Bakı, 19 fevral, AZƏRTAC
Ötən illərin böhranlarından dərs çıxaran Avropa dövlətləri qışın ikinci yarısında havaların nisbətən sabitləşməsini müşahidə edən kimi qaz anbarlarını dolduraraq ehtiyatını artırmağa başlayıblar. Qaz ehtiyatı hər zaman bazardakı qiymətə təsir göstərir. Bu ilin əvvəllərində qışın sərt keçməsi anbarlarda saxlanılan qazın həcminin tez bir zamanda azalmasına səbəb oldu ki, bu da 100 kubmetr təbii qazın qiymətini 700 dollardan çox artırdı.
AZƏRTAC xəbər verir ki, qaz bazarında qiymətlərin sabit qalmasının səbəblərindən biri də maye qazın (LNG) nəqlində problem baş verməməsidir.
Dünya bazarına çıxarılan neftin 20 faizi Yaxın Şərq ölkələrindən (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İraq) nəql edilərək Hörmüz boğazından keçir. ABŞ-İran münasibətlərinin gərginliyi və bu fonda Körfəzin hərbiləşməsi neftin bazara nəqlində problemlər yaradır ki, bu da qiymət artımı ilə nəticələnib. Lakin istər təbii, istərsə də LNG-nin dünya bazarına çıxarılmasında nəqliyyat problemi müşahidə olunmur. LNG ABŞ-da Avropaya gəmilərlə rahat daşınır.
Niderland TTF habının məlumatına görə, yanvar ayında 1000 kubmetri 530 dollara satılan təbii qazın qiyməti hazırda 7 faiz azalaraq 400 dollardan aşağı düşüb.
Qeyd edək ki, yanvarın sonunda təbii qaz həm Amerikada, həm də Avropada soyuq havalar səbəbilə kəskin dəyər qazanmışdı. Avropada hər 1000 kubmetr təbii qazın qiyməti 630 dollara qədər bahalaşmışdı. Beləliklə, enerji bazarında qaz seqmentində qısamüddətli eniş müşahidə olunur. Qiymət dəyişməsi xüsusilə mövsümi tələb, ehtiyat səviyyəsi və qlobal LNG axınları ilə əlaqələndirilir.
ABŞ Enerji İnformasiyalarının Analizi İnstitutunun hesabatına görə, 2030-cu ilə kimi Yaxın Şərq ölkələrində qaz hasilatı 23 faiz artacaq.
“Wood Mackenzie” şirkətinin analitikləri hesab edir ki, 5 ildən sonra bu regionda qaz hasilatı 2 dəfə artaraq rekord həddə çatacaq. Əgər 2010-cu ildə bu regionda 470 milyard kubmetr qaz hasil edilirdisə 2030-cu ildə gündəlik 1 trilyon təbii qaz hasil edilərək bazara çıxarılacaq.