Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan və Mərkəzi Asiya ölkələri unikal coğrafi mövqeyə malik regionlarda yerləşir. Ölkənin əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır, geoloji xüsusiyyətləri, zəngin yeraltı sərvətləri, Xəzər dənizinə çıxışı, eləcə də Türkiyə ilə quru sərhədinin olması bu üstünlükləri daha da gücləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Qırğızıstan Dünya İqtisadiyyatı İnstitutunun direktoru, politoloq Şeradil Baktıqulov deyib.
Ekspert qeyd edib ki, Azərbaycanı fərqləndirən əsas cəhət məhz bu amillərin məcmusudur və bu faktorlar ölkənin həm regionda, həm də Mərkəzi Asiya ölkələri üçün artan strateji rolunu müəyyənləşdirir. Onun fikrincə, Azərbaycan haqqında danışarkən ən çox müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizi və bu dəhliz çərçivəsində formalaşan tranzit marşrutlarıdır.
Şeradil Baktıqulov vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsini birləşdirən nəqliyyat xətti deyil: "Bu marşrut eyni zamanda Mərkəzi Asiya ölkələri, eləcə də regiona yaxın yerləşən Çin, Əfqanıstan və Pakistan kimi dövlətlər üçün yükdaşımaların həyata keçirilməsi baxımından yeni imkanlar açır. Zəngəzur dəhlizi regional və transregional ticarət əlaqələrinin genişlənməsinə xidmət edən mühüm logistika platforması kimi çıxış edir".
Politoloq bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə formalaşan yeni nəqliyyat imkanları Asiya ilə Avropa arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də regional inteqrasiyanın təşəbbüskarlarından biri kimi çıxış edir.
Ekspertin fikrincə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qarşısında ortaq gələcək və ümumi inkişaf hədəfləri dayanır. Bu hədəflər ölkələrin iqtisadi potensialının artırılmasına, rifahın yüksəldilməsinə və regionun dayanıqlı inkişafına xidmət edir. Şeradil Baktıqulov vurğulayıb ki, məhz bu kontekstdə Azərbaycan Mərkəzi Asiya üçün dəyişikliklərin və transformasiyanın aparıcı mərkəzlərindən biri kimi çıxış edir və regionda yeni əməkdaşlıq modelinin formalaşmasına töhfə verir.