Ankara, 16 fevral, AZƏRTAC
Türkiyənin “Dört Kapı” nəşriyyatı azərbaycanlı tarixçi, professor Namiq Musalının fars dilindən türk dilinə tərcümə etdiyi “Silsilətün-nəsəbi-Səfəviyyə” əsərini nəşr edib.
AZƏRTAC xəbər verir ki, Səfəvi dövrünün mühüm tarixi mənbələrindən hesab olunan Şeyx Hüseyn Zahidinin bu əsəri, azərbaycanlı alim tərəfindən giriş, izahlar və göstəricilərlə birlikdə çapa hazırlanıb.
Bu əsərin İngiltərənin Kembric Universitetində, Tehrandakı İran Milli Kitabxanasında və Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında (keçmiş Saltıkov-Şedrin adına kitabxanada) qorunduğu üç əlyazma nüsxəsi mövcuddur.
Alim tərcümə prosesində Kembric nüsxəsi əsasında hazırlanan 1924-cü il Berlin nəşri ilə yanaşı Tehran ve Peterburq nüsxələrindən də istifadə edib.
Qeyd edək ki, əsərin müəllifi Şeyx Hüseyn Zahidi məşhur ləkəranlı sufi lideri Şeyx Zahid Gilaninin (1218-1301) nəslindəndir.
Şeyx Zahid Gilani isə Səfəvilərin əcdadı olan Şeyx Səfiəddin Ərdəbilinin mürşidi və qayınatasıdır.
Şeyx Hüseyn Zahidinin ata-babaları əsrlər boyunca Azərbaycanın Muğan bölgəsində yaşayıb və Səfəvilər tərəfindən himayə görüblər. Şeyx Hüseyn Zahidinin özü XVII əsrin başlangıcında anadan olmuş və 1689-cu ildə vəfat edib.
Sufilik haqqında “Bəyanül-əsrar”, “Sifatül-üşşaq” və “Məşriqül-ənvar” adlı üç risalə yazan Şeyx Hüseynin ən məşhur əsəri “Silsilətün-nəsəbi-Səfəviyyə”dir.
Bu əsər Səfəvi sülaləsinin nəsil şəcərəsini və bu sülalənin görkəmli nümayəndələrinin həyat və fəaliyyətlərini təsvir edən mühüm bir mənbədir.
Əsərdə Səfəvilərin ənənəvi seyidlik şəcərəsinə yer verilməklə yanaşı, bu sülalənin türk etnosuna mənsub olduğu bir neçə dəfə açıq-aydın vurğulanıb.
Nəşrin sonunda “Silsilətün-nəsəbi-Səfəviyyə”nin Tehran nüsxəsinin faksimilesi dərc edilib. Qeyd edək ki, hələ müəllifin sağlığında hazırlanan bu nüsxə 1688-ci ildə Əhər şəhərində marağalı Hacətqulu Həkkak ibn Ustad Məlik Dəllak tərəfindən köçürülüb.
Əsəri tərcümə edərək nəşrə hazırlayan N. Musalının mətnə dair açıqlamalarında nüsxələr arasındakı fərqlər göstərilib.
Mənbənin mövzu ilə maraqlanan elmi ictimaiyyət nümayəndələri, tələbələr və geniş oxucu kütləsi üçün faydalı olacağı gözlənilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara