AZ

Ankara və İrəvan da ticarətə başlayır

Münasibətlərdə normallaşma Bakının maraqlarına uyğun aparılır

Türkiyə və Ermənistan arasında birbaşa quru yolu ilə ticarətin başlanması barədə əldə olunmuş razılaşma Cənubi Qafqazın postmüharibə mərhələsində formalaşan yeni siyasi-iqtisadi arxitekturanın tərkib hissəsidir. Ankara və İrəvan Gürcüstan üzərindən həyata keçirilən ticarətdə “kvazi- reeksport” mexanizmini aradan qaldıraraq yüklərin ilkin ixrac statusunu bütün marşrut boyu saxlamasına imkan verən yeni texniki rejim üzərində razılaşıblar. Bu model sərhədin formal olaraq açılmasını tələb etmədən, faktiki olaraq, birbaşa ikitərəfli ticarətə keçidi təmin edir.

Məlum olduğu kimi, iki ölkə arasında sərhəd 1993-cü ildə bağlanıb və rəsmi diplomatik münasibətlər qurulmayıb. Bu qərar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi fonunda qəbul edilmişdi. Sonrakı illərdə münasibətlərin normallaşdırılması üçün cəhdlər olsa da (məsələn, 2009-cu il Sürix protokolları), proses davamlı siyasi iradəyə çevrilmədi. 2020-ci il müharibəsindən sonrakı dövrdə regional konfiqurasiya dəyişdi. 2022-ci ildən sonra isə tərəflər xüsusi nümayəndələr institutu vasitəsilə danışıqlara başladılar.

Mövcud situasiya “sərhədin açılması” kimi siyasi baxımdan yüklü terminologiyadan qaçaraq, iqtisadi-texniki əməkdaşlıq üzərindən etimad quruculuğuna hesablanıb. Ermənistan Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Bakı və İrəvan arasında ikitərəfli ticarət dövriyyəsi 336 milyon dolları ötüb. Bunun demək olar ki, hamısı Türkiyənin Ermənistana ixracının payına düşür. İxrac strukturunda maşın və mexaniki avadanlıqlar, dəmir-polad məhsulları, sənaye malları və tekstil üstünlük təşkil edir. Ermənistanın Türkiyəyə ixracı isə minimal səviyyədədir.

Mühüm detal ondan ibarətdir ki, bu ticarətin təxminən 40 faizi quru yolu ilə Gürcüstan üzərindən həyata keçirilir və formal olaraq “təkrar ixrac” kimi rəsmiləşdirilirdi. Yeni mexanizm tranzitin hüquqi statusunu dəyişməklə, xərcləri və bürokratik yükü azaldır. Bu isə, ilk növbədə, türk ixracatçılarının marağını və rəqabət qabiliyyətini artırır. 2025-ci il üçün ticarət dövriyyəsinin həcmi açıqlanmasa da, bu rəqəmin 400 milyon dollara yaxın olduğu ehtimal edilir. Burada əsas məsələ həcmin artımı deyil, asimmetrik strukturun dərinləşməsidir. Ermənistan bazarı Türkiyə məhsulları üçün açıq qalır, lakin Ermənistan istehsalçıları üçün Türkiyə bazarına çıxış real rəqabət qabiliyyəti tələb edir. Bu, qısa müddətdə Ermənistan üçün istehsal təzyiqi yaratsa da, perspektivdə struktur modernləşməni stimullaşdıra bilər.

Normallaşma prosesinin ABŞ-ın təşviq etdiyi regional sülh təşəbbüsləri fonunda sürətlənməsi diqqətəlayiqdir. Vaşinqton Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, regional inteqrasiyanı və Rusiya təsirinin balanslaşdırılmasını strateji prioritet kimi görür. Bu kontekstdə Türkiyə–Ermənistan xəttində yumşalma Azərbaycan–Ermənistan sülh gündəliyi ilə paralel şəkildə irəliləyir.

