AZ

Fərhad Məmmədov: C6 formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında institusional körpü yaradır

Bakı, 19 fevral, AZƏRTAC

C6 Məsləhət Şurası özünəməxsus və unikal regional platformadır. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə geniş ikitərəfli münasibətlərə malikdir. Lakin C6 formatı bu əlaqələri daha geniş coğrafi çərçivəyə çıxararaq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında institusional körpü yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

O qeyd edib ki, regionda baş verən proseslər, planlaşdırılan layihələr bu format çərçivəsində birgə müzakirə olunur və heç bir ölkə kənarda qalmır. Xüsusilə bir neçə Mərkəzi Asiya ölkəsini əhatə edən enerji, internet, yaşıl enerji və digər strateji layihələrin C6 platformasında müzakirəsi həmin təşəbbüslərin gələcəkdə daha geniş iştirakla həyata keçirilməsinə imkan yaradır. Hazırda əsas strateji istiqamət Orta Dəhlizdir. Orta Dəhliz yalnız dəmir yolu layihəsi deyil, eyni zamanda, liman infrastrukturu, logistika imkanları, bürokratik və inzibati maneələrin aradan qaldırılması, marşrutların rəqəmsallaşdırılması, fiber-optik internet kabellərinin çəkilməsi və yaşıl enerji ixracının təmin olunmasını əhatə edən kompleks layihədir.

Fərhad Məmmədovun sözlərinə görə, gələcək mərhələdə Mərkəzi Asiyanın ənənəvi enerji ehtiyatlarının Cənubi Qafqaz vasitəsilə nəqli də nəzərdə tutulur. Bu prosesdə Xəzər dənizi infrastrukturu mühüm rol oynayır. Direktor qeyd edib ki, Şərqdən Qərbə və Qərbdən Şərqə uzanan təşəbbüslər Çin, Avropa İttifaqı və ABŞ də daxil olmaqla bir sıra qlobal aktorların maraq dairəsindədir. Bu baxımdan C6 formatı çərçivəsində əldə olunan nailiyyətlər region ölkələrinin öz imkanlarını daha səmərəli şəkildə reallaşdırmasına, rəqabət qabiliyyətinin artırılmasına və birgə strateji mövqelərin formalaşdırılmasına xidmət edir.

“C6 artıq, sadəcə dialoq platforması deyil, eyni zamanda, real regional əməkdaşlıq mexanizminə çevrilməkdədir. Bu format Azərbaycanın regiondakı təşəbbüskar rolunu daha da gücləndirir”, - deyə direktor vurğulayıb.

Seçilən
88
1
azertag.az

2Mənbələr