AZ

“Azərbaycan bu səviyyədə oyun görməmişdi” - Elvin Cəfərquliyev

BAKI, 19 fevral. TELEQRAF

“Psixoloji cəhətdən çox rahat idik. Bəlkə də buna görə belə oldu. Daha sadə oynasaydıq, bəzi qollarıburaxmazdıq. Yenə də Azərbaycan bu səviyyədə oyun görməmişdi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib çıxmışıq. Azarkeşlər bizdən qələbə gözləyirdi, bu da başadüşüləndir. Növbəti oyunlarda onları sevindirəcəyik. Hakimlərlə bağlı danışmaq istəmirəm. Düşünürəm ki, o qədər də haqsızlıq olmadı”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev jurnalistlərə açıqlamasında deyib.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:

“Məğlubiyyət barədə çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Rəqibin ustalığı və futbolçuların keyfiyyəti bir daha göstərdi ki, Çempionlar Liqası necə yüksək səviyyəli turnirdir. Birinci hissədə həddindən artıq səhvlər etdik. Müdafiədə daha yaxşı, kompakt və sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək. Amma ikinci hissədə toparlanmağa çalışdıq. Komanda psixoloji baxımdan çətin vəziyyətdə idi, səhvlər ard-arda gəldi. Bu futboldur, belə hallar olur. İkinci hissədə komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməliyik. Bu cür davam etmək olmazdı. Həmin hissədə fərqlənmək və irəli atılmaq istəyirdik. Stadiona gələn azarkeşlərimizə dəstəyə görə minnətdaram”.

Cəfərquliyev “İmişli” və “Şamaxı” ilə oyunların bu matça təsirindən də danışıb:

“Bu görüşə qədər vaxtımız çox olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Quba stadionunda keçirilən oyunlarda futbolçular fiziki baxımdan çox yükləndi. Hazırda sıx qrafiklə çıxış edirik. Fasilə olsaydı, bu oyuna daha yaxşı hazırlaşardıq. Heç bir oyunun təxirə salınmasını istəmirik. Əslində 3-4 gündən bir oyun keçirmək tempimizi qorumaq üçün yaxşıdır. Buna öyrəşməliyik. Stadionlarla bağlı problemlərimiz var və bu da öz təsirini göstərir”.

Matçda komandasının yeganə qolunun müəllifi olan Cəfərquliyev şəxsi uğuru barədə də fikirlərini bölüşüb:

“Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam. Kaş ki, qələbə olsaydı, o zaman sevincim daha böyük olardı. Amma bu nəticə ilə də özüm üçün müəyyən sevinc yaşayıram. Səfərdə bizi burdakından üçqat çətin oyun gözləyir – həm azarkeş, həm oyun, həm də yol baxımından. İlk növbədə psixoloji cəhətdən toparlanmalı, sonra isə bərpamızı sürətləndirməliyik. Ən azı həmin oyunda yaxşı oyun göstərməyə çalışacağıq”.

Elvin Cəfərquliyev son günlər haqqında yayılan ayrılıq iddialarına da münasibət bildirib: “Transfer məsələsi ilə bağlı danışmaq istəmirəm. Hazırda ‘Qarabağ’dayam və burada xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdır. Nəsə yenilik olsa, hamı biləcək”.

Seçilən
8
teleqraf.com

1Mənbələr