AZ

Antarktidada ilk dəfə akula görülüb - VİDEO

Cənub okeanının dərinliklərində edilən gözlənilməz kəşf, akulaların Antarktika sularında yaşamadığına dair formalaşmış fikirləri şübhə altına alıb. Uzunluğu 3–4 metr olan iri yuxucu (Greenland tipli) akula Cənubi Şetland adaları yaxınlığında videoya çəkilib. Bu, indiyədək bu dəstəyə aid nümayəndələrin qeydə alındığından xeyli daha cənub nöqtə hesab olunur.

Ölkə.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Çəkiliş "Minderoo–UWA Deep Sea Research Centre" tərəfindən həyata keçirilib. Mərkəz University of Western Australia nəzdində fəaliyyət göstərir. Kamera təxminən 490 metr dərinlikdə yerləşdirilib. Həmin nöqtədə suyun temperaturu cəmi 1,27 °C olub.

Mərkəzin direktoru Alan Jamieson bildirib: “Biz akula görəcəyimizi gözləmirdik, çünki ümumi qəbul olunmuş fikir budur ki, Antarktidada akula yoxdur. Üstəlik bu, balaca fərd deyil – həqiqətən nəhəngdir”.

Onun sözlərinə görə, elmi ədəbiyyatda Cənub okeanının, yəni 60-cı paraleldən cənubda yerləşən akvatoriyanın sərhədləri daxilində akulaların qeydə alınmasına dair təsdiqlənmiş məlumat yoxdur. Müstəqil ekspert, "Charles Darwin University"nin bioloq-konservasionisti Peter Kyne də bildirib ki, bu qədər cənubda belə qeydəalma halları əvvəllər olmayıb.

Kadrlarda akulanın cansız görünən dəniz dibinin üzərində yavaş hərəkət etdiyi görünür. Görüntülərə həmçinin akulaların qohumu olan skat da düşüb. Onun həmin ərazidə olması alimləri təəccübləndirməyib, çünki skatlardan bəzilərinin arealı cənub enliklərini əhatə edir.

Tədqiqatçılar ehtimal edirlər ki, yuxucu akulalar Antarktidada əvvəllər də mövcud ola bilərdi, lakin regionun əlçatmazlığı səbəbindən müşahidə olunmayıb. Cənub okeanı aydın təbəqələşmə ilə seçilir: aşağıdakı soyuq və sıx sular buzların əriməsindən yaranan daha şirin sularla zəif qarışır. Təxminən 500 metr dərinlikdə nisbətən “isti” qat formalaşır və akula da məhz orada qeydə alınıb.

Jamiesonun fikrincə, belə akulalar balina cəsədləri, nəhəng kalmarlar və dəniz dibinə enən digər iri canlılarla qidalana bilər. Lakin müşahidələr son dərəcə məhduddur: tələb olunan dərinliklərdə kameralar yalnız Cənub yarımkürəsinin yay aylarında dekabrdan fevrala qədər işləyir.

Alimlər istisna etmirlər ki, iqlim dəyişikliyi və okeanların istiləşməsi yırtıcıların yayılma arealına təsir göstərə bilər. Lakin Antarktika bölgəsində areal dəyişiklikləri ilə bağlı hələlik kifayət qədər məlumat yoxdur.

Həmidə İbrahimova

Seçilən
118
1
olke.az

2Mənbələr