AZ

Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

“Azərbaycan uzun müddətdir şimal-cənub və şərq-qərb istiqamətləri üzrə müxtəlif güc blokları ilə əməkdaşlıq edir. Bu, yerləşdiyimiz coğrafiya, maraqlarımız və strateji hədəflərimiz baxımından anlaşılan və düzgün yanaşmadır. Biz həm Asiya, həm də Avropa arasında yerləşirik, şərq mentalitetinə malikik, eyni zamanda Avropa Birliyi Cənubi Qafqazı öz strateji xəritəsinə daxil edir və sair. Üstəlik, ölkəmizdən keçən əsas nəqliyyat marşrutları – Şimal-Cənub dəhlizi, şərq-qərb yolu və digər kommunikasiya xətləri Azərbaycanın regional əhəmiyyətini daha da artırır. Bu səbəbdən Azərbaycan mövcud vəziyyətə uyğun olaraq qonşu dövlətlər və böyük güc mərkəzləri ilə balanslı və normal münasibətlər qurmalıdır ki, bu üstünlüyü öz xeyrinə çevirə bilsin. Əgər biz hansısa tərəfi açıq şəkildə seçsək, bu, digər tərəflərdə qıcıq yarada və münasibətləri korlaya bilər. Bu baxımdan Azərbaycanın bütün güc mərkəzləri ilə ölçülü-biçili siyasət aparması və münasibətləri daim yüksək səviyyədə saxlaması tam normaldır”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Əli Mustafa səsləndirib.

Rusiyaya münasibətə də toxunan Əli Mustafa bildirib ki, bu ölkənin niyyəti və məqsədi bəllidir:

“Müasir Rusiya keçmiş sovet məkanını özünün təsir zonası hesab edir və bu bölgədə müstəqil davranan, özünü beynəlxalq hüququn subyekti kimi aparan dövlətlərə qarşı basqı, təzyiq və qısqanclıqla yanaşır. Bu, ilk növbədə Rusiyanın imperiya ambisiyalarından hələ də əl çəkmədiyini göstərir. Sadə dildə desək, bu, bizim deyil, Rusiyanın problemidir”.

Onun sözlərinə görə, Moskva bəzi dövlətlərin müstəqil siyasət yürütməsini qəbul etmir:

“Rusiyada hesab edirlər ki, Ukrayna onların diktəsi ilə hərəkət etməli, Moldova isə asılı vəziyyətdə qalmalıdır. Hətta Baltikyanı dövlətlərin belə Rusiya ilə razılaşdırılmış siyasət aparmalı olduğu düşünülür. Eyni yanaşma Güney Qafqaz və Türküstan regionlarına da şamil edilir. Moskvanın düşüncəsinə görə, keçmiş sovet respublikaları bu gün hər hansı addım atarkən bunu mütləq Rusiya ilə razılaşdırmalıdır. Bu yanaşma yanlışdır”.

Ə. Mustafa vurğulayıb ki, Azərbaycan üçün əsas olan müstəqil və suveren siyasətin qorunmasıdır:

“Bizim üçün vacib olan odur ki, Azərbaycan dünya ölkələri ilə əlaqələrini genişləndirsin və münasibətləri yüksək səviyyədə saxlasın. Bu, suveren dövlət olaraq bizim hüquq və haqqımızdır. Hansı ölkə ilə dostluq və strateji tərəfdaşlıq edəcəyimizi özümüz müəyyənləşdiririk”.

Siyasi şərhçinin sözlərinə görə, son dövrlərdə Azərbaycanın ABŞ və Avropa ilə əməkdaşlığının dərinləşməsi, strateji sənədlərin imzalanması ölkənin maraqlarına xidmət edir və suverenliyimizi gücləndirir:

“Bu, eyni zamanda Rusiyanın bölgə ilə bağlı gələcək planlarını da çətinləşdirir. Rusiya anlayır ki, Azərbaycanın xarici tərəfdaşlarının sayı artdıqca, ona qarşı iddia və təhdidlər irəli sürmək daha çətin olacaq. Məhz buna görə Moskva narazılıq nümayiş etdirir və bu da onun problemidir. Azərbaycan təkcə Amerika ilə deyil, regiondakı bütün ölkələrlə əməkdaşlığı inkişaf etdirir. Məncə, bu prosesi daha da genişləndirmək lazımdır. Hətta Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir. Çünki adətən Rusiya kənardan təsir göstərə bilməyəndə, daxildəki dayaqlarını işə salır. Bu dayaqları zəiflətməliyik ki, gələcəkdə şimaldan qaynaqlanan problemlərlə üzləşməyək”.

N. ORUCOV

Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
reyting.az

1Mənbələr