AZ

“Hazırda müqavilələrin notarial qaydada bağlanması geniş yayılıb, bu da qiymət artımına təsir göstərir”

ain.az bildirir, Bizimyol portalına istinadən.

2025-ci ilin yekun nəticələri göstərir ki, Azərbaycanda kirayə mənzil bazarında qiymət artımı davam edib. 2024-cü ilin sonu ilə müqayisədə kirayə haqları orta hesabla 7,8 faiz yüksəlib. Rəsmi məlumatlara görə, ilin ortalarında artım tempi nisbətən zəifləsə də, sentyabr ayından etibarən yenidən sürətlənib.Bəs, ev sahiblərinin birtərəfli qaydada qiyməti qaldırması qanunvericiliyə uyğundurmu?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında vəkil Mehman Muradlı bildirib ki, qiymətin artırılması özlüyündə hər hansı pozuntu sayılmır: “Ev sahibləri tərəfindən kirayə qiymətlərinin artırılması yalnız onların iradəsindən asılı məsələ deyil. Qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər əsasən bahalaşma prosesi ilə bağlıdır.

Digər mühüm amil isə kirayə münasibətlərinin rəsmiləşdirilməsi ilə əlaqədardır. Əvvəllər bir çox hallarda kirayə müqavilələri notarial qaydada təsdiq olunmurdu və bu sahədə vergidən yayınma halları müşahidə edilirdi. Hazırda isə müqavilələrin notarial qaydada bağlanması geniş yayılıb. Bu da qiymətə təsir göstərir, çünki kirayə gəlirindən 14 faiz vergi ödənilməlidir. Yeni tikilən binalarda kommunal xidmət haqlarının artması da kirayə qiymətlərinə təsir edən amillərdəndir”.

Mehman Muradlı

“Qanunvericilik baxımından qiymətin artırılması özlüyündə hər hansı pozuntu sayılmır. Çünki kirayə münasibətləri müqavilə əsasında tənzimlənir və müqavilə tərəflərin iradə ifadəsini əks etdirir. Bu, dövlət tərəfindən tənzimlənən qiymət məsələsi deyil və Tarif Şurası tərəfindən müəyyən edilmir. Mənzil sahibi öz əmlakını hansı qiymətə kirayə verəcəyini bazar şərtlərinə uyğun olaraq özü müəyyən edir. Qiymətin formalaşması bazar prinsiplərinə əsaslanır və təbii olaraq hər kəs daha çox gəlir əldə etməyə çalışır”-deyə Mehman Muradlı qeyd edib.

Günel Həsənova, Bzizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
bizimyol.info

1Mənbələr