Yaxud Mari Strazersin boynu Rubenin “səxavət qılıncı” altında
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycana qarşı həmişəki qərəzini yenidən işə salıb. Söhbət qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin açıqlamasından gedir. O açıqlamadan ki, bütövlükdə, təşkilatın mövqeyini əks etdirir.
Görəsən, xanım Strazers niyə indi bəyanat verir? Nə üçün haqqında söz açdığı 16 nəfərdən 15-i barədə hökm çıxarılanda dinmədi? Səbəb çox sadədir. O, Qarabağdakı keçmiş separatçı rejimdə qondarma “dövlət naziri” postunu tutmuş rusiyalı erməni əsilli milyarder Ruben Vardanyanın “səxavət qılıncının” altından keçib.
Beləliklə, M.Strazers deyib ki, 16 müttəhimin məhkum olunması və bunun kulminasiyası kimi R.Vardanyan barəsində çıxarılmış hökm, guya, ədalətsizdir. Niyə? Adam ortaya konkret arqument qoymur. Sən demə, Qarabağ ətrafında uzun illər davam etmiş münaqişənin həm Ermənistandakı, həm də Azərbaycandakı qurbanları ədalətə, reparasiyalara və faciənin təkrarlanmayacağına dair təminatlara layiq imişlər, amma Vardanyan və digər şəxslər haqqındakı hökm bu zərurəti qarşılamırmış. Göründüyü kimi, “Amnesty International” təmsilçisinin açıqlamasında cəfəngiyyat motivləri var. Amma bu, hələ son deyil. Xanım Strazers onu da bildirib ki, çoxsaylı, olduqca ağır cinayətlərdə ittiham olunan R.Vardanyan və digər müttəhimlərlə bağlı məhkəmə prosesləri faktiki olaraq qapalı keçirilib, iclaslar onların anlamadığı və adekvat şəkildə tərcümə edilməmiş dildə təqdim edilən sübutlara əsaslanıb. Halbuki, məsələ heç də belə deyil və bu məqama qayıdacağıq.
Xanım Strazersin sözlərinə görə, “Amnesty International” məhkəmə prosesi və sübutlarla bağlı Azərbaycan hakimiyyətindən məlumat tələb edib, lakin cavab almayıb. Başa düşmədik, yəni cavab olmalı idi? “Amnesty International” nə yaman ciddi qurumdur ki, Azərbaycan hakimiyyəti onun hansısa tələbini yerinə yetirsin? Digər tərəfdən, heç bir beynəlxalq təşkilatın və ya qurumun Azərbaycanın dövlət və cəmiyyət maraqlarını heçə sayan tələb irəli sürmək hüququ yoxdur.
Ən başlıcası, ortada separatçılıq faktı var. Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalıb. Həmin müddətdə bir milyona yaxın azərbaycanlı öz dədə-baba yurdlarından uzaq düşüb, didərgin həyatı yaşayıb, təcavüzün məşəqqətlərinə qatlaşmaq məcburiyyətində qalıb. Görəsən, o zaman “Amnesty International” harada idi? Nəyə görə bir dəfə də olsun, qurum bununla bağlı bəyanat və ya açıqlama yaymadı? Niyəsi məlumdur, çünki təşkilat hay maraqlarından çıxış edir, xaricdəki erməni lobbi və diaspor qurumlarının direktivləri ilə hərəkət edir.
Digər yandan, Azərbaycan öz qətiyyəti və iradəsi hesabına BMT-nin illərlə kağız üzərində qalmış qətnamələrini icra edib, işğala son qoyub, ərazi bütövlüyünü bərpa edib. Bu zaman Vardanyan qarışıq Qarabağdakı separatçı rejimdə yüksək “vəzifələr” tutmuş şəxsləri saxlayıb və məsuliyyətə cəlb edib. Görəsən, ölkəmiz onların başlarını sığallamalı idi? Əlbəttə ki, yox! O zaman xanım Strazersin demək istədiyi nədir? Məgər bir dövlətin ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək cinayət əməli deyil? Ancaq onun hazırkı bəyanatından belə çıxır ki, nə işğal olub, nə də separatçılıq?
