AZ

Azərbaycanın dövlətçilik ənənəsi və milli mənəvi irsinin gücü

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İSTİQAMƏT: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan xalqı minilliklər boyu formalaşmış zəngin dövlətçilik ənənəsinə, dərin milli-mənəvi dəyərlərə, elm və mədəniyyət sahəsində mühüm nailiyyətlərə malikdir. Bu irs təkcə keçmişimizin yaddaşı deyil, həm də bu günümüzün dayağı və gələcəyimizin təminatıdır.

Azərbaycanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxır. Qafqaz Albaniyası dövründən başlayaraq müxtəlif dövlət qurumları və siyasi idarəçilik ənənələri formalaşmış, sonrakı mərhələlərdə isə Səfəvi dövləti kimi güclü dövlətlər regionun siyasi xəritəsində mühüm rol oynamışdır. XX əsrdə isə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşmüş, demokratik idarəçilik, qadınlara seçki hüququ və çoxpartiyalı sistem kimi mühüm prinsipləri təsbit etmişdir.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirildi, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl addımlar atıldı. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Milli adət-ənənələrimiz xalqımızın mənəvi kimliyinin əsas sütunlarındandır. Novruz bayramı, ailə institutuna hörmət, böyüyə ehtiram, kiçiyə qayğı, qonaqpərvərlik kimi dəyərlər əsrlər boyu qorunaraq nəsildən-nəslə ötürülmüşdür. Novruz bayramı yalnız təbiətin oyanışını deyil, həm də birliyi, həmrəyliyi və yenilənməni simvolizə edir. Bu dəyərlər müasir dövrdə də cəmiyyətin sosial-mənəvi harmoniyasının qorunmasında mühüm rol oynayır.

Azərbaycanın elm və mədəniyyət sahəsində qazandığı uğurlar da diqqətəlayiqdir. Orta əsrlərdə yaşamış dahi mütəfəkkir Nizami Gəncəviin əsərləri dünya ədəbiyyatının incilərindəndir. Məhəmməd Füzulinin poeziyası, Üzeyir Hacıbəylinin musiqi irsi milli mədəniyyətimizin beynəlxalq səviyyədə tanınmasına töhfə vermişdir. Azərbaycan muğamı və aşıq sənəti isə xalq yaradıcılığının bənzərsiz nümunələri kimi dünya miqyasında maraq doğurur.

Müasir dövrdə də elm və təhsil sahəsində islahatlar, yeni ali təhsil müəssisələrinin fəaliyyəti, beynəlxalq layihələrdə iştirak ölkənin intellektual potensialını daha da gücləndirir. İnformasiya texnologiyaları, enerji, nəqliyyat və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın dinamik inkişafının göstəricisidir.

Azərbaycan bu gün qədim köklərə söykənən, eyni zamanda müasir dünyaya inteqrasiya olunmuş bir dövlətdir. Dövlətçilik ənənələrimiz, milli adət-ənənələrimiz və zəngin mədəni irsimiz xalqımızın birliyini möhkəmləndirir, gələcəyə inamla addımlamağa stimul verir. Bu dəyərlərin qorunması və təbliği hər bir vətəndaşın mənəvi borcu olmaqla yanaşı, ölkəmizin davamlı inkişafının əsas təminatlarından biridir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr