AZ

Binə qəsəbəsinin kanalizasiya və su problemi nə vaxt düzələcək? -Qurumdan CAVAB

Fevralın 2-də Binə qəsəbəsində gördüklərimizlə bağlı “Unudulmuş QƏSƏBƏ - Binə sakinləri üfunət, susuzluq və palçıq içində” adlı yazı hazırlamışdıq.  Musavat.com-un əməkdaşı Binədə sakinlərinin üzləşdiyi mövcud vəziyyəti yerində araşdırmışdı. Qəsəbə sakinləri içməli su təminatının kəsilməsi, kanalizasiya sisteminin olmaması, yolların çirkab su və palçıq içində qalması, uşaqların məktəbə çətinliklə gedib‑gəlməsi və gündəlik həyatın zülmə çevrilməsi ilə bağlı ciddi narazılıqlarını ifadə etmişdilər.

Problemlər fonunda qəsəbədə antisanitariya şəraiti formalaşdığı vurğulanmışdı, sakinlər isə aidiyyəti qurumlardan operativ müdaxilə gözlədiklərini bildirmişdilər.

Məsələ ilə bağlı Musavat.com olaraq aidiyyəti qurumlara sorğu ünvanladıq. Üstündən iki həftədən çox vaxt keçməsinə baxmayaraq Xəzər rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən nəinki cavab aldıq, heç müraciətə reaksiya da olmadı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə Musavat.com-un sorğusuna cavab verilib. Sualları və cavabları təqdim edirik:

-Binə qəsəbəsi, 21/47-ci məhəllədə yerləşən yaşayış binasının zirzəmisinin kanalizasiya suları ilə dolması faktı qurum tərəfindən araşdırılıbmı?

-Binə qəsəbəsi, 21/47-ci məhəllənin zirzəmilərinə mütəmadi və müraciət əsasında baxış keçirilir. Hazırda da zirzəmiyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən baxış keçirilib. Xətdə qeydə alınan tutulma aradan qaldırılıb.

Xüsusilə diqqətə çatdıraq ki, kanalizasiya xətlərinin tutulmasının əsas səbəbləri vətəndaşların xətlərə məişət əşyaları (salfet, bez və s.) atmasıdır. Abonentlərə bir daha müraciət edirik ki, kanalizasiya sisteminə tullantı suyundan kənar əşyalar atmasınlar.

- Həmin məhəllədə mərkəzləşdirilmiş kanalizasiya xətti varmı? Yoxdursa, nə vaxt çəkilməsi planlaşdırılır?

- Həmin məhəllədə mərkəzləşmiş kanalizasiya şəbəkəsi var və istismar edilir.

- Zirzəmidə yığılan çirkab suların sanitar-epidemioloji təhlükə yaratması ilə bağlı rəy alınıbmı?

- Zirzəmidə suyun yığılması halı şəbəkədə tutulma baş verən zaman ola bilir. Belə olduğu halda da, İdarə tərəfindən tutulma aradan qaldırılır.

- Binə qəsəbəsi, 101 saylı yataqxananın kanalizasiya sisteminin tutulması ilə bağlı son texniki baxış nə vaxt keçirilib?

- 101 saylı yataqxananın zirzəmisinə mütəmadi və müraciət əsasında baxış keçirilir. 17 fevral 2026-cı il tarixində sakinlərin müraciəti əsasında baxış keçirilib, xətdə tutulma aşkarlanıb, xətt açılıb və istismardadır.

- Binə qəsəbəsi, 101 saylı yataqxananın su təminatı niyə fasiləsiz deyil? Sakinlər bildirir ki, su verilişi yalnız  gün ərzində bir saat səhər, bir saat gecə olur.

- Sözügedən ünvanda abonentlərin su təchizatı qrafikli rejimlə tənzimlənir. Təyin olunmuş gündəlik qrafik əsasında suyun verilməsi həyata keçirilir. Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

- Bu binanın su xətti hansı səbəbdən zəif təzyiqlə işləyir?

- Qeyd olunan binaya verilən suyun təzyiqi müvafiq normadadır.

Rizvan Məmmədhüseynov küçəsində də korpuslara niyə su verilmir? Yalnız səhər saat 11-də və gecə 12-də yalnız 1 saat verilir. Bunun səbəbi nədir və problem nə zaman həllini tapacaq?

-Sözügedən ünvanda abonentlərin su təchizatı qrafikli rejimlə tənzimlənir. Təyin olunmuş gündəlik qrafik əsasında suyun verilməsi həyata keçirilir. Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

-Məhəmməd Bağırov küçəsində drenaj sistemi quraşdırılıbmı? Xüsusilə də 326 nömrəli məktəbin və yaxın ərazidə bağçanın qarşısı palçıq, su ilə dolu olur. Uşaqların gediş-gəlişi çətinləşir,  bu ərazidə problem nə zaman aradan qaldırılacaq?  

- Qeyd olunan ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Mərkəzləşdirilmiş şəbəkə olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin, eləcə də drenaj xətlərinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.Musavat.com

Seçilən
2
50
ekologiya.az

10Mənbələr