Məqsəd əhalinin 65 faizinin texnoloji bacarıqlara yiyələnməsidir
Müasir dünyada süni intellektin geniş tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma istiqamətində aparılan islahatlar dövlətlərin gələcək inkişafını müəyyən edən əsas amillərdən birinə çevrilib. Artıq rəqəmsal transformasiya təkcə texnologiya sahəsi ilə məhdudlaşmır, iqtisadiyyatın rəqabət qabiliyyətinə, idarəetmənin səmərəliliyinə, təhlükəsizlik və sosial xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. Bu proseslər, demək olar ki, qlobal miqyasda yeni inkişaf trendi kimi formalaşıb.
Azərbaycan da çağdaş dövrün yeni çağırışlarına uyğun şəkildə rəqəmsal inkişafı prioritet istiqamət kimi müəyyənləşdirib. Son illərdə ölkədə rəqəmsal dövlət idarəçiliyinin genişləndirilməsi, elektron xidmətlərin artırılması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı üzrə ardıcıl addımlar atılır. 16 yanvar 2025-də Prezident İlham Əliyev tərəfindən “Rəqəmsal İnkişaf Konsepsiyası” qəbul olunub. Bu sənəd dövlət idarəçiliyinin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun artırılması üçün strateji istiqamətləri müəyyən edir və Azərbaycanda rəqəmsal transformasiyanın əsas çərçivəsini təşkil edir. Həmçinin 10 dekabr 2025-də Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya təsdiq edilib.
Qeyd edək ki, ölkədə bu sahədə həyata keçirilən işlərə “mygov” platformasının inkişafını, “ASAN xidmət” modelinin rəqəmsal alətlərlə genişləndirilməsini, “Digital bridge” rəqəmsal məlumat mübadiləsi sisteminin tətbiqini misal göstərmək olar. Məlum olduğu kimi, “Digital bridge” vasitəsilə dövlət qurumları arasında məlumat mübadiləsi daha operativ şəkildə həyata keçirilir və bu, həm vaxt itkisini azaldır, həm də prosedurları minimuma endirir. Eyni zamanda, dövlət və özəl sektor arasında rəqəmsal inteqrasiya imkanlarının genişlənməsi ölkənin rəqəmsal iqtisadiyyat modelinə keçidi sürətləndirir.
Yeri gəlmişkən, Azərbaycan rəqəmsallaşma və süni intellekt sahəsində dünyanın ən qabaqcıl ölkələri ilə əməkdaşlıq edir. Bunlardan biri də ABŞ-dır. Məlum olduğu kimi, ABŞ sahədə aparıcı şirkətlərə malikdir. Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyada hər iki tərəf süni intellekt və rəqəmsal infrastrukturun qurulması istiqamətində bir-birinə dəstək göstərəcəklər. Bu Azərbaycana əlavə üstünlük qazandıracaq.
Qeyd edək ki, rəqəmsal infrastrukturun qurulması ilə yanaşı, bu sahədə əsas həlledici amillərdən biri də insan kapitalının, xüsusilə rəqəmsal bacarıqların inkişafıdır. Beynəlxalq təşkilatlar da Azərbaycanda rəqəmsal səriştələrin artırılmasını ölkənin uzunmüddətli inkişaf gündəliyinin əsas prioritetlərindən biri kimi qiymətləndirir.
Məhz bu yöndə Dünya Bankının hazırladığı “Azərbaycan üçün rəqəmsal bacarıqların inkişafı üzrə Yol Xəritəsi”ndə ölkədə rəqəmsal bacarıqların inkişafı üçün vahid yanaşmanın formalaşdırılması vacib sayılır və rəqəmsal səriştə üzrə dövlət çərçivə sənədinin hazırlanması tövsiyə olunur. Dünya Bankı Azərbaycanda rəqəmsal bacarıqların inkişafı üçün vahid yanaşmanın formalaşdırılmasını vacib sayır və bu məqsədlə rəqəmsal səriştə üzrə dövlət çərçivə sənədinin hazırlanmasını tövsiyə edir.
