AZ

"Bu halda magistratura üzrə keçid balları artacaq" - Ekspert açıqladı

Magistratura imtahanlarının birinci cəhdi uğurla baş tutub və minlərlə namizəd bilik və bacarıqlarını nümayiş etdirib. İmtahan, tələbələrin akademik səviyyəsini qiymətləndirmək və onları növbəti mərhələyə hazırlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Bəs imtahanın nəticələri bu il magistraturaya keçid ballarının formalaşmasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Missiya.Az-a danışan təhsil eksperti Elmin Əfəndi bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən birinci cəhd imtahanı keçirilib:

"Məlum olub ki, əsasən texniki və iqtisadi ixtisaslardan gələn bakalavrlar nəticələr baxımından daha yüksək göstəricilərə sahibdirlər. Bu il imtahanda iştirakçıların sayı da çox olub — 22 871 bakalavr imtahana qeydiyyatdan keçib ki, bu da gərgin rəqabət deməkdir. Düzdür, qeydiyyatdan keçmiş bakalavrlardan 500-dən çoxu imtahan prosesində iştirak etməyib, 2 nəfər isə ümumiyyətlə imtahan qaydalarını pozduqları üçün imtahandan xaric olunublar",- deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, ümumilikdə, birinci cəhdin nəticələri ötən il ilə müqayisədə yaxşı hesab edilə bilər:

"Düzdür, əsasən humanitar yönümlü ixtisaslardan gələn bakalavrların nəticələrində bəzi problemlər müşahidə olunub. Bunun səbəbi məntiq fənnində riyazi məntiq suallarının daha çox olmasıdır. Amma digər istiqamətlər üzrə nəticələr qənaətbəxşdir. Əgər ikinci cəhd imtahanında da bakalavrlar nəticələrini bir qədər yaxşılaşdırarlarsa, xüsusilə humanitar yönümlü ixtisaslarda bu il formalaşacaq keçid ballarına təsir göstərəcək. Bunu bütün ixtisaslara şamil etmək olmaz, amma daha prestijli ixtisaslarda müşahidə etmək mümkündür",-deyə Elçin Əfəndi əlavə edib.

Seyranə  Quliyeva Missiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr