AZ

Professor Elçin Əhmədov: İtkinlərin taleyinin müəyyən olunması ailələr üçün təsəllidir

"Xocalıya aparan yol barədə danışarkən insan istər-istəməz düşünür ki, kaş bugünkü güclü dövlətimiz o zaman da olaydı. Bu gün hər kəs bunu fikirləşir. “Kaş” demək bəzən düzgün hesab olunmur, adətən “şükür olsun” deyirik. Amma reallıq budur ki, həmin dövrdə dövlətimizin dayaqları zəif idi. O vaxt idarəçilik sistemi tam formalaşmamışdı. Müdafiə nazirləri tez-tez dəyişirdi, ordu quruculuğu zəif idi, ölkə faktiki olaraq yiyəsiz vəziyyətdə qalmışdı. İnsanlar öz imkanları ilə, könüllü şəkildə silaha sarılırdı. Bugünkü nəsil həmin dövrü yaşamayıb, biz isə o hadisələrin şahidi olmuşuq və danışdıqca yenidən yaşayırıq".

QHT.az xəbər verir ki, bu fikirləri professor, siyasi elmlər doktoru Elçin Əhmədov “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, 1999-cu ildən İdarəçilik Akademiyasında dərs deyirəm. Mənə heç kim tapşırmayıb ki, ayrıca fənn kimi bu mövzunu tədris edim, amma 25 ilə yaxındır ki, Qarabağ hadisələrini tələbələrə ayrıca bir fənn kimi keçmişəm. Azərbaycan tarixini öyrənirlər, amma mən bu mövzunu xüsusi olaraq önə çəkmişəm. 26 ildir hər dəfə bu hadisələri danışdıqca sanki yenidən yaşayıram:

"Biz hər dəfə bu mövzulara qayıdanda özümüzü də həmin yaranın bir parçası hesab edirik. Mən özüm də Şuşada kontuziya almışam, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Bu, təkcə fiziki deyil, mənəvi yaradır. Bu gün də bir çox insan həmin travmanın təsiri altındadır və tam sağala bilməyib. Bu tədbir “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Eldar müəllimin təmsil etdiyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna təşəkkür etmək istəyirəm. Bu istiqamətdə böyük işlər görülür. Nə qədər ağır olsa da, hər hansı bir itkinin taleyinin müəyyən olunması, bir sümüyünün belə tapılması ailələr üçün təsəlli olur. İnsan ən azı bilir ki, doğmasının taleyi bəllidir. Xocalıya qədər də biz bir sıra faciələr yaşamışıq. Qaradağlıda, Malıbəylidə, Quşçularda, Cəmillidə, Meşəlidə, Tuğda, Sırxavənddə, İmarət-Qərvənddə, Nəbilərdə, Kərkicahanda və digər kəndlərimizdə insanlar hücumlara, qətliamlara məruz qaldılar. 1991-ci ildə müstəqilliyimizi elan etmişdik, amma reallıqda dövlət institutları tam formalaşmamışdı".

Professor həmçinin bildirib ki, bu gün tələbələrimə də deyirəm: təsəvvür edin ki, biz bir günlük antiterror əməliyyatı ilə beş rayonda dövlət bayrağını qaldırdıq. Amma 1991-ci ildə müstəqil olmağımıza baxmayaraq, həmin ərazilərdə bayrağımız yox idi. Çünki torpaqlar işğal olunmuşdu, əhali əsir götürülmüş, itkin düşmüş, soyqırımına məruz qalmışdı. İtkin düşənlərin böyük əksəriyyətinin adı illərlə naməlum qaldı. İnsan taleyə inanmaq istəmirdi, amma reallıq çox ağır idi.

Seçilən
22
qht.az

1Mənbələr