Qeyd olunur ki, bu sənəd milli rəqəmsal potensialın gücləndirilməsi, vətəndaşların sürətlə dəyişən rəqəmsal cəmiyyətdə tamhüquqlu iştirakının təmin edilməsi üçün strateji əsas rolunu oynaya bilər. Söhbət həm dövlət, həm də özəl rəqəmsal xidmətlərə çıxış, əmək bazarında rəqabət qabiliyyəti və ölkənin inklüziv rəqəmsal transformasiyasında iştirak üçün zəruri bacarıqların əhali arasında sistemli şəkildə formalaşdırılmasından gedir.
Dünya Bankı bu sahədə konkret və ölçüləbilən milli hədəfin müəyyən edilməsini də xüsusi vurğulayır. Belə ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində əhalinin 65 faizinin baza rəqəmsal bacarıqlara malik olması hədəfi qoyulub. Bank hesab edir ki, dəqiq göstərici və vaxt çərçivəsi resursların düzgün istiqamətləndirilməsinə və tərəqqinin sürətlənməsinə imkan verəcək.
Sənəddə qeyd edilir ki, “Azərbaycanın Rəqəmsal Bacarıqlarının Qiymətləndirilməsi 2023–2024” tədqiqatı ölkədə bu istiqamətdə aparılan ilk milli hesabat olub. Hesabat Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT bacarıqları indikatorlarına və Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanıb. Dünya Bankı bu cür araşdırmaların mütəmadi aparılmasını, nəticələrin müqayisəli monitorinq üçün əsas kimi istifadəsini tövsiyə edir.
Əsas tövsiyələrdən biri Avropa Komissiyasının “DigComp” rəqəmsal səriştə çərçivəsinin milli versiyasının hazırlanması və qəbul edilməsidir. “DigComp” beş istiqamətdə qruplaşdırılmış 21 səriştəni əhatə edir və baza səviyyədən qabaqcıl səviyyəyə qədər bütün mərhələləri nəzərdə tutur. Dünya Bankının qənaətinə görə, bu çərçivənin Azərbaycanda tətbiqi rəqəmsal səriştə anlayışında vahid yanaşma yaratmağa, təşəbbüsləri sinxronlaşdırmağa, qiymətləndirmə və sertifikatlaşdırma mexanizmini qurmağa, məzmunu yerli dillərə və inklüziv formatlara uyğunlaşdırmağa imkan verəcək.
Bankın qiymətləndirməsinə əsasən, Azərbaycanın yetkin əhalisinin təxminən üçdəbiri əmək bazarından və təhsil sistemindən kənarda qalır. Bu qrup üçün rəqəmsal bacarıqların artırılması sosial inklüzivlik baxımından xüsusi əhəmiyyət daşıyır. Prioritet mövzular sırasında onlayn təhlükəsizlik, rəqəmsal alətlərdən istifadə etməklə gündəlik problemlərin həlli və rəqəmsal məzmunun yaradılması qeyd olunur. Bank xüsusilə vurğulayır ki, 16–74 yaş arası vətəndaşların yarıdan çoxu rəqəmsal mühitdə özünü qoruma üzrə baza tədbirləri görməyib.
Dünya Bankı hesab edir ki, elektron dövlət xidmətlərinin genişləndirilməsi rəqəmsal bacarıqlara olan tələbatı daha da artıracaq. Bu baxımdan səhiyyə, subsidiyalar, rəqəmsal kənd təsərrüfatı alətləri, onlayn bazarlar kimi xidmətlər əhalinin rəqəmsal mühitə adaptasiyasını sürətləndirə bilər. Bank pulsuz özünüqiymətləndirmə alətlərinin tətbiqini və vətəndaşların bu nəticələrə uyğun təlim proqramlarına yönləndirilməsini təklif edir.
Ümumilikdə, yol xəritəsi 6 əsas tövsiyə və 12 prioritet fəaliyyət istiqaməti üzrə strukturlaşdırılıb. Məqsəd 2026-cı ildə əhalinin 65 faizinin baza rəqəmsal bacarıqlara malik olması hədəfinə nail olmaq və 2030-cu ilə qədər davamlı tərəqqi üçün əsaslı baza formalaşdırmaqdır. Dünya Bankı rəqəmsal səriştəni Azərbaycanın sosial-iqtisadi inkişafı və dayanıqlı modernləşməsi üçün fundamental amil kimi qiymətləndirir.
Musa BAĞIRLI
XQ