Məktəbə başlamaq uşağın həyatında çox vacib bir mərhələdir. Bu dövr yalnız akademik hazırlıq deyil, həm də emosional və sosial hazırlıq dövrüdür.
Bir çox valideyn oxumağı və yazmağı öyrətməyə fokuslanır. Əslində uşağın məktəbə psixoloji hazır olması daha önəmlidir.
Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu dövrün uğurlu keçməsi uşağın gələcək təhsil həyatına olan münasibətini formalaşdırır.
"Uşaq məktəbi "qorxulu bir yer" və ya "oyunların bitdiyi yer" kimi görməməlidir. Müsbət obraz yaradın:
Məktəbin ona yeni dostlar və maraqlı biliklər qazandıracağını vurğulayın. Müstəqillik aşılayın: Uşaq öz əşyalarını yığmağı, geyimini dəyişməyi və şəxsi gigiyenasını idarə etməyi öyrənməlidir", - deyə həkim bildirib.
Sosial və Emosional Bacarıqlar
Həkim deyir ki, akademik biliklərdən (hərf, rəqəm) daha önəmlisi uşağın sosial adaptasiyasıdır:
"Başqalarını dinləməyi, növbə gözləməyi və ehtiyaclarını (məsələn: tualet, su içmək) müəllimə çəkinmədən deməyi öyrədin.
Uşağın 15-20 dəqiqə ərzində bir masada oturub konkret bir tapşırıqla (şəkil çəkmək, konstruktor yığmaq) məşğul olmasına şərait yaradın.
Bəzən uşağın dərslərdəki zəifliyi tənbəllikdən deyil, lövhəni yaxşı görməməsindən qaynaqlanır. Məktəbdən əvvəl mütləq həkim müayinəsindən keçin.
Qələm tutmaq, qayçı ilə kəsmək və düymə ilikləmək bacarıqlarını inkişaf etdirən oyunlar oynayın. Yay boyu ancaq yazı yazmağa məcbur etməyin. Beyin oyunla inkişaf edir, təzyiqlə deyil".
Ziya SƏCCAD