Türk-İslam dünyasının bir parçası olan Azərbaycan əsrlər boyu dünyanın elm və mədəniyyət xəzinəsini daha da zənginləşdirən bir çox nadir istedad sahibi olan tarixi şəxsiyyətlər yetirmişdir. Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani kimi dühalarla yanaşı səslənən belə nadir istedad sahiblərindən birisi də Orta əsr Azərbaycan intibahının parlaq nümayəndəsi olan memar Əcəmi ibn Əbubəkr Naxçıvanidir. Onun parlaq zəkasının, fantaziyasının və elmi-fəlsəfi düşüncəsinin hüdudlarının nə dərəcədə əhatəli və dərin olduğunu anlamaq üçün heç də əsərlərinin tam külliyyatını deyil, elə nadir sənət inciləri olan Möminə Xatun türbəsi və Yusif Küseyir oğlu türbəsini göz önünə gətirmək kifayət edər. Əcəmi irsinin şah əsəri olan bu abidələri hər dəfə seyr etdikcə, onlardakı nizamın və dizaynın sehrinə daldıqca qeyri-ixtiyari olaraq o dahi insanın aşağıdakı mirsaları yada düşür:
Biz gedənik, ancaq qalır ruzigar,
Biz ölənik, əsər qalır yadigar.
Əcəmi Naxçıvani və onun zəngin irsi barədə çox yazılıb, həm də təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində və bir çox dillərində yazılıb. 2024-2025-ci illərdə onun anadan olmasının 900 illiyi UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunub. Onun memarlıq irsi uzun illərdir ki, araşdırılır, öyrənilir, ali məktəblərdə tədris olunur. Həm də öyrəndikcə, tədris olunduqca ona olan maraq da daha da artır. Elmi ictimaiyyət də, geniş oxucu kütləsi də milli qürurumuz olan bu tarixi şəxsiyyət və onun bənzərsiz irsi barədə daha çoxunu bilmək istəyir. Bax, həmin insanlara xoş bir müjdə var. Bu yaxınlarda “Elm və Təhsil” nəşriyyatı AMEA-nın müxbir üzvü, memarlıq doktoru, professor Cəfər Qiyasinin “Memar Əcəmi Naxçıvani” əsərini çapdan buraxıb. Xatırladaq ki, Beynəlxalq Türk Akademiyasının layihəsidir və layihə rəhbəri də Türk Akademiyası prezidenti, Azərbaycanın görkəmli şərqşünas alimi, akademik Şahin Mustafayevdir.
Layihə rəhbərinin giriş sözü ilə başlanan bu əsər üç bölmədən ibarətdir. Əsərin birinci bölməsi memar Əcəmi Naxçıvanini formalaşdıran mühit və qaynaqlara həsr olunub. Hansı ki, həmin bölmədə görkəmli tarixi şəxsiyyətləri yetirən mühit, bədii yaradıcılıqdakı dirçəliş, memarlıq sahəsindəki yüksəliş, ayrı-ayrı memarlıq məktəbləri, xüsusən də Naxçıvan bölgəsəl memarlıq mərkəzi barədə tam təfsilatı ilə məlumat verilir.
Əsərin ikinci bölümü Əcəmi Naxçıvaninin əsərləri barədədir. Müəllif bu bölümdə Ə.Naxçıvani yaradıcılığının parlaq nümunələri olan Yusif Küseyir oğlu türbəsi, Möminə Xatun türbəsi, Minarəli Baş Tağ, Qızıl Arslan məscidi və Atabəylər memarlıq ansamblı barədə oxucuları məlumatlandırır. Onların memarlıq kompozisiyası və konstruktiv həllindən bəhs olunur. Möminə Xatun türbəsinin və Yusif Küseyir oğlu türbəsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Ön Asiya coğrafiyası üçün qülləvari türbə tipinin ən kamil örnəkləri olduğu bildirilir. Əsərin üçüncü bölümündə isə Əcəmi Naçıvani irsinin yaradıcılıq özəllikləri barədə söhbət açılır, mühəndislik sənəti, memarlıq bəzəkləri və onların təsir arealı barədə söhbət açılır.
Əsəri daha da dəyərli edən haqqında bəhs olunan nadir memarlıq incilərimizin nəfis şəkildə təqdim olunmuş illüstrasiyalardır. Bəhs olunan əsərin diqqət çəkən məziyyətlərindən birisi də odur ki, müəllif təqdim etdiyi memarlıq abidələrinin formasını və üsulubunu sadəcə təsvir etməklə kifayətlənməyərək onların arxasındakı ideya, mənəvi simvolika və dünyagörüşünü də yaradıcı baxışla üzə çıxara bilmişdir. Təsəvvür edin, əsərdə 200-dən çox foto və qrafik iş yer alıb. Bütün bunlar isə sözün əsli mənasında memarlıq tariximizin görəkməli araşdırıcısı olan müəllifin uzun illər davam edən səmərəli axtarışlarının və fədakar əməyinin bariz göstəricisidir.
Mən bu qısa qeydlərimlə heç də memarlıq tariximizin görkəmli tədqiqatşısı olan professor Cəfər Qiyasinin yeni kitabını – “Memar Əcəmi Naxçıvani” əsərini geniş təhlil etmək fikrindən çox-çox uzağam. Mən sadəcə bu dəyərli əsəri geniş ictimaiyyətə təqdim etməyi özümə borc bilirəm.
Nəhayət, təqdim olunan əsərlə bağlı bu yığcam qeydləri kitabın layihə rəhbəri, Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayevin aşağıdakı fikiri ilə tamamlamaq istərdim: “Azərbaycan memarlıq irsimin tədqiqində müstəsna xidmətləri olan görkəmli alim, professor Cəfər Qiyasinin “Memar Əcəmi Naxçıvani” adlı əsəri, yalnız bir sənətkarın yaradıcılığının tədqiqi deyil, həm də Azərbaycan və bütövlükdə Türk-İslam mədəniyyətinin estetik və fəlsəfi dərinliyinin elmi təhlili baxımından əlamətdar hadisədir”. Başqa sözlə, professor, C.Qiyasinin “Memar Əcəmi Naxçıvani” əsəri bir şəxsin tərcümeyi-halı hüdudlarını aşaraq, bütövlükdə Azərbaycanın intibah dövrü mədəni mühitimi təsvir və təqdim edən son dərəcə dəyərli bir elmi əsər kimi səciyyələndirilə bilər.
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor