Bakı, 19 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropanın öz təhlükəsizliyi üçün məsuliyyəti məsələsini qaldıraraq onu “oyanmağa” məcbur edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin Avropa İttifaqındakı daimi nümayəndəsi Endryu Puzder bu barədə “Euronews” telekanalına müsahibəsində deyib. Diplomatın sözlərinə görə, Avropanı “oyadan” əsas məsələ NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ümumdaxili məhsullarının 5 faizinədək artırmasıdır.
Bir müddət öncə Münxen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-nin Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların özünü müdafiə edə bilməyən zəif müttəfiqlər istəmədiyini bildirmişdi.
Qeyd edək ki, 2025-ci ilin yayında Haaqada keçirilən NATO sammitində ittifaq üzvləri 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsullarının 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.