AZ

Qəmər Seyfəddinqızı: Cəfər Cabbarlının ev-muzeyi ədibin ədəbi irsinin araşdırılmasında hər kəsə dəstək göstərir

Bakı, 18 fevral, AZƏRTAC

Cəfər Cabbarlının zəngin ədəbi irsinin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən ev-muzeyi bu gün aktiv mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Müxtəlif layihələr, nəşrlər və tədbirlər vasitəsilə ədibin yaradıcılığı geniş ictimaiyyətə çatdırılır, onun irsi elmi və ədəbi müstəvidə davamlı şəkildə tədqiq olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı deyib.

O bildirib ki, muzeyə alimlər, tələbələr, kitabxanalar və digər qurumlar tərəfindən tez-tez müraciətlər daxil olur, Cəfər Cabbarlının ədəbi irsinin təbliği və araşdırılması ilə bağlı hər kəsə imkan daxilində dəstək göstərilir.

Direktor qeyd edib ki, muzeyin həyata keçirdiyi uğurlu layihələrdən biri “Cəfər Cabbarlı mükafatı”dır. İlk dəfə 2001-ci ildə təqdim olunan mükafat sonrakı illərdə də müxtəlif sahələr üzrə yaradıcı şəxslərə verilib. Cəfər Cabbarlı teatr, kino, rejissorluq, tərcümə və ədəbiyyat sahələrində zəngin yaradıcılığa malik olduğu üçün mükafat da bu istiqamətlər üzrə fərqlənən sənət adamlarına təqdim olunur. Bununla yanaşı, ədibin müxtəlif janrlarda qələmə aldığı əsərlərin nəşri və təqdimatı da mütəmadi olaraq təşkil edilir. Hər il ən azı bir və ya iki kitabın təqdimatı keçirilir. Nəşrlər arasında hekayələr və şeirlər toplusu, eləcə də türk qəhrəmanlıq tarixinə həsr olunmuş əsərlər yer alır. Son olaraq Cəfər Cabbarlının həyatı və yaradıcılığına dair məlumat kitabçaları Cabbarlı adına ictimai birliklə birgə nəşr edilib və ictimaiyyətə təqdim olunub.

Direktor vurğulayıb ki, muzeyin layihəsi əsasında Cəfər Cabbarlının tərcümə etdiyi əsərlərin toplusu da Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilib. Həmin kitabda rus və Qərbi Avropa ədəbiyyatından edilən tərcümələr yer alıb.

“Bu bir daha göstərir ki, Cəfər Cabbarlı yalnız dramaturq və yazıçı deyil, həm də görkəmli tərcüməçi olub. Muzey bundan sonra da ədibin həyat və yaradıcılığına həsr olunmuş tədbirləri, eləcə də Azərbaycanın əlamətdar günləri və tanınmış şəxsiyyətləri ilə bağlı müxtəlif mövzulu proqramları davam etdirəcək”, - deyə direktor qeyd edib.

Seçilən
59
1
azertag.az

2Mənbələr