AZ

Türk ekspert: Azərbaycan enerji ixracatçısından fəal regional balans yaradan aktora çevrilib

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 15-də Belqradda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər sıradan diplomatik bəyanat deyil, Azərbaycan xarici siyasətinin Qarabağ zəfərindən sonra formalaşan yeni strateji mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu bəyanat Bakının hərbi qələbəni uzunmüddətli siyasi və diplomatik üstünlüyə çevirmək niyyətinin bariz ifadəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən hərbi uğur Azərbaycan dövlətinin siyasi iradəsini və sahədə qətiyyətini nümayiş etdirdi. Lakin tarix göstərir ki, hərbi qələbə diplomatiya ilə möhkəmləndirilmədikdə davamlı gücə çevrilmir. “Məhz bu mərhələdə Azərbaycan hərbi nailiyyətlərini diplomatik konsolidasiya ilə tamamlayır. Belqradda verilən mesajlar bu prosesin artıq institusional mərhələyə keçdiyini göstərir”, – deyə Mehmet Emir Aksoy vurğulayıb.

Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi mövzusuna toxunan ekspert qeyd edib ki, bu yanaşma təkcə Azərbaycan–Serbiya münasibətlərini deyil, bütövlükdə dövlət mərkəzli beynəlxalq nizam anlayışını əks etdirir. Qlobal sistemdə qeyri-müəyyənliyin artdığı bir dövrdə rəsmi Bakının suverenlik prinsipini əsas götürərək regional koalisiyalar qurması Azərbaycanın artıq passiv enerji ixracatçısından fəal regional balans yaradan aktora çevrildiyini göstərir.

Mehmet Emir Aksoy bildirib ki, enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlı vurğular Azərbaycanın geoiqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Cənub Qaz Dəhlizinin genişlənən təsiri, Orta Dəhlizin Avropa bağlantıları və Balkan xətti üzrə qurulan yeni tərəfdaşlıqlar Azərbaycanın Avrasiya məkanında tranzit və enerji qovşağı rolunu daha da gücləndirir. Bu isə enerji diplomatiyasının artıq təkcə iqtisadi deyil, eyni zamanda, siyasi təsir alətinə çevrildiyini nümayiş etdirir.

Ekspert Türkiyə–Azərbaycan strateji tərəfdaşlığını da vurğulayıb. Onun sözlərinə görə, bu müttəfiqlik yalnız tarixi və mədəni bağlara deyil, real təhlükəsizlik və enerji arxitekturasına söykənir. “Türkiyənin regional çıxış imkanları ilə Azərbaycanın enerji və geosiyasi mövqeyi birləşdikdə Cənubi Qafqazdan Balkan regionuna qədər uzanan geniş coğrafiyada sabitlik yaradan güclü sinerji formalaşır”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, Belqradda səsləndirilən fikirlər Azərbaycanın artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət olmadığını, eyni zamanda regional nizam və sabitlik formalaşdırmaq iddiası ilə çıxış etdiyini göstərir. “Qarabağda qazanılan hərbi uğur bu gün strateji diplomatik baxışla tamamlanır. Azərbaycanın yeni xarici siyasət arxitekturası dörd əsas sütuna söykənir: suverenlikdə qətiyyət, enerjidə strateji yanaşma, diplomatiyada balans və regional koalisiyalarda rasional genişlənmə”, – deyə Mehmet Emir Aksoy əlavə edib.

Onun fikrincə, bu diplomatik model təkcə bu günün deyil, gələcək regional və qlobal güc balanslarının formalaşmasında da mühüm rol oynayacaq.

Seçilən
94
1
azertag.az

2Mənbələr