AZ

Bakıdakı Çin icması Bahar Bayramını qeyd edib

Bakı, 19 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Bakıda yaşayan Çin icmasının nümayəndələri Bahar Bayramını - Çin Yeni ilini dostluq, qarşılıqlı anlaşma və mədəni mübadilə ruhunda keçirdilər. Bu il Azərbaycanda işləyən və təhsil alan təxminən 60 Çin vətəndaşı əsas milli bayramı ailələrindən uzaqda, qonaqpərvər bir mühitdə qeyd etdilər.

Bu barədə AZƏRTAC-a Bakıda yaşayan və iki Çin restoranını idarə edən iş adamı Tinq Han bildirib.

Onun sözlərinə görə, Ay təqvimi ilə Yeni il ərəfəsi - Çu Si - bütün çinlilər üçün bayramın ən vacib anıdır, çünki məhz bu axşam ənənəvi olaraq ailəvi nahar – yenidən birləşmə baş verir: “Hətta Vətənimizdən uzaqda olsaq belə, ənənələrimizi qorumağa çalışırıq. Evə qayıda bilməyənlər üçün Bakıda bu cür görüşlər əsl birlik bayramına çevrilir”.

Tədbir iştirakçıları Çində bayram qala-konsertinin canlı yayımını izlədilər və həmçinin Konfutsi İnstitutunun Azərbaycan tələbələrinin ifasında Çin mədəniyyəti və döyüş sənəti elementlərini nümayiş etdirən mədəni proqramın şahidi oldular.

Tinq Hanın sözlərinə görə, Azərbaycan gənclərinin Çin dilində mahnılar oxuması və bu ölkənin ənənələrinə böyük hörmət bəsləməsi xüsusilə təsirli idi: “Azərbaycanlı tələbələrin mədəniyyətimizə isti münasibət və səmimi maraqla yanaşması bizi dərindən təsirləndirdi. Bu, xalqları bir araya gətirir və bayramı həqiqətən beynəlxalq edir”.

Sahibkar, həmçinin qeyd edib ki, Yeni ilin gəlişindən sonra Çində bir-birinə xoş arzular diləmək adətdir: “Bakıdakı Çin icmasının nümayəndələri azərbaycanlı dostlarına ən xoş təbriklər göndərdilər, onlara Yeni ildə uğurlar, cansağlığı və firavanlıq arzuladılar”.

Seçilən
70
1
azertag.az

2Mənbələr