Burada diqqətçəkən məqam normallaşmanın “paket həlli” modelindən fərqli olaraq paralel və modul yanaşma ilə aparılmasıdır: Ankara İrəvanla münasibətləri Bakı ilə koordinasiya çərçivəsində, lakin tam asılılıq yaratmadan inkişaf etdirir. Bu isə Türkiyənin həm regional güc, həm də NATO üzvü kimi manevr imkanlarını genişləndirir.

Yeni mexanizm Gürcüstanın vasitəçi funksiyasını formal olaraq zəiflətmir, lakin onun “təkrar ixrac” üzərindən əldə etdiyi əlavə gəlir və nəzarət imkanlarını azaldır. Gürcüstan yenə tranzit ölkə olaraq qalır, lakin hüquqi-sənəd dövriyyəsindəki rol transformasiya olunur. Bu, Cənubi Qafqazda logistika marşrutlarının daha şəffaf və institusional əsaslara keçirilməsi deməkdir. Eyni zamanda, Türkiyənin Naxçıvan vasitəsilə Azərbaycanla quru bağlantısının genişlənməsi perspektivi və Zəngəzur dəhlizi (TRIPP) ətrafında aparılan müzakirələr fonunda Ermənistanın regional tranzit sisteminə inteqrasiyası daha geniş geoiqtisadi kontekst alır.

***

Ermənistanda parlament seçkilərinin yaxınlaşması normallaşma kursunun dayanıqlılığı məsələsini aktuallaşdırır. Baş nazir Nikol Paşinyanın komandası iqtisadi liberallaşmanı rasional seçim kimi təqdim edir. Lakin müxalif düşərgədə Türkiyə ilə yaxınlaşma tarixi və emosional arqumentlərlə tənqid olunur. Bu səbəbdən normallaşma prosesinin institusional təminatı siyasi dəyişikliklərdən asılılığı minimuma endirməlidir.

Türkiyə üçün əsas risk normallaşmanın Azərbaycanla koordinasiya balansını pozması ehtimalıdır. Ankara 2020-ci ildən sonra formalaşmış “bir millət, iki dövlət” siyasi xəttini strateji prioritet kimi saxlayır və Ermənistanla hər addımı Bakı ilə məsləhətləşmə çərçivəsində atdığını dəfələrlə bəyan edib. Azərbaycan üçün Türkiyə–Ermənistan normallaşması prinsipial olaraq mənfi hadisə deyil. Əksinə, regionda kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi Bakının uzunmüddətli strateji baxışına uyğundur. Azərbaycan 2020-ci ildən sonra regional əməkdaşlıq platforması – “3+3” formatı və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüslərini irəli sürüb. Bununla belə, Bakı üçün əsas şərt Ermənistanın ərazi bütövlüyü və suverenlik məsələlərində hüquqi öhdəliklərini tam yerinə yetirməsidir. Türkiyə–Ermənistan xəttində atılan addımlar Azərbaycan–Ermənistan sülh müqaviləsinin məntiqinə zidd olmamalıdır. Əks halda, regional balans pozula bilər.

Azərbaycan həm də nəzərə alır ki, Ermənistanın iqtisadi blokadadan çıxması və regional ticarətə inteqrasiyası uzunmüddətli perspektivdə revizionist siyasət üçün motivasiyanı azalda bilər. İqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik arxitekturasının qeyri-hərbi sütununu formalaşdırır. Bu baxımdan, Türkiyə–Ermənistan quru ticarəti, əgər paralel olaraq Bakı–İrəvan sülh gündəliyi ilə uzlaşdırılarsa, regionda sabitliyin dərinləşməsinə xidmət edə bilər.

Nəticə etibarilə, baş verən proseslər Cənubi Qafqazın postmünaqişə mərhələsində iqtisadi rasionalizmin siyasi ritorikanı tədricən əvəz etməsinin göstəricisidir. Prosesin davamlılığı isə yalnız iqtisadi fayda ilə deyil, tərəflərin hüquqi və siyasi öhdəliklərə sadiqliyi ilə müəyyən olunacaq.

Tacir SADIQOV
XQ

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr