AZ

İcra başçısı ilə kəndli ailəsi yenidən ÜZ-ÜZƏ - Arpa qalmaqalı böyüyür

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında təqdim etdiyi şikayət əsasında Xaçmaz Rayon Məhkəməsində araşdırma aparılır.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, icra başçısının qəzəbinə tuş gələnlər isə Şabranın Uzunboyad kənd sakinləri – 75 yaşlı təqaüdçü müəllimə Səbirə və oğlu Vüsal Muradovlardır.

Uzun illər Uzunboyad kənd məktəbində müəllimə işləyən Səbirə Muradova hazırda təqaüddədir. Ailə iddia edir ki, 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıblar, lakin indiyədək ödəniş edilməyib.

icra-bascisi-sakinleri-mehkemeye-verdi

“Bu boyda rayonun başçısıdır...”

Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, arpa satışı zamanı hər hansı yazılı sənəd tərtib edilməyib. Onun sözlərinə görə, icra başçısı şəxsən onların evinə gəldiyi üçün etimad göstəriblər: “Yox, sənəd yox idi. Elə-belə inandıq. Dedik ki, bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim? Ayıbdır axı. Dedi, verdim. Mən də inandım ki, bu boyda adam yalan danışmaz”.

Muradov qeyd edib ki, 1995-ci ildən toxumluq arpa əkini ilə məşğuldurlar və ailə bu təsərrüfat hesabına dolanır. Onun sözlərinə görə, 3 ildir vəsaitin ödənilməməsi səbəbindən sahəni normal əkib-becərə bilmirlər: “İşlərin qızğın vaxtıdır, texnika düzəlməlidir, xərclər var. Pulumuzu vermir ki, işimizi görək”.

Ailə məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etdiklərini, lakin nəticə əldə etmədiklərini bildirir. Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə açıqlamasında bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi məsələsinə aydınlıq gətiriləcək və görüş təmin olunacaq. Şikayətin mahiyyəti ilə bağlı isə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub: “Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə araşdırmalı və qərar verməlidir ki, kim etibar və inamdan sui-istifadə edib. 15 ton taxıl bir nəfərin işi deyil, şahidlər də olacaq”, – deyə Habil Əzməmmədov qeyd edib.

Ötən il oktyabrın 20-də ailə mətbuata şikayət etdikdən sonra icra başçısının onlarla görüşmək istədiyini bildirib. Lakin bir neçə gün sonra Şabran Rayon Məhkəməsinə Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.

Aidiyyət mübahisəsi və yeni cəhd

Asif Hüseynov Muradovların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edib. İcra başçısını narazı salan əsas məqam onların mətbuat vasitəsilə borcun ödənilməməsi ilə bağlı çıxışları olub. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilib ki, cavabdehlərin müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir.

 Bu əsasla işə Şabran Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı qərara alınıb. Bundan sonra icra başçısı Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, həmin instansiya da ilkin mərhələdə şikayəti qəbuledilməz sayıb. 2026-cı ildə isə icra başçısı xüsusi ittiham şikayətinə dəyişiklik edilərək yenidən Xaçmaz məhkəməsinə təqdim edib və bu dəfə şikayəti icraata qəbul edilib. Hazırda iş üzrə məhkəmə araşdırmaları davam edir.

Seçilən
31
ekologiya.az

1Mənbələr