Haşiyəyə çıxaq ki, “Amnesty International” 44 günlük müharibə zamanı, konkret olaraq, 2020-ci il noyabrın 1-də, yəni savaşın bitməsinə 10 gün qalmış bəyanat yayaraq bildirmişdi ki, Azərbaycanın Bərdə şəhərində yaşayış məhəllələrini atəşə tutan erməni silahlı qüvvələri kasetli döyüş sursatlarından istifadə edib. Xanım Strazers bilmirdimi ki, atəş Ermənistan ərazisindən yox, işğal altında olan Azərbaycan torpaqlarından açılmışdı? Sualımız ritorikdir, çünki o, hər şeyi yaxşı anlayırdı və indi də anlayır. Amma...
44 günlük müharibə vaxtı separatçı rejimin rəhbəri olmuş Arayik Arutyunyan özü efirə çıxaraq Gəncəni atəşə tutmaq əmrini verməsi ilə qürrələnmişdi. Bu məxluq ömürlük azadlıqdan məhrum edilməməli idi? Axı o zaman xanım Strazers belə bir fikir işlətmişdi: “Kasetli döyüş sursatları ilə mülki ərazilərə atəş açılması ağılsız və qəddar hərəkətdir. Bu, saysız-hesabsız ölüm, yaralanma və əzab-əziyyətə gətirib çıxarır. Kasetli döyüş sursatları, mahiyyət etibarilə, seçimsiz silahlardır və onlardan istifadə beynəlxalq humanitar hüquqa görə qadağandır”.
Bəli, xanım Strazersin diqqətə çatdırdığımız iqtibasdakı fikirləri Ermənistanın müharibə cinayətləri törətdiyinin təsdiqidir. Amma demək olmaz ki, “Amnesty International” bu mövqeyini ədalət naminə açıqlamışdı. Təşkilat, sadəcə, məcburiyyət qarşısında qalmışdı. Nəzərə alaq ki, 44 günlük müharibə dövründə Ermənistanın və onun himayəsi altında olan separatçı rejimin cinayətlərinin arealı yalnız Bərdə ilə məhdudlaşmamış, qurum çoxsaylı faktlardan təkcə birinə reaksiya vermişdi. İndi isə Strazers deyir ki, Azərbaycan, guya, insan hüquqları sahəsində öhdəliklərinə əməl etməli və cinayətlərdə ittiham olunan bütün şəxslərin beynəlxalq hüquqa və ədalətli məhkəmə araşdırması standartlarına tam uyğun şəkildə mühakimə olunmalarını təmin etməlidir.
Təkcə Strazers deyil, onun kimilərin hamısı bilməlidirlər ki, erməni əsilli şəxslər məhkəmə proseslərində tərcüməçilərlə təmin olunmuşdular. Ümumən, proses qanunvericiliyin və beynəlxalq hüququn prinsiplərinə tam uyğun şəraitdə keçirilmişdi. Bunun əksini iddia etmək, yumşaq desək, əclaflıqdır. Amma ötən illərin də təcrübəsi göstərir ki, əclaflıq “Amnesty International” və eyni kürsu götürən təşkilatlar üçün adi haldır, bir növ, normadır.
Sonda onu da bildirək ki, “Amnesty International”ın insan hüquq və azaqlıqları xüsusunda açıq spekulyasiya ilə məşğul olduğu hər kəsə yaxşı məlumdur. Bu qurum bəşəri dəyər və prinsipləri təmənna predmetinə çevirərək mövcudiyyətini davam etdirib və etdirməkdədir. Onun hazırda, belə demək mümkünsə, vardanyanşünaslığı da həmişəki “fəaliyyət” tərzindən qaynaqlanan saxta təəssübkeşlikdir. Tam aydındır ki, belə gedişlər, o cümlədən Azərbaycanın ədalət mühakiməsini şübhələndirməyə yönəlmiş bütün hərəkətlər mənasızdır.
Ölkəmiz dünya erməniliyinin və onların havadarlarının cinayətkarları azadlığa buraxmaq tələbləri qarşısında geri çəkilməyəcək, hər zaman olduğu kimi, təzyiq cəhdlərinə məhəl qoymaraq özünün haqq yolunda addımlayacaqdır. Haqq isə budur: Azərbaycan ərazilərində bəşəri cinayət törətmiş şəxslər layiq olduqları cəzalarını çəkməlidirlər. Onların sığınacağı yalnız bir ədalət var ki, o da ölkəmizin ədalətidir. Başqa qapılardan mədət ummaq qaranlıq otaqda qara pişik axtarmaq kimi bir şeydir. Yaxşı olar ki, strazerslər və onları ortaya atanlar bunu qulaqlarında sırğa etsinlər.
Ə.RÜSTƏMOV
XQ