İspaniya Nümayəndələr Konqresi ifrat sağçı “Vox” Partiyası tərəfindən təqdim olunan və ictimai məkanlarda burka və üzü tam örtən niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.
"Cebheinfo.az" xəbər verir ki, çərşənbə axşamı keçirilən səsvermədə təklif Xalq Partiyası (PP) və “Vox”-un dəstəyi ilə 170 “lehinə” səs toplasa da, 177 “əleyhinə” və bir bitərəf səslə geri qaytarılıb.
Səsvermədə açar rol oynayan separatçı Junts per Catalunya Partiyası oxşar qadağanı dəstəkləməsinə baxmayaraq, “Vox”-u “antikatalan və insan haqlarına zidd” adlandıraraq onun təşəbbüsünə səs verməyəcəyini bildirib.
Bunun əvəzində Junts Avropa standartlarına uyğun olduğunu iddia etdiyi öz qanun layihəsini Konqresə təqdim edib. Junts tərəfindən hazırlanan bir maddəlik qanun layihəsi ictimai məkanlarda burka və niqabın qadağan edilməsini nəzərdə tutur, lakin sağlamlıq və ya iş təhlükəsizliyi kimi zəruri hallarda üzün örtülməsini istisna edir.
Partiya tam üz örtüklərinin qadınları ictimai məkanda “görünməz edən vasitə” olduğunu və bunun bərabərlik prinsipi ilə uzlaşmadığını vurğulayıb. Layihədə xüsusi cərimə nəzərdə tutulmur; qadağaya əməl etməmək “itaətsizlik” pozuntusu çərçivəsində qiymətləndiriləcək.
Sənəd, həmçinin təhlükəsizlik və şəxsiyyətin müəyyənləşdirilməsi ilə bağlı dövlət səlahiyyətlərinin Kataloniya bölgəsinə verilməsini də əhatə edir. Parlamentdə məsələ ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Belə ki, qadağanı dəstəkləyən Xalq Partiyası (PP) sol partiyaları qadınları qorumamaqda ittiham edib və burkanı “parçadan həbsxana” adlandırıb.
“Vox” Juntsu “Kataloniyanın islamlaşmasına şərik olmaqda” və seçki hesabları aparmaqda günahlandırıb. İspan Sosialist İşçi Partiyası (PSOE) burkanı dəstəkləmədiklərini, lakin “fərqli olana qarşı nifrəti alovlandıran” heç bir təşəbbüsə səs verməyəcəklərini açıqlayıb.
Sol alyans Sumar və Podemos layihələri islamofob və ksenofob xarakterli adlandırıb. Bask Milliyetçi Partiyası (PNV) isə mövzunun mütəxəssislərlə birlikdə “sakit mühitdə” müzakirəsi üçün alt komissiya yaradılmasını təklif edib.
Digər tərəfdən, Balear Adaları Parlamenti iki həftə əvvəl mərkəzi hökumətə burkanın qadağan edilməsi ilə bağlı çağırışı dəstəkləyən qərar qəbul edib. Kataloniyada isə PP oxşar təşəbbüsü yerli parlamentə təqdim edəcəyini bildirib.