AZ

Hakimin kobud səhvi “İnter”in yerini zirvədə möhkəmlətdi - İCMAL

A seriyasının 25-ci turunda qeydə alınan nəticələrdən sonra “İnter” liderliyini möhkəmləndirdi, “Milan” isə əzəli rəqibinin təqibini davam etdirdi.

"Football-plus.az" xəbər verir ki, tur fevralın 13-də Pizada keçirilən oyunla başladı. Fasilə ərəfəsində hesabı açan “Milan” 56-cı dəqiqədə üstünlüyünü iki topa çatdırmağa yaxın oldu. Lakin Füllkruq penaltini boşa verdi. Bundan ümidlənən ev sahibləri 71-ci dəqiqədə cavab qolunu vurdu. Milanlıları xal itkisindən 40 yaşlı Modriç xilas etdi. Çempionatdakı məğlubiyyətsiz seriyası 23 oyuna (15 qələbə, 8 heç-heçə) çatan Massimiliano Alleqrinin komandası liderdən yenə 8 xal geridədi. Amma “Milan”ın ehtiyatda bir təxirə salınan oyunu var.

Turun mərkəzi oyunu Milanda keçirildi. Əlbəttə, “İnter”lə “Yuventus” arasındakı duelin necə nəticələnəcəyi maraqla gözlənilirdi. İlk dövrənin Turində keçirilən oyunu ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə nəticələnmişdi. Prinsipial matç bu dəfə qalmaqalla daha çox yadda qaldı. Tərəflər ilk hissədə hərəyə bir qol vudu. Daha dəqiq ifadə etsək, qonaqların cinah oyunçusu Kambyazo əvvəlcə topu öz komandasının, az sonra isə rəqibin qapısına yönəltdi. 42-ci dəqiqədə baş verən hadisəyə hakimin münasibəti oyunun axarına təsirsiz ötüşmədi. Belə ki, Kalulunun Bastoniyə azacıq toxunuşunu ikinci sarı vərəqə ilə dəyərləndirən Federiko La Penna “Yuventus”u meydanda on nəfərlə qoydu. Turinlilər azlıqda böyük əzmkarlıqla mübarizə aparsalar da, rəqibin heyətində daim artan hücumameyilli oyunçuların təzyiqi qarşısında sonadək tab gətirə bilməyib 2:3 hesabıyla uduzdular. Çempionatda ardıcıl 6-cı qələbəsini qazanan və məğlubiyyətsiz seriyasını 13 oyuna (12 qələbə, 1 heç-heçə) çatdıran Kristian Kivunun komandası lider mövqeyini möhkəmlətdi.

“İnter”liləri Neapoldakı oyunun nəticəsi də sevindirdi. “Roma” ilə 2:2 hesabına razılaşan “Napoli” çempion titulunu itirmək ehtimalını bir qədər də artırdı. Antonio Kontenin komandası liderdən 11 xal geri düşdü.

25-ci tur
Piza – Milan 1:2

Loyola, 71 - Loftus-Çik, 39. Modriç, 85. (14869)
Milan: Menyan, Qabbya, Pavloviç, Tomori, Bertezaqi, Atekame (Pulişiç, 77), Rabyo, Fofana (Riççi, 77), Modriç, Loftus-Çik (Leao, 71), Nkunku (Füllkruq, 50/De Vinter, 90).

Komo – Fiorentina 1:2
Parizi, 77-öz qapısına - Facoli, 26. Ken, 54-p. (11387)
Fiorentina: De Xea, Ponqraçiç, Ranyeri, Dodo, Parizi, Mandraqora, Facoli (Ndur, 84), Breşianini, Harrison, Solomon, Ken (Pikkoli, 84).

Latsio – Atalanta 0:2
Ederson, 41-p. Zalevski, 60. (3400)
Latsio: Provedel, Maruşiç, Xila (Patrik, 46), Provstqor, Tavareş, Kataldi (Rovella, 67), Teylor (Kançelyeri, 79), Dele Başiru, İsaksen (Dia, 88), Noslin (Ratkov, 67), Maldini.
Atalanta: Karnesekki, Skalvini (Kossunu, 46), Cimşiti, Ahanor (Kolaşinats, 77), Bernaskoni, Zappakosta (Bellanova, 83), De Roon, Ederson, Zalevski (Sulemana, 70), Samarciç (Raspadori, 46), Krstoviç.

İnter – Yuventus 3:2
Kambyazo, 17-öz qapısına. F.Espozito, 76. Zyelinski, 90 - Kambyazo, 26. Lokatelli, 83. (75515)
İnter: Zommer, Bastoni (Auqusto, 46), Bissek, Akanci, Zyelinski, Dimarko, Barella (Çalhanoğlu, 54), Suçiç (Diuf, 66), Luis Enrike (F.Espozito, 66), L.Martines, M.Türam (Bonni, 86).
Yuventus: Di Qreqorio, Kelli, Bremer, Kalulu, Kambyazo (Openda, 78), Miretti (Koopmeyners, 61), Lokatelli, Makkenni, Yıldız (Boqa, 75), Konseysao (Holm, 46), Devid (Kabal, 61).

