ain.az, 525.az saytına istinadən bildirir.
Müasir dünyanın sürətlə inkişaf etməsi ənənələrə və mövcud texnologiyalara əsaslanan reproduktiv fəaliyyətin əhatə dairəsini daraldır və innovativ fəaliyyətin tətbiqini genişləndirir. Sürətlə inkişaf edən dünya ilə əl-ələ getmək üçün təhsil sahəsində yeni öyrənmə mühitinin yaradılması çox önəmlidir. Layihə əsaslı öyrənmə də şagirdyönümlü öyrənmənin təminatında xüsusilə seçilir.
Təhsil İnstitutunun Metodik xidmətin təşkili və monitorinqi şöbəsinin müdiri Nigar Əhmədzadə deyir ki, layihə əsaslı öyrənmə şagirdlərin reallığa əsaslanan məsələlər üzərində işləyərək bilik və bacarıqları mənimsədiyi təlim yanaşmasıdır. Bu metod yalnız məlumat ötürməyə deyil, həm də biliklərin praktik tətbiqinə yönəlib. "Nəyi öyrətmək?", "niyə öyrətmək?", "necə öyrətmək?" sualları ilə yanaşı, həm də "necə səmərəli öyrətmək olar?" sualına cavab axtarışları alimləri və təhsil mütəxəssislərini tədris prosesini "texnolojiləşdirməyə", yəni təlimi zəmanətli nəticə verən bir növ istehsal texnoloji prosesə çevirməyə cəhd göstərməyə gətirib çıxarmışdır. Bununla əlaqədar olaraq pedaqogikada yeni bir istiqamət pedaqoji texnologiyalar yaranıb. Şagirdləri layihə əsaslı öyrənmə, tədqiqat və layihə fəaliyyətləri ilə tanış etməyin əsas məqsədi yeni düşüncə tərzinə malik şəxslərin mümkün qədər erkən inkişafını təşviq etməkdir: "Hər bir fərdin tədqiqat aparmaq potensialını inkişaf etdirmək üçün məktəb şagirdlərində yaradıcı və tənqidi təfəkkürü formalaşdırmaq zəruridir. Şagirdlərin tədqiqat aparmaq və layihə işləmək fəaliyyətlərinin modelləşdirilməsi, bu modellərin sınaqdan keçirilməsi və tətbiqi nəzəriyyə ilə təcrübənin yaxınlaşmasına töhfə verməlidir ki, bu da yeni tipli bir şəxsiyyət və bacarıqlı mütəxəssisin yetişdirilməsi prosesində xüsusilə vacibdir. Tədris layihəsi şagirdlərin birgə, məqsədyönlü, əvvəlcədən planlaşdırılmış və şüurlu fəaliyyətidir. Layihə əsaslı öyrənmə bir problemin həlli üstündə qurulur. Problem müəyyənləşəndən sonra layihənin məqsədi, araşdırma metodları seçilir. Müəllim yeni məlumat mənbələri təklif edə və ya sadəcə şagirdlərin düşüncə tərzini müstəqil tədqiqat üçün düzgün istiqamətə yönəldə bilər. Nəticədə, şagirdlər problemi özləri həll etməli, əməkdaşlıq edərək, bəzən müxtəlif sahələrdən lazımi bilikləri tətbiq edərək real və hiss olunan nəticə əldə etməlidirlər. Beləliklə, problem layihə əsaslı fəaliyyətin konturlarını alır. Layihə müəyyən bir problemin öyrənilməsi və onun praktiki və ya nəzəri tətbiqidir. Layihə metodunun məqsədi şagirdlərin müstəqil, yaradıcı fəaliyyətini inkişaf etdirməkdir. Yaradıcı, praktik işlərinin nəticəsi olaraq şagirdlər yeni bilik və bacarıqlara əsaslanaraq problemin həlli yolunu tapıb təklif verir və ya son məhsul yaradırlar. Layihə əsaslı öyrənmə ünsiyyət bacarıqlarının inkişaf etdirməyə imkan yaradır. Şagirdlər həm fərdi, müstəqil işləyirlər, həm də qruplar şəklində birləşib müzakirələr edir, ümumi qərarlar qəbul edirlər. Şagirdlərin layihə əsaslı fəaliyyətlərində əsas məqsəd onları müstəqil tədqiqat aparılmasına yönəltməkdir. Layihə şagirdin baxış bucağından müstəqil, qrup halında və ya təkbaşına maraqlı bir iş görmək, qabiliyyətlərini maksimum dərəcədə artırmaq üçün bir fürsətdir. Bu, şagirdlərə özlərini ifadə etməyə, biliklərini tətbiq edərək yeni bacarıqlar əldə etməyə, töhfə verməyə və nailiyyətlərini ictimaiyyət qarşısında nümayiş etdirməyə imkan verən bir fəaliyyətdir. Müəllim baxımından tədris layihəsi, orta məktəb şagirdlərində aşağı təfəkkür bacarıqlarından başlayaraq yuxarı təfəkkür bacarıqlarını inkişaf etdirməyə imkan yaradır. "Öyrəndiyim hər şeyin mənə nə üçün lazım olduğunu və bu bilikləri harada və necə tətbiq edə biləcəyimi bilirəm" bu, layihə metodunun müasir anlayışının əsas tezisidir. Məhz bu xüsusiyyət akademik biliklərlə praktik bacarıqlar arasında məntiqli tarazlıq tapmağa çalışan bir çox təhsil sistemlərini cəlb edir".
