AZ

Kəbənin qara örtüyünü cani Epşteynə kim və niyə hədiyyə edib?...



Ceyhun Məmmədov: “Bu müsəlmanların heysiyyatına toxunmaqdır”

Tural İrfan: “Bu islama qarşı yönəlmiş bir addım olduğu üçün çox narahatedicidir”

Bir müddət əvvəl “Epşteyn işi” üzrə minlərlə fayl açıqlandı. Yayımlanan sənədlərdə üzə çıxan faktlardan biri də cinsi cinayətlərdə təqsirli bilinən amerikalı milyarder Cefri Epşteynin Kəbə örtüyündən bir parça əldə etməsi və ABŞ-ın Vircin adalarındakı malikənəsində ondan xalça kimi istifadə etməsidir. Qeyd edək ki, hər il Həcc mövsümündə dəyişdirilən bu örtük müsəlman dünyası üçün müqəddəs rəmz hesab olunur.

“Kəbənin qara örtüyünü cani Epşteynə kim və niyə hədiyyə edib?...” sualı uzun müfddətdir ki, öz aktuallığını qoruyur.

Medianın araşdırmasına görə, son vaxtlar üzə çıxan e-poçt yazışmalarından məlum olur ki, 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli şəxslər vasitəsilə İslam dünyasının ən müqəddəs simvollarından olan Kəbə örtüyü ABŞ-a, Epşteynin ünvanına çatdırılıb.

Mətbuatın araşdırmasından məlum olur ki, yazışmalara görə, BƏƏ-də fəaliyyət göstərən iş qadını Əzizə əl-Əhmədi və Abdullah əl-Maari adlı şəxs Kəbəyə aid üç ədəd parçanın Epşteynə göndərilməsini təşkil ediblər.

Göndərilən hissələrdən biri Kəbənin içindən, biri Kəbənin üzərində istifadə edilmiş xarici örtükdən, üçüncüsü isə eyni materialdan hazırlanmış, lakin istifadə edilməmiş (gömrükdə “sənət əsəri” kimi qeyd olunması üçün) hissə olub.

Parçalar Səudiyyə Ərəbistanından “British Airways” vasitəsilə Florida ştatına, Epşteynin evinə göndərilib.

Əzizə əl-Əhmədi tərəfindən Epşteynə göndərilən e-poçtda parçanın mənəvi dəyəri belə izah edilir: “Bu qara parçaya ən azı 10 milyon müxtəlif məzhəbdən olan (sünni, şiə və s.) müsəlman toxunub. Onlar Kəbənin ətrafında dövr edərkən bu parçaya əl çatdırmağa çalışıb öz dualarını, göz yaşlarını və ümidlərini bura əmanət ediblər.”

Sənədlər göstərir ki, Əzizə əl-Əhmədi ilə Epşteyn arasında yaxın əlaqə olub.

2017-ci ildə Karib dənizində qasırğa baş verəndə, Əhmədi Epşteynin şəxsi adasındakı vəziyyəti ilə dərhal maraqlanıb.

Epşteynin köməkçisi Əhmədiyə naməlum məqsədlə DNT test kiti göndərib.

Əhmədi Nyu-Yorku tərk etməzdən əvvəl Epşteyni ad günü münasibətilə təbrik etmək üçün onun evinə getmək istədiyini yazıb.

Eyni zamanda açıqlanan bir FTBqeydində şok iddia yer alıb: Epşteynin ABŞ və İsrail kəşfiyyatı (Mossad) ilə işlədiyi bildirilir. Sənəddə qeyd olunur ki, Epşteyn İsrailin keçmiş baş naziri Ehud Barakla yaxın olub və onun rəhbərliyi altında “casus təlimi” keçib.

Kəbə örtüyünün parçasının, yaxud parçalarının Epşteynə göndərilməsi dünya müsəlmanları arasında böyük narazılıq yaradıb, bu müqəddəs örtüyün Epşteyn kimi caninin əlinə keçməsindən ciddi narahatlıq keçirir. Bu örtüyün Epşteynə göndərilməsinə məqsəd, hədəf nə ola bilər? Bu islam dininə qarşı təxribatdır, onu hörmətdən salmaq cəhdidir, yoxsa onun dəyərini anlamamaqdır? Kəbə örtüyünü Epşteynə hədiyyə edən adamın cəzası nə olmalıdır?

Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, bu qəbul edilməz addım müsəlman dünyasına həqarətdir.

“Epşteyn fayllarının açılması bütün dünyada ciddi qarışıqlıq və narahatlıq yaratmaqdadır. Bu gün bu məsələ ilə bağlı çox geniş müzakirələr aparılır, narahatlıqlar var. Bu məsələdə bir çox önəmli məqamlar var və bunlar cəmiyyət tərəfindən də geniş müzakirə olunur. Bu hadisənin ən diqqət çəkən tərəflərindən biri odur ki, bu fayllarda Kəbə örtüyündən də bəhs olunur. Yəni fayllarda açılan məsələlərdən biri Birləşmiş Ərəb Əmirliklərindən olan bir şəxsin Epşteynə bu örtüyü hədiyyə etməsi və bu örtüyün həmin adaya aparılması, Epşteynin malikənəsində ona baxılması, müəyyən ritualların yerinə yetirilməsidir. Əslində bu əməli törətmək yanlışdır. Bu məsələyə dini baxımdan yanaşanda bu cür addımların atılması yolverilməzdir. Kəbə, Kəbə örtüyü müsəlmanlar üçün müqəddəsdir. Yəni bu örtükdən bu formada istifadə edilməsi, bu örtüyə qəbuledilməz şəkildə yanaşılması təbii ki, dini nöqteyi-nəzərdən də mənfi haldır.

Kəbə örtüyü müsəlmanlar üçün müqəddəsdir”.

C.Məmmədov vurğualdı ki, bu məsələ ciddi etiraz və ciddi sual yaradır. “Müsəlmanlar üçün müqəddəs olan bir örtük o adaya aparılıb? Həmin yerdə ondan mənfi formada istifadə olunması həqiqətən də çox narahat edici hadisədir. Bu çox ciddi suallar yaratmaqdadır. İnsanlar ümumiyyətlə müqəddəsliklə bağlı məqamlarda məsuliyyətli və diqqətli olmağa çalışmalıdırlar. Bu cür yanaşmalardan, mövqelərdən maksimal dərəcədə diqqətli olsunlar. Çünki bu cəmiyyət tərəfindən də bir mənalı qarşılanmır. Bu müsəlmanların heysiyyatına toxunmaqdır”-deyə C.Məmmədov qeyd etdi.

İlahiyyatçı Tural İrfanın fikrincə, Kəbə örtüyünün müqəddəs olması anlayışı islamda yoxdur, ümumiyyətlə dinimizin mahiyyətində əşyaların müqəddəsləşdirilməsi, ilahiləşdirilməsi, o əşyalara pərəstiş edilməsi kimi məsələlər mövcud deyil. Onun sözlərinə görə, əskinə islam dini peyğəmbərlərin geyiminin, Kəbənin örtüyünün, hansısa daş parçasının, kiminsə ayaq izlərinin müqəddəsləşdirilməsinin, ona pərəstiş edilməsinin əleyhinədir. O, qeyd etdi ki, əslində islam dininin gəlməsinin də məqsədi belə şeyləri aradan qaldırmaq olub. “Ona görə də Kəbənin örtüyünün adi bir parçadan ibarət olduğunu hər kəs bilir. Sadəcə olaraq son dövrlər bu Səudiyyə Ərəbistanı hökuməti tərəfindən dəbdəbəli hala salınır, cəlbedici olsun deyə onu müxtəlif yerlərdə qızıl suyuna çəkilmiş iplərlə toxuyurlar və sair. Sonra da onu ildə bir dəfə dəyişib ayrı-ayrı parçalara bölüb müxtəlif dövlət başçıalrına, dünyanın müxtəlif nüfuzlu şəxslərinə hədiyyə verirlər. Bu da islamda olmayan, heç bir dini buyruğa uyğun olmayan məsələdir. Sadəcə olaraq ənənədir. Ancaq burada söhbət Epşteyn məsələsindən gedirsə həmin şəxsin konkret olaraq hansı fəaliyyət göstərməsi və hansı hədəfləri seçməsi, hansı güclər tərəfindən idarə olunması hələ məlum deyil. Sadəcə olaraq onun əməllərinin bir neçə faizi ictimaiyyətə açıqlanıb. Dünya ictimaiyyəti də həmin açıqlanan hissəyə uyğun olaraq münasibət bildirir. Dünyada, əsasən də Amerikada, Qərbdə, Avropada bir çox məxfi təşkilatlar fəaliyyət göstərir. Bunlara mason təşkilatları, masson lojaları da deyilir. Yaxud Qərbin gizli ideoloji-siyasi institutları var ki, bunu müxtəlif metodlarla müsəlman aləminə qarşı “səlib yürüşü” də adlandırırlar. Yəni bunlar orta əsrlərdəki kimi müharibə ilə yox, müxtəlif ideoloji təsir vasitəsilə müsəlman aləmini daima istismar etmək və birləşməyə qoymamaq məqsədi daşıyırlar. Bu tərkibdə eyni zamanda islam dəyərlərini aradan çıxarmaq üçün Epşteyn kimi şəxslərdən iyrənc fəaliyyətindən istifadə olunur. Həmçinin islam aləmində şeytanpərəstlik adlandırılan satanizm Amerikada rəsmi qeydiyyatdan keçən təriqət kimi fəaliyyət göstərir. Anton Lavey adlı bir şıxs müasir satanizmin banisi sayılır. Ona görə də ABŞ da bu cür məsələlər geniş xarakter alıb. Yəni Kəbənin örtüyünü, yaxud hansısa dinlərin müqəddəs saydığı əşyaları, atributları təhqir etməklə şeytana daha çox yaxınlaşmağı hədəf seçirlər…

