AZ

“Kommunal xidmətlərə tətbiq olunan limit gündəlik yaşayış tərzinə təsir göstərir“ - SOSİOLOQ DANIŞDI

“Son illərdə kommunal xidmətlər sahəsində tətbiq olunan limit mexanizmləri əhalinin sosial davranışına və gündəlik yaşayış tərzinə birbaşa təsir göstərmişdir”.

Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.

Onun sözlərinə görə, elektrik enerjisi və təbii qaz istehlakı üzrə limitlərin artırılması aztəminatlı ailələr üçün uzunmüddətli adaptasiya prosesini zəruri etmişdir:

”Hazırda su istehlakı ilə bağlı oxşar müzakirələrin gündəmə gəlməsi bu sosial qrupların yenidən uyğunlaşma mərhələsinə daxil olacağı ehtimalını gücləndirir.

Elektrik enerjisi və təbii qazdan fərqli olaraq, su resursu ilin bütün fəsillərində fasiləsiz və intensiv şəkildə istifadə olunan əsas yaşayış tələbatıdır. Bu səbəbdən suya limit qoyulması və ya mövcud limitlərin artırılması xüsusilə aztəminatlı və çoxuşaqlı ailələrin gündəlik həyatında əlavə çətinliklər yarada bilər. Belə bir şəraitdə ailə üzvləri su istifadəsini daim nəzarətdə saxlamaq, limiti aşmamaq və əlavə maliyyə yükündən yayınmaq məcburiyyəti ilə üzləşirlər ki, bu da sosial-psixoloji gərginliyi artıran amillərdən biridir.

Bununla yanaşı, elektrik enerjisi, təbii qaz və su kimi strateji resurslara limit tətbiqi onların qorunması və səmərəli istifadəsi baxımından rasional mexanizm kimi qiymətləndirilə bilər. Resurslardan qənaətlə və məqsədyönlü istifadə edilməsi uzunmüddətli dayanıqlığın təmin olunmasına xidmət edir, əks halda israfçılıq gələcəkdə ciddi sosial-iqtisadi problemlərə yol aça bilər. Bu mənada limitlərin tətbiqi ekoloji və iqtisadi baxımdan əsaslandırıla bilən addım hesab olunur.

Lakin resursların idarə olunmasında sosial ədalət prinsipinin gözlənilməsi həlledici əhəmiyyət daşıyır. Xüsusilə su istehlakına dair limitlərin müəyyənləşdirilməsi zamanı ailələrin sosial vəziyyəti və ailə üzvlərinin sayı əsas meyarlar sırasında yer almalıdır. Məsələn, iki-üç nəfərlik ailə ilə altı-yeddi nəfərdən ibarət, azyaşlı uşaqların yaşadığı ailənin suya olan gündəlik tələbatı eyni ola bilməz. Çoxsaylı ailələrdə sanitariya və gigiyena normalarına əməl etmək üçün daha çox su sərfiyyatı qaçılmazdır.

Elektrik enerjisi və qaz istehlakında ailə üzvlərinin sayının təsiri nisbətən zəif hiss oluna bilər, çünki istilik sistemi və ya işıqlandırma vasitələri evdə yaşayan insanların sayından asılı olmayaraq eyni prinsip əsasında işləyir. Su istehlakı isə birbaşa fərdi və gündəlik ehtiyaclarla bağlıdır və ailə sayı artdıqca sərfiyyat da proporsional şəkildə yüksəlir.

Bu baxımdan limitlərin mərhələli və sosial qruplara uyğun diferensial şəkildə tətbiqi daha məqsədəuyğun yanaşma kimi dəyərləndirilə bilər: yüksək limitlərin sahibkarlıq subyektlərinə, orta limitlərin ümumi əhaliyə, daha aşağı və güzəştli limitlərin isə aztəminatlı və çoxuşaqlı ailələrə şamil olunması sosial balansın qorunmasına xidmət edə bilər. Belə bir model həm sosial ədaləti təmin edər, həm də əhalinin yeni qaydalara tədricən adaptasiyasına şərait yaradaraq mümkün sosial narazılıqların qarşısını ala bilə”.

Müəllif: Günay Hacıyeva
Seçilən
28
1
sia.az

2Mənbələr