AZ

Azərbaycan və Serbiya yeni layihələrlə əməkdaşlığı daha da gücləndirəcək ŞƏRH

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir. Əvvəllər iqtisadi sahədə başlayan əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, ölkələr arasında etimad və qarşılıqlı anlaşma daha da möhkəmlənib. Bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də humanitar sahələri əhatə edir və tərəflərin bir-birinə verdiyi önəmin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, vaxtaşırı keçirilən yüksəksəviyyəli səfərlər və liderlərin qarşılıqlı görüşləri əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsinə geniş imkanlar yaradır. Bu görüşlərdə enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə olunur. Azərbaycan və Serbiya hökumətləri, eyni zamanda, biznes dairələri arasında qarşılıqlı maraqların qorunması və strateji məqsədlərin müəyyənləşdirilməsi bu əməkdaşlığın əsas prioritetlərindəndir.

“Prezident İlham Əliyevin bu səfəri ölkələrimiz arasında dostluğa və qarşılıqlı anlaşmaya verilən önəmin təzahürüdür. Səfərdə hökumət üzvlərindən ibarət böyük bir nümayəndə heyəti iştirak etdi. Dövlətimizin başçısı çıxışında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarını hökumət üzvlərinin diqqətə çatdırdı. Prezidentlərin çıxışlarından da görünür ki, bu əməkdaşlıq hər iki ölkənin milli və strateji maraqlarına xidmət edir. Hər iki dövlət bir-birinin suverenliyinə və milli maraqlarına hörmətlə yanaşır, beynəlxalq hüququn ali olmasını prinsip olaraq qəbul edir. Azərbaycan və Serbiya əməkdaşlığı, heç bir üçüncü ölkənin maraqlarına yönəlmədən, regional və beynəlxalq müstəvidə konstruktiv təsir göstərir. Bu, tərəflərin sülh, sabitlik və inkişaf prinsiplərinə sadiqliyinin bariz nümunəsidir”, - deyə deputat əlavə edib.

A.Mirzəzadə qeyd edib ki, qarşılıqlı surətdə həyata keçirilən layihələr müxtəlif sahələrdə, - enerji, nəqliyyat, texnologiya, kənd təsərrüfatı və turizm, - gündəlik əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. Həmçinin Azərbaycan ilə Serbiya arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Birgə mədəni tədbirlər, tələbə mübadiləsi proqramları və elmi əməkdaşlıq nümunələri ölkələrimiz arasında qarşılıqlı anlaşmanı dərinləşdirir.

“Azərbaycan-Serbiya münasibətləri, həmçinin dünya üçün müxtəlif regionlarda yerləşən, fərqli mədəniyyətlərə malik iki ölkənin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında necə dost və tərəfdaş ölkələrə çevrilə biləcəyini göstərən önəmli nümunədir. Bu münasibətlər regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə tərəflər qarşılıqlı maraqlara uyğun olaraq yeni layihələr həyata keçirməyi, iqtisadi və humanitar əlaqələri daha da genişləndirməyi planlaşdırırlar. Həmçinin strateji tərəfdaşlıq münasibətlərini gücləndirərək, regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi fəaliyyətlərini davam etdirəcəklər”, - deyə deputat vurğulayıb.

 

Seçilən
90
azertag.az

1Mənbələr