AZ

Ramazan ayında yas yerlərində ehsan necə olmalıdır? – Ekspertdən ÖNƏMLİ AÇIQLAMA

Ramazan ayı müsəlmanlar üçün təkcə oruc tutmaq deyil, həm də mənəvi saflaşma, səbir, mərhəmət və qarşılıqlı anlayış dövrüdür. Bu ayda insanların davranışları, münasibətləri və adət-ənənələri daha həssas çərçivəyə düşür. Xüsusilə də yas mərasimləri zamanı yaranan suallar cəmiyyətdə tez-tez müzakirə olunur.

İnsanlar bir tərəfdən dünyasını dəyişən yaxınlarının xatirəsinə hörmət etmək, digər tərəfdən isə Ramazanın ruhuna uyğun davranmaq istəyirlər.

Bu zaman əsas sual belə yaranır: yas yerlərində Ramazan ayında ehsan süfrələri necə olmalıdır? Uzaq yoldan gələn qonaqlara çay verilməlidirmi, yoxsa “orucluqdur” deyib ümumiyyətlə heç nə təqdim olunmamalıdır?

Əslində bu məsələ təkcə dini qaydalarla deyil, həm də ictimai məsuliyyət, mədəniyyət və vicdan məsələsi ilə bağlıdır. Bəzən yas evlərində insanlar özlərini borclu kimi hiss edir, qonaqlara mütləq süfrə açmağa çalışır, imkanlarını aşan xərclərə girirlər. Digər tərəfdən isə Ramazan ayında gündüz vaxtı yemək-içməyin uyğun olmadığını düşünənlər hər cür süfrədən imtina edirlər. Bu iki yanaşma arasında balans tapmaq isə çox vaxt çətin olur.

Tural İrfan

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan dini ekspert Tural İrfan bildirib ki, İslam dinində yas mərasimlərinin əsas məqsədi mərhumun xatirəsini yad etmək, ailəsinə təsəlli vermək və onların dərdinə şərik olmaqdır:

“Yas süfrələri nümayiş, rəqabət və ya insanların gözündə “ayıb olar” düşüncəsi ilə təşkil edilməməlidir. Ramazan ayında isə bu prinsip daha da ön plana çıxır. Çünki bu ayın əsas ruhu sadəlik, təvazökarlıq və israfdan uzaq olmaqdır.

Oruc tutan insanların olduğu bir mühitdə geniş yemək süfrələri açmaq düzgün deyil və tövsiyə olunmur. Bu, həm oruc tutanlara hörmətsizlik kimi başa düşülə bilər, həm də Ramazanın mənəvi ab-havasına uyğun gəlmir.

Ona görə də gündüz saatlarında yas evlərində təmtəraqlı ehsan verilməsi dini baxımdan məqsədəuyğun sayılmır.

Bununla belə, uzaq yoldan gələn, səfərdə olan, xəstəlik səbəbilə oruc tuta bilməyən və ya yaşlı qonaqlar ola bilər. Belə hallarda onlara hörmət və qayğı göstərmək üçün sadə çay, su və ya yüngül ikram təqdim etmək qəbahət deyil.

Bu, nə orucun mahiyyətinə ziddir, nə də dini baxımdan qadağandır. Əsas şərt bunun nümayişə çevrilməməsi və israfa yol verilməməsidir”.

Ekspert əlavə edib ki, yas sahibləri özlərini məcbur hiss etməməlidir:

“İslamda mərhumun ailəsinin üzərinə əlavə yük qoymaq, onları maddi və psixoloji cəhətdən sıxıntıya salmaq düzgün deyil.

Əksinə, yaxınlar və qonşular yas sahibinə dəstək olmalı, lazım gələrsə, iftar vaxtı üçün sadə yeməklər təşkil etməli, onların yükünü azaltmalıdırlar.

Ən gözəl yanaşma Ramazan ayında yas mərasimlərini sadə, sakit və dua yönümlü şəkildə keçirməkdir. İnsanlar mərhum üçün Quran oxumalı, dua etməli, ailəsinə mənəvi dəstək göstərməlidirlər.

Süfrə məsələsi isə əsas mövzuya çevrilməməlidir. Axşam iftar vaxtı yaxın qohumlar və qonaqlar üçün çox sadə bir süfrə açılması mümkündür, lakin bu da imkan daxilində və təvazökar formada olmalıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
69
nocomment.az

1Mənbələr