AZ

Britaniyada polis şahzadə Endryunun evlərində axtarışlara başlayıb

Kral III Çarlzın qardaşı Epşteyn işi fonunda saxlanılıb və onun evlərində istintaq tədbirləri aparılır...

Böyük Britaniya polisi ABŞ maliyyəçisi Jeffrey Epstein ilə əlaqələr qalmaqalı fonunda kral III Çarlzın qardaşı şahzadə Endyunun yaşadığı bütün ünvanlarda axtarışlara başlayıb.

Poliqon xəbər verir ki, bu barədə People jurnalı məlumat yayıb.

Məlumata görə, daha əvvəl saxlanılan sabiq şahzadənin yaşayış yerlərində fevralın 19-u səhər saatlarından etibarən istintaq tədbirləri həyata keçirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları Norfolk qraflığının Sandringham ərazisində yerləşən evə baxış keçiriblər. Şahzadə Endryu kral titullarından məhrum edildikdən sonra əsasən burada yaşayırdı. Bundan əlavə, Berkşir qraflığındakı digər rezidensiyada da axtarış aparılıb.

Thames Valley Police tərəfindən yayılan rəsmi açıqlamada bildirilib ki, “təxminən 60 yaşlarında olan Norfolk sakini dövlət xidmətində qeyri-münasib davranış şübhəsi ilə saxlanılıb və Norfolk və Berkşir ünvanlarında axtarışlar həyata keçirilir”.

Hadisə ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə genişmiqyaslı sənədləri açıqlamasından sonra baş verib. Yanvarın 30-da qurum iş materiallarının 3 milyondan çox səhifəsini ictimaiyyətə təqdim edib, fevralın 15-də isə sənədlərin dərc prosesi tamamlanıb.

ABŞ baş prokuroru bildirib ki, sənədlərdə adı keçən təxminən 300 tanınmış şəxs müəyyən edilib. Onların sırasında Donald Trump, Barack Obama, Bill Clinton, Bill Gates, Elon Musk, Kurt Cobain və Kim Kardashian kimi ictimai fiqurların adları da yer alıb. Bununla belə, nazirlik vurğulayıb ki, siyahıda adın çəkilməsi həmin şəxslərə qarşı ittiham irəli sürüldüyü və ya qanunsuz fəaliyyətin sübuta yetirildiyi anlamına gəlmir.

Analitiklərin fikrincə, şahzadə Endryu ilə bağlı istintaq Böyük Britaniya monarxiyası üçün reputasiya baxımından həssas məsələ olaraq qalır və işin gedişi ölkədə ciddi ictimai və siyasi rezonans doğura bilər.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr