AZ

Rusiya, Çin və İran birgə ABŞ-yə "dayan" mesajı verir? -Ekspert DANIŞDI

Xəbər verdiyimiz kimi, Rusiya, Çin və İran arasında Bəndər Abbas sularında birgə dəniz təlimləri başlayıb.

Bəs başlayan təlimləri ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğuna bir mesaj kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, İran ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər demək olar ki, özünün ən gərgin və təhlükəli nöqtəsinə gəlib çatıb:

"Belə olan halda ABŞ-ni hərbi müdaxilədən çəkindirmək məqsədilə İran Hörmüz boğazı və Bəndər Abbas istiqamətində daha əvvəl də hərbi təlimlər keçirib. Bu təlimlər ilkin mərhələdə Rusiya ilə başlamışdı, hazırda isə Çin hərbi dəniz qüvvələri də bu təlimlərə qoşulub. Bir çoxları hesab edir ki, bu təlimlərin keçirilməsi ABŞ-nin planlarında müəyyən dəyişikliklərə səbəb ola bilər və ən azından birbaşa hərbi müdaxilə məsələsi arxa plana keçə bilər. Lakin görünən odur ki, ABŞ İranı nüvə sazişi ətrafında razılığa gətirmək üçün məhdud zərbələr variantından istifadə edə bilər. Bu məqsədlə artıq ikinci aviadaşıyıcı zərbə qruplaşmasının da İran ətrafında yerləşdirilməsinə başlanılıb".

Ekspertin sözlərinə görə, qüvvələr nisbəti isə birmənalı şəkildə ABŞ-nin xeyrinədir.

"Ehtimal olunur ki, ABŞ keçirilən bu təlimlərə baxmayaraq öz planlarından imtina etməyəcək və İrandan tələb etdiyi şərtlərin qəbul etdirilməsi üçün müxtəlif variantlara əl ata bilər. Hərbi müdaxilə ehtimalı da mümkündür, sadəcə miqyasının ilkin mərhələdə məhdud olması gözlənilir. Belə zərbələrdən sonra İranın qısa müddət bir və ya iki həftə ərzində ABŞ-nin tələblərinə münasibət bildirməsi gözlənilə bilər. Əks halda, ABŞ və onun müttəfiqlərinin, eləcə də regionda yerləşən hərbi bazaların dəstəyi ilə daha uzunmüddətli və irimiqyaslı əməliyyatların başlanması ehtimalı istisna edilmir".

Xədicə BAXIŞLI

Seçilən
29
redaktor.az

1Mənbələr