AZ

Avropa İttifaqında Frontex-in rolu ilə bağlı polemika qızışır

Budapeşt, 19 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələri Frontex agentliyinin səlahiyyətlərinin genişləndirilib-genişləndirilməməsi və ona müdafiə ilə bağlı vəzifələrin həvalə olunub-olunmaması məsələsində fikir ayrılığı yaşayır.

AZƏRTAC xəbər verir ki, müzakirə Avropa Komissiyası tərəfindən agentliyin mandatının yenidən nəzərdən keçirilməsinə hazırlıq fonunda aparılır və bu prosesin ilin ikinci yarısında baş tutacağı gözlənilir.

Aİ Şurasının daxili sənədlərində aparılmış qeydlərə əsasən, dövlətlər təşkilatın funksiyalarının mümkün genişləndirilməsini fərqli qiymətləndirir. Bir sıra ölkələr Frontex-in vəzifələrinə beynəlxalq sularda sualtı infrastrukturun mühafizəsinin daxil edilməsini, həmçinin pilotsuz uçuş aparatları və dronlara qarşı mübarizə sistemləri vasitəsilə sərhədlər üzərində müşahidənin gücləndirilməsini təklif edir. Müvafiq qeyri-rəsmi sənəd Çexiya, Xorvatiya, Macarıstan, Yunanıstan, İspaniya, Litva, Malta, Polşa, Rumıniya və Sloveniya da daxil olmaqla Aİ-nin on ölkəsindən ibarət qrup tərəfindən təqdim olunub.

Müzakirə 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından sonra daha da fəallaşıb. Həmin vaxtdan Baltikyanı ölkələr kritik infrastruktur obyektlərinə hücumlarla bağlı xüsusi narahatlıq ifadə edir. Baltik dənizində strukturu qeyri-şəffaf olan tankerlər tərəfindən sualtı kabellərin zədələnməsi halları dəfələrlə qeydə alınıb.

Bir çoxları hesab edir ki, Frontex patrullarının mövcudluğu belə obyektlərin mühafizəsinə kömək edə bilərdi. Lakin digər ölkələr qrupu müdafiə ilə bağlı vəzifələrin milli dövlətlərin müstəsna səlahiyyətində qalmalı olduğunu bildirir. Agentlik artıq sərhədlərin mühafizəsi, transsərhəd cinayətkarlıqla mübarizə və risklərin təhlili ilə məşğul olur.

Aİ ölkələrinin ekspertlərinin Frontex-in gələcək rolu ilə bağlı müzakirələri martın əvvəlində davam etdirəcəkləri gözlənilir. Qəbul olunacaq qərarlar ittifaqın təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
91
1
azertag.az

2Mənbələr