AZ

TRAMP UKRAYNAYA YARDIMI TAM DAYANDIRIB Avropa təhlükəsizliyi iki şok zərbə alıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Polşa Xarici İşlər naziri: “Biz real pul xərcləyirik, ABŞ isə pul qazanır”

Belə görünür ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı “əsas missiyasını” uğurla yerinə yetirməkdədir. Belə ki, son bir ildə ABŞ-nin Ukraynaya yardımı tam dayandırılıb və Tramp Avropanı Ukrayna Silahlı Qüvvələrini silahlandırmaq üçün ondan silah almağa məcbur edib.

“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı “Axios”-da dərc edilən yazıda deyilir ki, Rusiyanın Ukraynaya hücumunun dördüncü ilində Avropa ölkələri Ukryananın sağ qalması üçün əsas fəaliyyətlərdə hiss olunmadan ABŞ-ni əvəz ediblər.

Nəşrin də qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Tramp bu böyük müharibənin xərclərini Vaşinqton deyil, Avropanın çəkməli olduğunda uzun müdətdir ki, israr edirdi. İndi isə məlum olur ki, Tramp bu istəyinə demək olar, tam nail olub. Belə ki, nəşrin Kiel İnstitutuna istinadla verdiyi məlumata görə, 2025-ci ildə Avropa ölkələrinin Ukraynaya hərbi yardımı 67%, maliyyə və humanitar dəstəyi isə 59% artıb. ABŞ-nin yardımı isə ötən il ərzində tam dayandırılıb. Əvəzində, Tramp NATO müttəfiqlərini Amerika silahlarını almağa və Ukraynanın müdafiəsini özləri maliyyələşdirməyə məcbur edib.

Jurnalistlər qeyd ediblər ki, yüksək vəzifəli Avropa rəsmilərinə görə, bu yeni dinamika onlara Ukraynaya dair danışıqlar masasında yer tutmaq haqqı verir. Hansı ki, həmin masada ABŞ danışıqçıları aylardır Ukraynaya müharibəni dayandırmaq üçün təzyiq göstərirlər. Lakin Tramp administrasiyası Avropaya danışıqlar masasında yer verməyə qətiyyən həvəsli deyil.

"Biz real pul xərcləyirik, ABŞ isə əslində bu müharibədən pul qazanır. Bu, bizə razılaşmalarda və nəticələrdə söz demək imkanı verir", - deyə Polşa Xarici İşlər naziri Radek Sikorski bildirib.

Qeyd olunur ki, Almaniya kansleri Fridrix Merts də Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən oxşar fikirlər səsləndirib və AB-nin, xüsusən də Almaniyanın bir ildən çoxdur ki, Ukraynanın ən vacib hərbi sponsoru olduğunu deyib.

Həqiqətən də, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına görə, 2025-ci ilin sonuna qədər Avropanın Ukraynaya dəstəyi Amerikanın dəstəyini üstələyib. Bundan əlavə, Rusiya qoşunları təxminən 415.000 itki verib.

"Biz Moskvaya görünməmiş itkilər verdirdik və ziyan vurduq. Əgər Moskva nəhayət sülhə razılaşarsa, bu, həm də buna görə olacaq", - Merts deyib.

Lakin, nəşrin qeyd etdiyi kimi, bütün bunlara baxmayaraq, reallıq budur ki, Amerika kəşfiyyatı, sanksiyaların tətbiqi və ABŞ-nin silah satışı Ukraynanın müdafiəsində əvəzsiz rol oynamağa davam edir.

Yazıda qeyd edilir ki, ümumilikdə bu onillikdə Avropa təhlükəsizliyinə iki şok zərbə vurulub: Birincisi Rusiyanın Ukraynaya müdaxiləsi, ikincisi isə Trampın Ağ Evə qayıtmasıdır.

Xatırladaq ki, Cenevredə başa çatan Ukrayna danışıqlarının üçüncü raundu da heç bir ciddi nəticə verməyib. Baxmayaraq ki, Ağ Ev yenə onları “kifayət qədər uğurlu” hesab edir.

ABŞ administrasiyasından fərqli olaraq, Almaniya kansleri Fridrix Merts müharibənin danışıqlar yolu ilə tez bir zamanda sona çatma şansının az olduğunu deyib. Onun fikrincə, bu müharibə "yalnız tərəflərdən birinin hərbi və ya iqtisadi resursları tükəndikdə" bitəcək. Hazırda ən real qiymətləndirmə də məhz bu görünür…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azpolitika.info

1Mənbələr