AZ

Simonyan Bakıdakı ermənilərin “ömürlük həbsdən” azad olunacağına inanır - təəccüblüdür...



Hüseyn İbrahimov: “Onun bu pafoslu açıqlaması seçkiyə hesablanmış bir təbliğatdır və manipulyativ xarakterlidir”

“Bakıdakı erməni məhbusların ən sonuncusu geri dönənə qədər onların qaytarılması prosesi ilə əlaqədar danışıqlar davam edəcək”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla həyata keçirdiyi proses mürəkkəb və çətindir, lakin irəliləmək üçün imkan yaradır: “Biz təslim olmamalıyıq. Biz məhz bununla məşğuluq. Hamı geri dönəcək. Bəlkə bu gün deyil, bəlkə sabah deyil, amma nəticədə hər kəs geri dönəcək”.

O da məlumdur ki, separatçıların bəzilərinə ömürlük, bəzilərinə isə 20 il həbs cəzası verilib. Özü də əsaslı dəlil və sübutlara dayanaraq bu cəzalar verilib. Belə olan halda Simonyanda belə inam hardandır? Elə əmin danışır ki, sanki bu adamlar ömürlük həbs cəzası almayıblar. Niyə belə əmindir? Azərbaycanla Ermənistan arasında münasibətlərin bu dərəcədə inkişafına əmindir ki, yüksək səviyyədə rəsmi Bakı qərar verib onları buraxacaq getsinlər? Haradandır onda bu əminlik?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Simonyanın belə pafoslu və məsuliyyətsiz açıqlaması qarşıdakı seçkilərə hesablanıb: “Dörd erməni məhbusun ötən ay buraxılması bunları çaşdırıb. Elə bilirlər ki, insanlıq əleyhinə cinayət törədən digər separatçılara da bənzər humanist münasibət göstəriləcək. Əsla belə olmayacaq. Onlar separatçı fəaliyyətləri üzündən çoxsaylı dinc insanların ölümünə bais olublar. Kəndlər, şəhərlər yandırılıb, Qarabağda yaşayanların əmlakları qarət edilib. Prezident İlham Əliyev bu günlərdə “France 24” telekanalına müsahibəsində bildirdi ki, separatçıların törətdiyi cinayətlər İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Belələrinin cəzalandırılması humanizmə xidmət edir. Fikrimcə, Simonyanın bu pafoslu açıqlaması seçkiyə hesablanmış bir təbliğatdır və manipulyativ xarakterlidir. Radikal elektoratı parçalamaq, revanşistlərin mövqeyini zəiflətmək üçün belə bir açıqlama verib. Çünki iyunun 7-də keçiriləcək parlament seçkiləri bunlar üçün çox önəmlidir. Görüntü yaradırlar ki, guya həbsdə olan separatçların taleyi bunları narahat edir. Azərbaycan heç vaxt həmin cinayətkarları qısa müddətdə əfv etməyəcək. Bütün erməni lobbisi səfərbər olunsa belə, Vardanyan layiq olduğu cəzanı alacaq”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr