AZ

Tarixi əhəmiyyətli konfrans

“Neokolonializm və qlobal bərabərsizlik”

BTQ-nin təşkilatçılığı ilə bu mövzuda beynəlxalq konfrans keçirilib

Fevralın 19-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak ediblər.

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılıb.Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi-tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətirilib. Müzakirələrdə, həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olub.

Tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, BTQ son iki ildə qlobal dekolonizasiya prosesinin təşviqində nümunəvi fəaliyyət göstərib.Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.A.Abbasov əminliyini ifadə edib ki, Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatları arasında uğurlu əməkdaşlıq nəticəsində xarici ərazilərin və hələ də müstəmləkə idarəçiliyi altında əziyyət çəkən regionların dekolonizasiyası istiqamətində mühüm nəticələr əldə olunacaq.

Konfrans tarixi baxımdan da əhəmiyyətlidir. Belə ki, ilk dəfə olaraq antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə alıblar. Toplanmış materiallar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr tərəfindən istinad edilə biləcək etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayır.

Tədbirdə çıxış edən Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelupa bölməsi üzrə koordinatoru Jan-Jakob Bisep deyib ki, cəmiyyətlərdə sosial münasibətlər, siyasi proseslərdən və hakimiyyət strukturlarından qaynaqlanaraq insanların həyat keyfiyyətinə və ümumi rifahına dərin təsir göstərir. Siyasi fəaliyyət hüquqlara hörmət və ümumi mənafenin qorunması prinsiplərinə əsaslanmalı, üstünlük və hökmranlıq deyil, etik dəyərlər və məsuliyyət ilə istiqamətlənməlidir.Onun sözlərinə görə,  müharibə heç vaxt təcrid olunmuş və ya təsadüfi bir hadisə deyil. O, güc balansının pozulması və uzun müddət toplanmış siyasi gərginliklərin fundamental nəticəsidir. “Fransanın keçmiş prezidenti Fransua Ollandın da ifadə etdiyi kimi, münaqişə dövrlərində siyasi fəzilət bəzən pis niyyətlərin və ideoloji sapmaların təzyiqi altında sınağa çəkilir. Bu səbəbdən ədalətsiz strukturlaşmalara, bəzi ictimai sistemlərdə mövcud olan istismar və kolonialist miraslara qarşı mübarizəni davam etdirmək vacibdir ki, daha ədalətli və tarazlı cəmiyyətlər qurmaq mümkün olsun”, - deyə Jan-Jakob Bisep qeyd edib.

Antropoloq, “Qara Sivilizasiya” Muzeyinin İdarə Heyətinin üzvü, “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu isə çıxışında söyləyib ki, siyasi təhlükə bu gün imperiya məntiqinin yenidən qayıdışı kimi görünür. “Müharibələrin geri dönüşü”, sadəcə, regional qarşıdurmaların artması deyil, kolonial düşüncə tərzinin davamı, hətta yenidən fəallaşması kimi oxuna bilər.O bildirib ki, müasir rəqəmsal texnologiyalar bəzən kolonial məntiqin yeni forması kimi çıxış edir. Nəzarət kapitalizmi, məlumatların kütləvi şəkildə toplanması və çıxarılması, iri texnoloji platformalarla cəmiyyətlər arasında yaranan güc asimmetriyası bu prosesin əsas xüsusiyyətlərindəndir: “Ekoloji təhlükə də kolonial irslə sıx bağlıdır. Ekstraktiv iqtisadi model, ərazilərin iyerarxiyalaşdırılması və bəzi regionların “qurban zonaları”na çevrilməsi, ekoloji xərclərin Qlobal Cənuba ötürülməsi bu əlaqəni açıq şəkildə göstərir”.

Əlcəzair Universitetində politologiya sahəsində elmi tədqiqatçı, antropoloq Hişem Daud qeyd edib ki, Əlcəzair Fransanın uzunmüddətli və son dərəcə qəddar müstəmləkəçiliyinə məruz qalmış ölkələrdən biridir. Burada zorakılıq həm də gündəlik, inzibati, simvolik və psixoloji xarakter daşıyırdı. İşgəncələr fiziki yaralar yaradırdısa, davamlı mənəvi təzyiq və ləyaqətin inkarı dərin travmalar buraxırdı.Onun sözlərinə görə, ağdərili fransızlar yüksək mədəniyyət sahibi kimi təqdim edilirdi, əlcəzairli isə hüquqi və simvolik baxımdan aşağı mövqedə yerləşdirilirdi: “Bu ideologiya siyasi diskursla məhdudlaşmır, həm də elmi və mədəni mexanizmlərlə dəstəklənirdi”.

“Əminəm ki, insanlıq ailəsi bir araya gəldikdə, bu gün burada Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş görüşdə olduğu kimi, müxtəlif qitələrdən və millətlərdən olan insanlar bir ailə kimi birləşdikdə çox böyük işlər görə bilərlər”. Bu fikirləri isə Əlcəzairin Mouloud Mammeri Universitetinin biologiya müəllimi, tədqiqatçı Hamedi Siyad Nabila söyləyib. O, mühüm və şərəfli mübarizələr apardıqlarını diqqətə çatdırıb: “Apardığımız mübarizələrdə qalib gələ bilərik. Bu mübarizələr insan ləyaqəti və ədalət uğrunda aparılan mübarizələrdir”.

Çıxış edən Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Jose Martin Jan-Pyer bildirib ki, Fransa guya qoruduğunu iddia etdiyi xalqları onların yaddaşından, mədəniyyətindən və mənəviyyatından məhrum edib. Yalnız inkar edilənləri bərpa etməklə, tapdalananları düzəltməklə biz həqiqətən ortaq və xalqların müxtəlifliyinə hörmət edən bir gələcək qura bilərik. Onun sözlərinə görə, bu gün ərazilərimizdə baş verən aktual hadisələr fonunda biz Fransa ilə onun keçmiş müstəmləkələri arasında münasibətlərin, sadəcə, yenidən qurulmasına çağırmırıq:”Biz xalqların öz müqəddəratını təyin etmək və tam müstəqilliyə nail olmaq kimi ayrılmaz hüququna hörmət tələb edirik. Son hadisələr vəziyyətin nə qədər ciddi olduğunu göstərir. 2021-ci ildə keçirilən və mübahisələrə səbəb olan üçüncü referendumdan sonra 2024-cü və 2025-ci illərdə repressiyalar daha da güclənib, fövqəladə vəziyyət rejimi bərpa edilib. Nəticədə ölənlər, yüzlərlə yaralanan olub və siyasi təqiblər baş verib. Fransa dövləti isə müxtəlif sazişlər, layihələr və digər təşəbbüslərlə qaçılmaz olan prosesi ləngitməyə çalışır”.

Konfransda digər çıxış edənlər də mövzu barədə fikirlərini bildiriblər.

Konfransın yekunlarına dair bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, konfransın iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur səbəblərini tanıyaraq, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suverenlik hüquqlarını dəstəkləyir, dekolonizasiyanı davamlı öhdəlik kimi qəbul edir və beynəlxalq həmrəylik prinsipinə sadiqlik nümayiş etdirirlər. İştirakçılar beynəlxalq institutlarda islahatların həyata keçirilməsini, bərabərsizliklə mübarizəni, elmi araşdırmalar və ictimai dialoqun gücləndirilməsini, ədalətli və suverenliyə hörmət edən tərəfdaşlıqların təşviqini çağırış edirlər.

Bakı Təşəbbüs Qrupu isə Virtual Kolonializm Muzeyi vasitəsilə qlobal dekolonizasiya prosesinə verdiyi töhfəyə görə təqdir olunub.

N.BAYRAMLI

Seçilən
17
1
yeniazerbaycan.com

2Mənbələr