Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı fətva verərək bu il Azərbaycanda fitrə zəkatının məbləğini adambaşına 10–15 manat civarında müəyyənləşdirib. Qərar ictimaiyyət arasında müzakirələrə səbəb olub. Bəs fitrə kimlərə düşür və kimlər verməlidir? Adambaşına 10-15 manat fitrə zəkatının təyin edilməsi düzgündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, fitrə zəkatının məbləği şəriətə görə müxtəlif ərzaq məhsullarının qiyməti əsasında hesablana bilər.

Onun sözlərinə görə, hesablamalar zamanı məhsulların həm aşağı, həm də orta qiymətləri nəzərə alınmalıdır:
“Fitrə hər hansı məhsula əsasən müəyyən edilir. Məsələn, xurmanın aşağı və daha yüksək qiymətləri var. Daha düzgün olardı ki, dini qurum şəriətə uyğun şəkildə ən aşağı qiyməti də ayrıca göstərsin. Hazırda açıqlanan məbləğ yüksək qiymətə əsaslanıb və bu rəqəm mütləq məbləğ kimi təqdim edilməməlidir.”
İlahiyyatçı qeyd edib ki, fitrə zəkatının məbləği bəzi hallarda daha aşağı- təxminən 1 manat 50 qəpikdən başlayaraq 2–3 manat civarında da ola bilər. Yalnız bir qiymətin müəyyənləşdirilməsi şəriətin yanaşmasına tam uyğun sayılmır.
Fazil Əhməd vurğulayıb ki, fitrə zəkatı maddi imkanı zəif olan insanlara verilməlidir:
“Fitrə aylıq və ya illik gəliri ailəsinin əsas ehtiyaclarını qarşılamağa kifayət etməyən şəxslərə verilir. Fəqir o insandır ki, qazancı ailəsini dolandırmağa yetmir.
Fitrə zəkatı Ramazan ayının sonunda verilən vacib sədəqə sayılır və onun əsas məqsədi ehtiyacı olan insanların da bayram sevincini yaşamasına dəstək olmaqdır.”
Aynurə İsmayıl
KONKRET.az