AZ

Gürcüstan Rusiyanı sanksiyalardan qoruyur sualına Kobaxidze belə cavab verdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı ilə bağlı səsləndirilən ittihamlara münasibət bildirib. O, terminalın Rusiyaya qarşı yönələn sanksiyaların pozulması məqsədilə istifadə olunması barədə iddiaları qəti şəkildə rədd edib.

Globalinfo.az-ın xəbərinə görə, Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, Gürcüstan hakimiyyəti sanksiya rejiminə ciddi şəkildə əməl edir.

Onun sözlərinə görə, məsələ ətrafında müxtəlif spekulyasiyalar yayılsa da, ABŞ, Avropa və Böyük Britaniyadan gələn monitorinq missiyaları aparılan yoxlamalar nəticəsində sanksiyaların pozulması ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyib. Kobaxidze bildirib ki, bu barədə bütün məlumatlar Avropa qurumlarına da təqdim olunub.

Hökumət başçısı həmçinin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin beynəlxalq ictimaiyyətə müraciət edərək Kulevi terminalına qarşı sanksiyalar tətbiq olunmasını tələb etməsini də tənqid atəşinə tutub. Kobaxidzenin fikrincə, belə çağırışlar ölkənin maraqlarına zərər verə bilər.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara görə, Avropa İttifaqı Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketi çərçivəsində üçüncü ölkələrin bəzi liman və terminallarına, o cümlədən Gürcüstandakı Kulevi terminalına məhdudiyyət tətbiq olunması imkanını nəzərdən keçirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
globalinfo.az

1Mənbələr