AZ

Antalya Oyuncaq Muzeyində "Azərbaycan guşəsi" yaradıldı

BAKI, 20 fevral. TELEQRAF

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi” yaradılıb.

Bu haqda Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi”ndə Azərbaycan nağıl qəhrəmanları – Tıq-Tıq xanım, Göyçək Fatma, Cırtdan, Qarı nənə, Məlikməmməd kimi personajların maket kuklaları, uçan xalça, habelə xalça toxuyan Azərbaycan xanımı və başqa maraqlı oyuncaqlar, maketlər yer alır.

Açılış tədbirində çıxış edən Antalya şəhər mədəniyyət və turizm idarəsi müdir müavini Serap Deryalı oyuncağın sadəcə uşaqların əyləncə vasitəsi deyil, mədəniyyət, yaddaş daşıyıcısı, tərbiyə vasitəsi olduğunu qeyd edərək, gələcək nəsillərimiz olan uşaqların ilk dəfə dünyanı oyuncaqlar və nağıl qəhrəmanları vasitəsilə tanıdığını qeyd edib. O, muzeydə qardaş ölkə olan olan Azərbaycanın ayrıca guşəsinin yaradılmasının uşaqlara və böyüklərə Azərbaycan xalqının mənəvi dünyasına açılan bir pəncərə olduğunu vurğulayıb.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalya Oyuncaq muzeyində belə bir Azərbaycan guşəsinin yaradılmasının əhəmiyyətli olduğunu, uşaqların mədəniyyətləri ən tez və ən səmimi şəkildə məhz obrazlar, nağıllar və oyuncaqlar vasitəsilə tanıdıqlarını qeyd edib.

S.Abbasov yaradılan guşədə Azərbaycan nağıllarının sevilən və nəsillər boyu yaddaşlarda yaşayan qəhrəmanlarının obrazları əsasında yaradılan maket kuklalarının yer aldığını bildirib.

Çıxış edən Antalya Büyükşəhər Bələdiyyəsi şəhər Tarihi Tanıtım və Turizm müdiri İsmail OSKAY, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri Azər İsmayıl bu təşəbbüsün eyni zamanda Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılması, mədəniyyətimizi bu cür layihələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan nağıl qəhrəmanlarını görən bir uşaq sabah Azərbaycan adını sevgi və maraqla xatırlayacaq. Onlar “Azərbaycan guşəsi”nin məhz Oyuncaq Muzeyində yaradılmasının xüsusi rəmzi məna daşıdığını vurğulayaraq, mədəniyyətlər arasında ən səmimi və ən davamlı dialoqun uşaqlar üzərindən qurulduğunu qeyd ediblər.

Seçilən
32
3
teleqraf.com

4Mənbələr