AZ

Rusiyada işləyən azərbaycanlıların sayında ciddi azalma müşahidə olunur EKSPRT RƏYİ

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müşahidə olunan azalmanı yalnız müharibə amili ilə izah etmək düzgün olmaz. Rusiya hökuməti son dövrlər miqrantlara münasibətdə daha sərt siyasət həyata keçirir

2025-ci ildə Rusiyanın köçürülmə proqramı çərçivəsində qeydə alınan statistika son 15 ilin ən aşağı göstəricisini ortaya qoyub. Ümumilikdə 26,7 min nəfərin Rusiyaya köç etdiyi bildirilir. Azərbaycan üzrə göstəricilər də diqqət çəkir.

Rəsmi məlumatlarda ölkəmiz ayrıca göstərilməsə də, “digər dövlətlər” kateqoriyasında yer alır. Təxmini hesablamalara görə, 2025-ci ildə Rusiyaya köçən Azərbaycan vətəndaşlarının sayı 2,3-2,5 min nəfər civarındadır. Müqayisə üçün qeyd edək ki, 2005-2010-cu illərdə bu rəqəm illik 5-6 min nəfər səviyyəsində idi. Yəni son 15 ildə Rusiyaya köç edən azərbaycanlıların sayı təxminən iki dəfə azalıb. Son illər Rusiyada miqrasiya prosedurlarının mürəkkəbləşməsi, leqalizasiya tələblərinin sərtləşdirilməsi və sosial adaptasiya problemləri, proqramın cəlbediciliyini xeyli zəiflədib. Bəs, Rusiyanın miqrantlara qarşı sərt mövqe sərgiləməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə əlaqədar “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayında, ciddi azalma müşahidə olunur:

“Bu tendensiya bir neçə amilin təsiri ilə formalaşır. Əvvəla bu dinamika Rusiyadan Azərbaycana yönələn pul köçürmələrinin həcmində də özünü göstərir. 2022-ci il 24 fevral tarixindən başlayan Rusiya-Ukrayna müharibəsi ölkənin ictimai-siyasi və sosial-iqtisadi mühitinə ciddi təsir göstərdi. Müharibə fonunda tətbiq edilən beynəlxalq iqtisadi sanksiyalar, bir çox müəssisələrin fəaliyyətinin məhdudlaşmasına, hətta bəzilərinin, tamamilə dayanmasına səbəb oldu. Bu da birbaşa olaraq əməkçi miqrantlara təsir göstərdi. Lakin müşahidə olunan azalmanı yalnız müharibə amili ilə izah etmək düzgün olmaz. Rusiya hökuməti son dövrlər miqrantlara münasibətdə daha sərt siyasət həyata keçirir. Demək olar ki, hər həftə ölkənin qanunvericilik sistemində yeni məhdudiyyətlərin qüvvəyə minməsi ilə bağlı məlumatlar yayılır”. 

Deputatın sözlərinə görə, preventiv tədbir kimi təqdim olunan qaydalar, praktikada elə tətbiq olunur ki, qanuni əsaslarla yaşayan şəxslər belə, qanunsuz miqrantlarla eyni məhdudiyyətlərlə üzləşir:

“Bundan əlavə, federasiya subyektləri səviyyəsində, miqrantlarla bağlı ayrıca normativ-hüquqi aktların qəbulu prosesi sürətlənib. Xüsusilə əməkçi miqrantların fəaliyyət göstərə biləcəyi sahələrin məhdudlaşdırılması, ailə üzvlərinin ölkəyə gətirilməsi üçün əlavə tələblərin müəyyən edilməsi, eləcə də miqrant ailələrin uşaqlarının məktəblərə qəbulunda problemlərin yarandığı bildirilir. Xüsusilə də, rus dilini bilməyən azərbaycanlı uşaqların ibtidai siniflərə götürülməsi, birmənalı şəkildə qadağan olunur. Eyni zamanda, Yekaterinburq və digər iri şəhərlərdə diaspor fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı baş verən hadisələr, miqrant icmalarının, o cümlədən azərbaycanlıların, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olduğunu göstərir. Bir sözlə, Rusiyada miqrantlara qarşı münasibət birmənalı deyil”. 

A. Allahverənov bildirib ki, Rusiyanın miqrantlara qarşı sərtləşən siyasəti bir sıra dövlətlər tərəfindən prinsipial mövqe ilə qarşılanır: 

“Son zamanlar, bəzi, Orta Asiya dövlətlərinin diplomatik kanallar vasitəsilə Rusiyaya etiraz notaları təqdim etməsi, mövcud vəziyyətin regional miqyasda narahatlıq doğurduğunu göstərir. Həmin müraciətlərdə vətəndaşlara qarşı sərt davranış hallarının insan hüquqlarının fundamental prinsipləri ilə ziddiyyət təşkil etdiyi vurğulanır. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, hazırda miqrasiya məsələsi, Rusiya üçün prioritet istiqamətlərdən biridir. Dövlət miqrasiya proseslərini iqtisadi maraqlarına uyğun şəkildə yenidən tənzimləməyə çalışır. Nəticə etibarilə normativ tələblərin sərtləşdirilməsinə üstünlük verilir”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
sherg.az

1Mənbələr