UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları üz-üzə gələcəklər.
Redaktor.az keçiriləcək oyunla bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib.
Parlamentin komitə sədri Fazil Mustafa saytımıza açıqlamasında bildirdi ki, o, proqnoz verməyi sevmir:
"Təbii ki, "Qarabağ"ın udub-udmamasından asılı olmayaraq — çünki qüvvələr nisbəti fərqlidir — amma yaxşı oyun göstərəcəyini, yəni bizi sevindirəcək bir oyun nümayiş etdirəcəyini əminliklə söyləyə bilərəm. İngilis futbolu ilə müəyyən dərəcədə hansısa bir möcüzə göstərmək elə də asan məsələ deyil. Əslində, "Qarabağ" bunu “Çelsi” ilə 2-2 edərək göstərdi; bu, böyük bir uğur idi. Ümid edək ki, "Qarabağ" “Nyukasl”la oyunda da baxımlı bir futbol göstərəcək".
Millət vəkili Hikmət Babaoğlu qeyd etdi ki, hamımız bu axşam birlikdə yeni futbol bayramı, yeni futbol qələbəsi gözləyirik:
""Qarabağ"ın oyununu sevə-sevə izləyəcəyik və "Qarabağ"–"Nyukasl" oyununa mənim hesab təxminim 1-0 "Qarabağ"ın qələbəsi istiqamətindədir.
Deputat Ceyhun Məmmədovun sözlərinə görə, imkan olduqca futbol izləməyə çalışır:
"Həmişə olmasa da, amma mümkün qədər, xüsusilə də "Qarabağ"ın oyunlarını izləməyə çalışıram. "Qarabağ" Azərbaycanın qürur mənbəyidir, Azərbaycan futbolunu irəli aparır, bizi dəfələrlə sevindirib və biz ümid edirik ki, "Qarabağ" bu dəfə də xalqımızı sevindirəcək. Biz komandamıza uğurlar arzulayırıq. Əminik ki, "Qarabağ" Azərbaycanı layiqincə təmsil edərək bu proseslərə öz töhfələrini verəcək".
Millət vəkili Vüqar Bayramov isə "Qarabağ"a uğurlar arzuladığını bildirdi:
""Qarabağ"ın uğuru hər birimizi sevindirir. Bu gün "Qarabağ" - "Nyukasl" oyununun keçirilməsi də bir uğurdur. Çünki "Qarabağ"ın pley-offda iştirakı əslində "Qarabağ"ın Azərbaycan futbol tarixində əldə etdiyi xüsusi bir uğurdur. O baxımdan sözsüz, pley-offda da yaxşı nəticələrin əldə edilməsini istərdik və istərdik ki, "Qarabağ" yenə də azarkeşlərini sevindirsin".
Deputat vurğuladı ki, nəticənin necə olmasından asılı olmayaraq, əmindir ki, "Qarabağ" birmənalı şəkildə rəqibə qarşı layiqli mübarizə aparacaq və öz azarkeşlərini sevindirməyə çalışacaq:
"Hər halda "Nyukasl" nəinki İngiltərənin, bütövlükdə Avropanın tanınmış komandalarından biridir və "Qarabağ"la "Nyukasl"ın büdcələri praktiki olaraq müqayisə olunmayan büdcələrdir. Amma biz yaxşı oyunun olacağına inanırıq və ümid edək ki, yaxşı oyun həm də yaxşı nəticə ilə bizi sevindirəcək".
Aytəkin TOFİQQIZI