AZ

ZALUJNININ ZELENSKİYƏ QARŞI “QARANLIQ OYUNU” Generalı Prezidentə təzyiq alətinə çevirirlər?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının “Associated Press”-ə yeni müsahibəsi böyük səs-küyə səbəb olub.

“AzPolitika” xəbər verir ki, Zalujnı ilk dəfə Prezident Volodimir Zelenski ilə qarşıdurma yaşamasından danışıb.

General, 2022-ci ildə Zelenski ilə tez-tez toqquşduğunu söyləyib. Onun dediyinə görə, məhz Zelenski ilə fikir ayrılıqlarına və ziddiyyətli münasibətlərə görə, SBU onun onun ofisində axtarış aparmağa çalışıb. Zalujnının sözlərinə görə, axtarışlar 2022-ci ilin sentyabrında - Ukrayna Silahlı Qüvvələrinin şimal-şərqdəki əks-hücumu zamanı aparılıb.

O deyib ki, bundan öncə Zelenskinin qərargahında keçirilən gərgin görüşdən sonra ofisinə qayıdıb və bundan bir neçə saat sonra onlarla Ukrayna Təhlükəsizlik Xidməti zabiti onun ofisinə gəlib. Zalujnının sözlərinə görə, həmin vaxt ofisdə ondan çox Britaniya zabiti olub. General deyib ki, SBU nümayəndələri dəqiq nə axtardıqlarını ona deməyiblər və o, onların sənədlərə və kompüterlərə baxmasının qarşısını alıb. Hətta o vaxtkı Prezident Ofisi rəhbəri Andrey Yermaka zəng edərək, öz ofisini qorumaq üçün hərbçilərə əmr verə biləcəyini deyib.

Zalujnının dediyinə görə, "tez-tez Prezidentin hərbi strategiyasına etiraz edib" və Zelenski ilə "ölkəni necə müdafiə etmək barədə" fikir ayrılıqları yaşayıb.

Ən böyük mübahisə Ukrayna ordusunun 2023-cü ildəki əks-hücumu ilə bağlı olub. Zalujnı iddia edir ki, qüvvələrin geniş cəbhə xətti boyunca səpələnməsi səbəbindən bu hücum uğursuzluğa düçar olub. Onun dediyinə görə, Prezident və digər rəsmilər Ukrayna Silahlı Qüvvələrinə guya hücum üçün kifayət qədər vəsait ayırmayıblar.

Keçmiş baş komandan qeyd edib ki, ilkin plan qüvvələri bir böyük yumruq kimi toplayıb, Zaporojye vilayətini azad etmək və Azov dənizinə çatmaq olub. Lakin Ukrayna ordusunun qüvvələri geniş əraziyə səpələndiyindən buna resursları çatmayıb. Hansı ki, həmin vaxt hücumun təşkil edildiyi ərazi həddindən artıq sıx minalandığı və Rusiyanın bu istiqamətdə böyük qüvvə toplaması, eləcə də digər hərbi səbəblərdən əks-hücum uğursuz olmuşdu.

Xatırladaq ki, 2024-cü ilin fevral ayının əvvəlində Zelenski Zalujnını vəzifəsindən azad etdi və ona “Ukrayna Qəhrəmanı” adı verdi. Zalujnı daha sonra Ukraynanın Britaniyadakı səfiri təyin edildi. Bəzi siyasi analitiklər bunu o vaxtkı Baş komandanın Prezidentə siyasi rəqib potensialını məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirdilər.

Lakin o da qeyd olunur ki, nə şəxsən Zelenski, nə də onun komandası Zalujnıya qarşı hər hansı siyasi kampaniya və açıqlamalarla çıxış etməyib. Əksinə, zaman-zaman Zalujnı müxtəlif nəşrlərə müsahibələr verərək, heç də hər zaman birmənalı qarşılanmayan açıqalmalar verib. Onun bu son müsahibəsi isə daha narahatedici və müharibə şəraitində yaşayan cəmiyyətin parçalanmasına, çaş-baş salınmasına yönələn addım kimi dəyərləndirilir.

