AZ

Muzeydə tədbir “Xocalı: Zamanın dayandığı an!”

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 fevral, AZƏRTAC

N.Nərimanovun xatirə muzeyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı: Zamanın dayandığı an!” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Xocalı soyqırımı zamanı həyatını itirən günahsız insanların xatirəsi yad edilib.

Muzeyin direktoru Ləman Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda da baş vermiş qanlı hadisədən danışıb və bu faciənin insanlıq əleyhinə törədilmiş ağır cinayət olduğu vurğulanıb.

DİA-nın professoru, tarix elmləri doktoru Həvva Məmmədova Xocalı soyqırımının Azərbaycan xalqına və bəşəriyyətə qarşı yönəlmiş vəhşilik aktı olduğunu, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınmasını və ona hüquqi-siyasi qiymət verilməsinin vacib olduğunu bildirib. Həvva xanım gənc nəslə Xocalı həqiqətlərini unutmamağı və tarixi yaddaşı qorumağı tövsiyə edib.

Tədbirdə çıxış edən DİA-nın “Qarabağ irsini araşdırma mərkəzi”nin rəhbəri, professor Elçin Əhmədov deyib: “Bir şuşalı olaraq Xocalının ağrısını ürəyimdə ikiqat hiss edirəm. Bu torpaqların harayını, yarasını, susdurulmuş talelərini yaxşı tanıyıram. Xocalıda qətlə yetirilən körpələr, analar, günahsız insanlar təkcə bir şəhərin deyil, bütün Vətənin qanayan yarasıdır. Biz bu ağrını yaddaşımızda daşıyırıq, çünki unutmaq xəyanət, xatırlamaq isə borcdur. Xocalı bizim vicdanımızdır və bu vicdan heç vaxt susmayacaq”.

Anım mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kamança müəllimi Təbriz Yusubov Ceyhun Qurbanovun müşayiəti ilə “Xocalı ağrısı” kompozisiyasını səsləndirib.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin Xocalı soyqırımına həsr etdikləri təqdimatlarla davam edib.

“Xocalı: Zamanın dayandığı an!” adlı tədbir çərçivəsində Xocalıdan bəhs edən sərgi də nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
azertag.az

1Mənbələr