəlxalq sənəd dövlətlərə təhlükəli kimyəvi maddələr və pestisidlərin beynəlxalq idxalı və ixracı zamanı öncədən məlumatlandırma, xüsusi razılıq proseduru tələbini irəli sürür:”Konvensiyanın əsas məqsədi sözügedən tip maddələrin gizlin və nəzarətsiz dövriyyəsini önləmək, insan sağlamlığı və ətraf mühitin mühafizəsini təmin etməkdir. Konvensiyanın Azərbaycanda tətbiqinin iqtisadi sahələrdə, əsasən, neft-qaz hasilatı, emalı, mədənçilik və kənd təsərrüfatına ciddi təsir göstərəcəyi gözlənilir. Neft-qaz sənayesində asbest tərkibli materiallar, civə tərkibli tullantılar və digər zərərli kimyəvi maddələrin yer aldığı köhnə avadanlıq daha çox diqqət mərkəzində olacaq. Xam neftin toplanılması, saxlanılması, qaz emalı və ümumiyyətlə, bu sektorda tullantıların idarəçiliyi üçün daha sərt reqlamentləşdirmə tələbi formalaşacaq. Mədən (minerallar) sənayesində civə əsaslı tullantılar və metal emalı üçün istifadə edilən bəzi reagentlər mədən şirkətlərindən xüsusi diqqət və tənzimləmə tələb edəcək”.

Ekspert bildirib ki, pestisidlərin tənzimlənməsi ilə bağlı Azərbaycanda kifayət qədər aydın qanunvericilik formalaşıb. “Bununla belə, “Rotterdam Konvensiyası”nın tətbiqi bu qanunvericiliyi daha da təkmilləşdirməyə, həmçinin yerli məhsulların dünya bazarlarına çıxışına hüquqi baxımdan dəstək verməyə xidmət edəcək. Ən vacib məqamlardan biri də konvensiya tələblərinin əhali arasında təhlükəli kimyəvi maddələr və pestisidlər səbəbilə xərçəng, reproduktiv və digər daxili xəstəliklərin yayılma risklərini azaltmağa yönəlməsidir. Konvensiyanın ölkədə uğurlu tətbiqi üçün qanunvericilik səviyyəsində harmonizasiya işləri aparılmalı, kimyəvi maddələrin idarəçiliyi tələbləri daha aydın və detallı ifadə olunmalıdır. Ümumilikdə sənədin tətbiqi zamanı nəzarət və aşkarlama üzrə əsas öhdəliklər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən icra ediləcək”, - deyə Sadiqə Mehdiyeva vurğulayıb.

 

Seçilən
58
1
azertag.az

2Mənbələr