AZ

Avro qlobal maliyyə rəqabətində Avropanın əsas iqtisadi alətinə çevrilir

Buxarest, 19 fevral, AZƏRTAC

Qlobal maliyyə sistemində artan geosiyasi və iqtisadi rəqabət fonunda avronun rolu daha da güclənir.

AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatında dərc olunan təhlilə görə, avro artıq təkcə Avropa İttifaqının ortaq valyutası deyil, həm də beynəlxalq maliyyə münasibətlərində mühüm strateji alətə çevrilməkdədir.

Təhlildə qeyd olunur ki, Avropa Mərkəzi Bankının son pul siyasəti qərarları, xüsusilə faiz dərəcələri və likvidlik mexanizmləri ilə bağlı addımları avronun beynəlxalq mövqeyini möhkəmləndirir. Bu qərarlar inflyasiya ilə mübarizə və maliyyə sabitliyinin qorunması məqsədi daşısa da, eyni zamanda, avronun qlobal valyuta bazarlarında təsir imkanlarını artırır.

Analitiklər bildirirlər ki, dünya miqyasında pul rəqabətinin dərinləşdiyi bir dövrdə böyük iqtisadi mərkəzlər öz valyutalarını təsir aləti kimi istifadə etməyə çalışırlar. Bu kontekstdə avro beynəlxalq ticarətdə, dövlət borc alətlərində və mərkəzi bank ehtiyatlarında daha geniş yer tutur. Xüsusilə bəzi ölkələrin ehtiyat portfellərində avronun payının artması onun etibarlı rezerv valyuta kimi mövqeyini gücləndirir.

Ekspertlər hesab edirlər ki, avronun güclənməsi Avropa İttifaqının iqtisadi müstəqilliyi baxımından da əhəmiyyətlidir. Qlobal şoklara qarşı daha dayanıqlı maliyyə sistemi qurmaq və xarici təsirlərdən asılılığı azaltmaq üçün ortaq valyutanın rolu strateji səviyyədə qiymətləndirilir. Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, avronun beynəlxalq təsir imkanlarının artması paralel olaraq məsuliyyəti də yüksəldir. Maliyyə sabitliyinin qorunması, borc intizamının gücləndirilməsi və vahid iqtisadi siyasətin koordinasiyası bu prosesin davamlılığı üçün əsas şərtlərdən hesab olunur.

Qeyd edək ki, hazırkı qlobal iqtisadi şəraitdə valyutalar arasında rəqabət yalnız maliyyə məsələsi deyil, həm də geosiyasi təsir vasitəsinə çevrilib və bu kontekstdə avronun rolu getdikcə daha çox diqqət mərkəzinə çıxır.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
83
1
azertag.az

2Mənbələr