ABŞ rəsmiləri “Zorro” rançosu yaxınlığında dəfn edildiyi iddia olunan qızlarla bağlı məlumatları araşdırmağa başlayıb...
ABŞ-nin Nyu-Meksiko ştatının hakimiyyət orqanları maliyyəçi Jeffrey Epsteinə məxsus olmuş “Zorro” rançosu yaxınlığında mümkün gizli məzarlıqlarla bağlı məlumatları araşdırmağa başlayır.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn işi üzrə sənədlərdə maliyyəçinin iki xarici qızın cəsədinin Nyu-Meksikodakı ranço yaxınlığındakı təpələrdə gizli şəkildə dəfn olunması barədə göstəriş verdiyi iddia olunur. Sənədlərdə qeyd edilir ki, qızların “kobud fetiş xarakterli cinsi zorakılıq zamanı boğularaq öldüyü” ehtimal edilir.
Fevralın 18-də ştatın nümayəndələr palatasının üzvü Andrea Romero bildirib ki, yerli qanunvericilər Epşteynə məxsus olmuş “Zorro” rançosuna rəsmi giriş əldə etmək üçün federal və ştat qurumları qarşısında məsələ qaldırıblar. Onun sözlərinə görə, əraziyə giriş mümkün iddiaların obyektiv araşdırılması və faktların yoxlanılması üçün vacibdir.
Mövzu beynəlxalq diqqət də çəkib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova məsələ ilə bağlı ironik açıqlama verərək, ABŞ orqanlarının rançoya giriş məsələsində nə qədər operativ davranacağını sual edib. O bildirib ki, ABŞ qurumları “zəruri hesab etdikdə bir gün ərzində istənilən obyektə daxil ola bilir, lakin istəmədikdə əraziyə yaxınlaşmağa belə icazə verilmir və hətta silah tətbiqi ilə hədələnə bilər”.
Ekspertlər qeyd edirlər ki, əgər iddialar təsdiqini taparsa, bu, artıq geniş rezonans doğurmuş Epşteyn işi üzrə yeni və daha ağır hüquqi və ictimai nəticələrə səbəb ola bilər. ABŞ-də uzun müddətdir Epşteynin fəaliyyəti, onun mümkün əlaqələri və cinayət şəbəkəsinin miqyası ilə bağlı araşdırmalar ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.
Poliqon.info