Ən əsası isə əksər analitiklər bu müsahibənin və orada sələndirilən fikirlərin Rusiya və ABŞ ilə aparılan danışıqlar fonunda Zelenskiyə təzyiq vasitəsi kimi qiymətləndirirlər. Qeyd olunur ki, daha əvvəl danışıqların ən gərgin fazalarının birində Zelenskinin ofisinə qarşı korrupsiya ittihamları irəli sürülmüş, müxtəlif səs yazıları mətbuata ötürülmüşdü. Bu zaman şəxsən Zelenskiyə qarşı hər hansı ciddi fakt ortaya qoyulmadı, ancaq əvəzində Prezident öz ofisinin başçısı Andrey Yermakı və bəzi nazirləri istefaya göndərdi. Bu kampaniyanın özü də çoxları tərəfindən Zelenskiyə danışıqlarda güzəştə getməsi üçün təzyiq vasitəsi kimi dəyərləndirilmişdi.

İndi də eyni mərkəzlərdən həmin təzyiqin Zalujnı vasitəsilə həyata keçirildiyi barədə iddialar var. Zalujnının xalq arasındakı populyarlığı və Qərbdə də yaxşı tanınması nəzərə alınaraq, onun bu işdə alət kimi istifadə olunması ehtimalı mövcuddur. Bu isə ağır müharibə şəraitində yaşayan və birliyə ehtiyacı olan Ukraytna xalqı, cəmiyyəti, ordusu üçün olduqca təhlükəli tendensiyadır…

Bəli, Zalujnı mümkün prezident seçkilərində Zelenskinin əsas potensial rəqibi kimi qəbul edilir. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yanvar ayında keçirdiyi sorğulara görə, respondentlərin 72%-i ona etibar edir, 21%-i isə ona inanmır. Zelenskinin göstəricisi daha zəifdir: 62% və 34%. Lakin Zalujnı üçün bu üstünlüyü gələcək seçkidə reallaşdırmaq asan olmayacaq. Ona qarşı da istifadə edilə biləcək xeyli arqumentlər var. Məsələn, tam sağlam olmasına baxmayaraq, ordudan öz razılığı və istəyilə rəsmən “yararsız” adı altında tərxis edilməsi, yaxud müharibənin ən qızğın vaxtında necə vaxt tapıb dissertasiya müdafiə etməsi və s. buna bənzər suallar var…

Doğrudur, ukraynalılar bir prezidenti 5 ildən artıq vəzifədə görməyə öyrəşməyiblər, Zelenski isə 7 ildir bu postdadır. Lakin bu o demək deyil ki, mümkün seçkidə onu yenmək asan olacaq. Xüsusilə də Zelenskinin xidmətləri, hələ də populyarlığını saxlaması, Zalujnının isə siyasi səriştəsizliyi fonunda…

Ən əsası isə Zalujnı dəfələrlə, həmçinin də bu müsahibəsində müharibənin davam etdiyi bir vaxtda ukraynalıları bölməmək üçün siyasətdən uzaq durduğunu deyib. Lakin son müsahibəsində faktiki olaraq, bunun əksini edib. Onun Zelenski ilə kəskin fikir ayrılıqları barədə verdiyi açıqlama, hətta özü Baş komandan olmasına baxmayaraq, əks-hücumun uğursuzluğuna görə nədənsə Prezidenti qınaması məhz siyasi addım və fəaliyyət kimi görünür. Bu isə generalın müharibə bitənə qədər siyasətə qarışmamaq barədə öz sözünü tutmaması deməkdir.

Bütün bunlar Zalujnının danışıqlarda seçki mövzusunun aktuallaşmasından çıxış edərək, prezident seçkilərinə açıq hazırlıqlara başlaması təəssüratı yaradır. Lakin məsələ ondadır ki, nə sülh, nə də atəşkəsdən hələ əsər-əlamət yoxdur. Danışıqalrda işıq ucu görünmür. Putin hətta seçki üçün lazım olan ən azı 60 günün əvəzinə Ukraynaya yalnız bir günlük atəşkəs vəd edir və bununla bir növ qarşı tərəfi ələ salır…

Odur ki, bütün bunlar Zalujnının timsalında çayı keçməmiş “hop” deməyə bənzəyir. Bu “falstart” isə təkcə bütünlükdə Ukraynanın deyil, onun özünün gələcək siyasi karyerasının əleyhinə işləyə bilər…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
azpolitika.info

1Mənbələr