Düşünürəm ki, Kəbənin örtüyünün də Epşteyn tərəfindən təhqir olunması üçün göndərilməsi də şeytana yaxınlaşma xarakteri daşıyır. Çünki onun üzə çıxan fəaliyyətindən belə nəticəyə gəlmək olur ki, o sırf o gizli təşkilatların hansınınsa mənsubu olub. Təbii ki, o da böyük dövlətlər, siyasi-ideoloji institutlar tərəfindən idarə olunur, çünki heç kim özbaşına gedib bir adada yerləşib o cür əməlləri törədə bilməz.

Epşteyinin Kəbə örtüyünü necə əldə etməsinə gəlincə, bu asan məsələdir. Ola bilər ki, birbaşa ona göndərilməyib və başqa bir adama göndərilib, o da onu bir neçə əldən əldə edib. Yaxud da hansısa bir aksionda bunu əldə edə bilərdi. Kəbə örtüyünün onun əlinə keçməsi yolverilməz hadisədir. Kəbə örtüyünün islam dinində müqəddəsliyi olmasa da belə, hər halda bu əməl nəticə etibarı ilə islamın və müsəlmanların təhqir olunmasına, ümumiyyətlə müqəddəs dəyərlərə qarşı yönələn bir məsələdir. Bu hadisə bunu mənfi və mənfur hədəflərə vasitə etmək əlamətidir. Bu baxımdan, şübhəsiz ki, bu araşdırılmalıdır. Əgər orada qəsd varsa, yəni bu qəsdən Epşteynə göndərilibsə ki, Kəbənin örtüyü təhqir olunmaqla islami dəyərlər təhqir olsun, bu sübuta yetirilərsə onu göndərən kimdirsə beynəlxalq hüquqa əsasən layiqli cəzasını almalıdır, eyni zamanda da islam aləmi, islam təşkilatları tərəfindən buna qiymət verilməlidir”-deyə T.İrfan bildirdi.

T.İrfan hesab edir ki, bu məsələ ciddi araşdırılmalıdır. “İlk növbədə bu kimi məsələlərin araşdırılmasını tələb etmək lazımdır. Şübhəsiz ki, Səudiyyə Ərəbistanı hökuməti tələb qoymalıdır. Kəbə həmin dövlətdə yerləşir. Bu hadisə ona qarşı da bir təhqirdir. Bu bir növ Səudiyyə Ərəbistanın dini və milli atributu sayılır, bayrağı hesab olunur. Əgər bu Epşteyn kimi cinayətkar şəxs tərəfindən təhqir olunubsa şübhəsiz ki, ilk tələbi bu ölkə irəli sürməlidir. Eyni zamanda digər müsəlman ölkələrinin də bu məsələ ilə maraqlanması vəzifə borcudur. Kəbə bütün müsəlman aləminin qibləsidir, müqəddəs yeridir. Bu islama qarşı yönəlmiş bir addım olduğu üçün çox narahatedicidir”-deyə T.İrfan bildirdi.İradə SARIYEVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr