AZ

Güclü dövlət, güclü sosial təminat: Dövlətimiz qəhrəmanların yanındadır…

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi: dövlət siyasətinin prioritet istiqaməti

Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər uzun illərə söykənən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da genişləndirilir.

Sosial siyasətin güclü dayaqları

Hələ ötən əsrin 90-cı illərindən başlayaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı kimi mühüm sosial proqramlara start verilib. Bu gün isə Azərbaycan güclü sosial dövlət modelini nümayiş etdirərək həmin kateqoriyadan olan vətəndaşların rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır.

Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra sosial dəstək tədbirləri daha da genişlənib. Dövlət başçısının tapşırıqlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzillə təminat proqramı 5 dəfə genişləndirilib.

Minlərlə ailəyə mənzil və avtomobil

Ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə 16 min mənzil və fərdi ev təqdim olunub. Onlardan 7,2 mini postmüharibə dövrünün payına düşür. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə 7,7 min minik avtomobili verilib ki, bunun da 567-si postmüharibə dövründə təqdim edilib.

Bu göstəricilər dövlətin sosial öhdəliklərini real əmələ çevirdiyini bir daha təsdiqləyir.

Maliyyə təminatı və sosial ödənişlər

Şəhid ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, yas mərasiminin təşkili üçün 3 min manat maddi yardım verilir. Bundan əlavə, Prezidentin aylıq 700 manat təqaüdü, ailə başçısını itirməyə görə orta hesabla 593 manat aylıq pensiya və ya 140 manat aylıq müavinət ödənilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər isə əlillik dərəcəsinə uyğun olaraq 8800, 6600 və ya 4400 manat məbləğində sığorta ödənişi alırlar. Onlara həmçinin aylıq Prezident təqaüdü (600, 500 və 400 manat), eləcə də pensiya və ya müavinət verilir.

Son 7 ildə icra edilən 5 sosial islahat paketi nəticəsində müavinət və təqaüdlər 5 dəfə, orta aylıq pensiya isə 2,8 dəfə artıb. Bu artımlar sosial rifahın yüksəldilməsinə xidmət edən sistemli siyasətin göstəricisidir.

Təhsil, məşğulluq və reabilitasiya

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqları halda, onların təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar əmək və vergi münasibətlərində bir sıra imtiyazlara malikdir, pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.

Postmüharibə dövründə 11 min şəxsə 99 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2439 şəxs 88,4 min reabilitasiya vasitəsi ilə təmin olunub, 500-dən çox şəxsə 621 ədəd yüksək texnologiyalı müasir protez təqdim edilib.

Məşğulluğa dəstək və özünüməşğulluq proqramları

Sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluğun təmin edilməsidir. Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 29 min şəxsin məşğulluğu təmin edilib. Onlardan 13,5 min nəfər özünüməşğulluq proqramlarına cəlb olunaraq kiçik ailə bizneslərini qurmaq imkanı əldə edib.

Bu proqramlar çərçivəsində vətəndaşlara aktivlər təqdim edilir, onların davamlı gəlir əldə etməsinə şərait yaradılır.

Qəhrəmanlara xüsusi diqqət

Vətən Müharibəsi Qəhrəmanlarına 2200 manat, Azərbaycanın Milli Qəhrəmanlarına 2000 manat, müharibə veteranlarına isə 80 manat məbləğində aylıq Prezident təqaüdü ödənilir. Müharibə veteranları həmçinin kommunal və nəqliyyat xərclərinin qarşılanması üçün bu təqaüddən yararlanırlar.

132 min şəxsi əhatə edən sosial paket

Postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edib və onlara 416 min xidmət göstərilib. 106 min şəxsə sosial ödəniş təyinatı üzrə 120 min xidmət təqdim olunub, 25,5 min şəxsə isə birdəfəlik ödəmə təyin edilib.

Bütün bunlar göstərir ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi yalnız vəd deyil, konkret rəqəmlərlə ifadə olunan real dövlət siyasətidir. Qazanılmış Zəfərin sosial təminatla möhkəmləndirilməsi, qəhrəmanların və onların ailələrinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər ölkəmizin güclü sosial dövlət modelinin bariz nümunəsidir.

Bəhruz Məmmədzadə

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr