AZ

Marie Line Sakilia: Müstəmləkəçilik iqtisadiyyata, cəmiyyətin əsaslarına dağıdıcı təsir edib

"Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfrans çərçivəsində "Fransız assimilyasiya siyasəti kimliyi necə dəyişib" mövzusunda panel müzakirəsi keçirilib.

"Far.Az" xəbər verir ki, iştirakçılar Fransanın müstəmləkə siyasətinin Korsikaya, Yeni Kaledoniyaya, Reyunyona və digər ərazilərə təsirini müzakirə edərək, təhsil, iqtisadiyyat və sosial struktur sahələrində dağıdıcı nəticələrin sistemli xarakter daşıdığını vurğulayıblar.

Korsikanın "Nazione" partiyasının nümayəndəsi Fransua Benedetti Fransa müstəmləkəçiliyinin yalnız sosial-iqtisadi vəziyyəti pisləşdirməklə qalmayıb, həm də adanın təhsil sisteminə ciddi zərbə vurduğundan danışıb.

"Həmin dövrdə Korsika Fransadan daha təhsilli idi. Ailələrin səyləri və ali təhsilə çıxış imkanları sayəsində korsikalılar öz irsini qoruyub saxlaya biliblər. Lakin Fransa siyasəti əsas vəzifələrin yerli cəmiyyətlə əlaqəsi olmayan insanlara verilməsini nəzərdə tuturdu. Bu təcrübə mübahisəli imperiya siyasətinin bir hissəsinə çevrilib", - o bildirib.

Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilia müstəmləkəçiliyin iqtisadiyyata, cəmiyyətin sosial və mədəni əsaslarına dağıdıcı təsirini vurğulayaraq qeyd edib ki, müstəmləkə irsi mövzusu bu gün artıq gözardı edilə bilməz.

"Müasir dünyada müstəmləkə keçmişinin aradan qaldırılmasına yönəlmiş transformasiya prosesi başlayır. Artıq etiraf etməyin vaxtıdır ki, ədalət, bərabərlik və əsl güc yalnız cəmiyyətlərimizin dərindən yenidən qiymətləndirilməsi və yenidən qurulması sayəsində mümkündür. Transformasiya buraxılmış səhvlərin etirafı və xalqların öz gələcəyini müstəqil şəkildə qurmaq hüququna hörmətlə başlayır", - Sakilia qeyd edib.

"Ka Ubuntu" hərəkatının sədri Romen Katambara bildirib ki, onun vətəni Reunion adasında fransız assimilyasiyası mədəni hökmranlıq vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, Reyunyon xalqı dildə, tarixdə və ənənələrdə ifadə olunan unikal kimliyə malikdir. Lakin müstəmləkə siyasəti bu özünəməxsusluğun boğulmasına yönəlmişdi.

"Xalqı tabe etmək üçün onu kimliyindən məhrum etmək lazımdır. Məhz buna görə assimilyasiya siyasəti aparılırdı. Reyuniyonda yerli mədəniyyəti sıxışdırıb çıxarmaq və fransız kimliyini məcburi qəbul etdirmək cəhdləri edilirdi. Xüsusilə, ənənəvi maloya musiqisi qadağan olunurdu", - Katambara vurğulayıb.

"Mabedja Panafricanistes" təşkilatının prezidenti Saniya Assumani bildirib ki, qurumun missiyası assimilyasiya mexanizmlərinin dekonstruksiyası və müstəqil siyasi özmüqəddəratını təyinetmə qabiliyyətinin formalaşdırılmasıdır.

"Bu mübarizə hər hansı bir xalqa qarşı deyil, bu gün neokolonializm formasında mövcudluğunu davam etdirən bərabərsizlik və müstəmləkəçilik sistemlərinə qarşı yönəlib. Assimilyasiya siyasətinin yerli xalqların kimliyini necə formalaşdırdığını başa düşmək, hökmranlıq mexanizmlərinin sosial strukturlara və ictimai şüura necə nüfuz etdiyini dərk etməyə imkan verir", - o deyib.

Seçilən
37
far.az

1Mənbələr