Torino – Bolonya 1:2
Vlaşiç, 62 – Vlaşiç, 49-öz qapısına. Kastro, 70.
Bolonya: Skorupski, Miranda, Lukumi, Vitik, Joao Mario (Zortea, 74), Fröyler, Moro, Rou (Dominges, 74), Zom (L.Ferqyuson, 87), Bernardeski (Odqor, 83), Kastro (Orsolini, 83).

Napoli – Roma 2:2
Spinatsola, 40. Alisson, 82 – Malen, 7; 71-p. (52000)
Napoli: Milinkoviç-Saviç, Rrahmani (Olivera, 70), Buoncorno, Beukema, Qutyerres, Spinatsola (Alisson, 70), Lobotka, Verqara (Jiovane, 79), Politano (Matsokki, 85), Elmas (Gilmor, 79), Höylunn.
Roma: Svilar, Qilardi, Mançini, Ndika, Çelik, Pizilli (Əl-Aynaui, 65), Fransa (Simikas, 73), Kristante, Lorentso Pelleqrini (Venturino, 65), Saraqosa (Sule, 46), Malen (Vaz, 73).

Udineze – Sassuolo 1:2
Sole, 10 - Loryante, 56. Pinamonti, 58. (23199)

Kremoneze – Cenoa 0:0
(13128)

Parma – Verona 2:1
Bernabe, 4. Pelleqrino, 90+3 – Harrui, 43-p. (17237)

Kalyari – Leççe 0:2
Handelman, 65. Ramadani, 76.

1. İnter 25 20 1 4 60-21 61
2. Milan 24 15 8 1 40-18 53
3. Napoli 25 15 5 5 38-25 50
4. Roma 25 15 2 8 31-16 47
5. Yuventus 25 13 7 5 43-23 46
6. Atalanta 25 11 9 5 34-21 42
7. Komo 24 11 8 5 38-18 41
8. Bolonya 25 9 6 10 34-32 33
9. Latsio 25 8 9 8 26-25 33
10. Sassuolo 25 9 5 11 29-35 32
11. Udineze 25 9 5 11 28-38 32
12. Parma 25 7 8 10 18-31 29
13. Kalyari 25 7 7 11 28-35 28
14. Torino 25 7 6 12 25-44 27
15. Kremoneze 25 5 9 11 21-33 24
16. Cenoa 25 5 9 11 29-37 24
17. Leççe 25 6 6 13 17-31 24
18. Fiorentina 25 4 9 12 29-39 21
19. Piza 25 1 12 12 20-42 15
20. Verona 25 2 9 14 19-43 15

Bombardirlər: L.Martines (İnter) - 14, Duvikas, Pas (hər ikisi “Komo”), Höylunn (Napoli), Pulişiç (Milan), Yıldız (Yuventus) - 8.

Növbəti turun oyunları fevralın 20-23-ü aralığında keçiriləcək: Sassuolo - Verona, Yuventus - Komo, Leççe – İnter, Kalyari – Latsio, Cenoa - Torino, Atalanta - Napoli, Milan - Parma, Roma – Kremoneze, Fiorentina - Piza, Bolonya - Udineze.

Turun rəqəmi
17 - Füllkruq yanvarda sıralarına qoşulduğu “Milan”da hələ ki bombardirlik qabiliyyətini nümayiş etdirməkdə çətinlik çəkir. “Vest Hem”dən icarəyə götürülən alman futbolçu A seriyasında meydana çıxdığı 8 oyunda yalnız bir dəfə qapıya yol tapıb. Onun “Piza” ilə oyunda ikinci qoluna sevinmək şansı olsa da, penaltini boşa verdi. Maraqlıdı ki, Niklas 2017-ci ilin dekabrından sonra ilk, karyerasında isə ikinci dəfə penaltidən yararlana bilmədi. Cümə gününə qədər ardıcıl 17 cəhdi uğurlu alınmışdı.

Turun ulduzu
Doniell Malen (Roma) - sıralarına yanvarda qoşulduğu yeni komandasına qısa müddətdə uyğunlaşdığını “Napoli” ilə oyunda da göstərdi. İki qol vuran niderlandlı hücumçu “Roma”nın çətin səfərdə xal qazanmasında böyük pay sahibi oldu. Yeri gəlmişkən, 27 yaşlı futbolçu A seriyasında meydana çıxdığı 5 oyunda 5 dəfə fərqlənib.

Turun sitatı
Canluka Rokki, A Seriyasının Hakimlər Komitəsinin sədri:
“İnter” - “Yuventus” matçında hakim Federiko La Penna “Yuventus”un oyunçusu Pyer Kalulunun rəqib oyunçu Alessandro Bastoniyə qarşı kobudluq etdiyini əsas gətirərək ona ikinci sarı vərəqəni göstərib və onu qırmızı vərəqə ilə cəzalandırıb. Bu hadisəyə, La Pennanın yanlış qərarına və VAR sisteminin bu səhvi düzəltmək üçün müdaxilə edə bilməməsinə görə dərin təəssüf hissi keçirir və üzr istəyirik”.
Seçilən
16
football-plus.az

1Mənbələr