Onun sözlərinə görə, layihə fəaliyyətində şagird öz biliklərini müxtəlif mənbələrdən toplayaraq təhlil edir, faktları müqayisə edir və nəticələr çıxarır. Bu proses tənqidi düşüncə bacarıqlarını formalaşdırır. Layihə mövzunun yalnız səthi öyrənilməsinə deyil, onunla işin dərinliyinə yol açır.
Şagird konkret nəticə əldə etmək üçün konsepsiyaları anlamağa məcbur olur. Layihə əsaslı öyrənmə kommunikasiya, əməkdaşlıq, vaxt idarə etməsi, qərarvermə kimi həyati bacarıqları inkişaf etdirir ki, bunlar məktəbdən kənar həyatda da tələb olunur: "Şagird öz marağına uyğun layihə seçdikdə, fəaliyyətə daxili motivasiya yaranır ki, bu da bilik əldə etmə prosesini daha səmərəli edir. Layihə metodu adi sinif şəraitində şagirdlərin müstəqil, fərdi və ya qrup şəklində fəaliyyəti kimi, müxtəlif müddətlər ərzində tətbiq oluna bilər. Bu metod həmçinin müasir informasiya texnologiyalarından, xüsusilə kompüter telekommunikasiyalarından istifadə etməklə də həyata keçirilə bilər. Layihə metodu şagird üçün idrak fəaliyyətinin aktivləşdirilməsi, yaradıcılığın inkişafı və eyni zamanda müəyyən şəxsi keyfiyyətlərin formalaşdırılması üçün didaktik vasitədir. Şagirdin müxtəlif layihələrin hazırlanmasına fəal şəkildə cəlb olunması ona sosial-mədəni mühitdə insan fəaliyyətinin yeni üsullarını araşdırmaq imkanı yaradır. Tədqiqat yönümlü layihələr bir sıra istiqamətlərə əsaslana bilər. Məsələn, bir fənni əhatə edir, fənlərarası ola bilər, fənnüstü ola bilər. Belə layihələr həm dərs zamanı, həm də fakültativ məşğələlərdə, inteqrasiya olunmuş kursların öyrənilməsi zamanı, yaradıcılıq emalatxanalarında həyata keçirilir. Bu tip layihələr tam şəkildə elmi tədqiqatın məntiqinə tabe olur və strukturu real elmi tədqiqatın strukturu ilə üst-üstə düşür və ya ona çox yaxın olur. Tədqiqat mövzusunun aktuallığının əsaslandırılması, tədqiqat probleminin müəyyən edilməsi, obyekt və məzmunun seçilməsi, qəbul olunmuş məntiqə uyğun şəkildə tədqiqat vəzifələrinin müəyyənləşdirilməsi, tədqiqat metodlarının və informasiya mənbələrinin seçilməsi, tədqiqat metodologiyasının müəyyənləşdirilməsi. Problemin həlli üçün hipotezlərin irəli sürülməsi, o cümlədən eksperiment və təcrübə aparmaqla həll variantlarının müəyyən edilməsi, əldə olunan nəticələrin müzakirəsi, nəticələrin çıxarılması, tədqiqat nəticələrinin rəsmiləşdirilməsi və gələcək tədqiqatlar üçün yeni problemlərin müəyyən olunması. Bu tip layihələr şagirdlərin bölmə ərzində əldə etdikləri biliklərin mənimsəməsinə əsaslanaraq həmin biləklərin real həyatda tətbiqini təmin edir və tədqiqat bacarıqlarını gücləndirir".
Nigar Əhmədzadə bildirib ki, yaradıcı layihələr şagirdlərin fərdi qabiliyyətlərinə və istedadlarına əsaslanır. Burada əsas məqam iştirakçıların maraq və qabiliyyətləridir. Belə layihələrdə nəticələr və onların təqdimetmə forması əvvəlcədən razılaşdırılmalıdır. Yaradıcı layihələrin nəticələrinin tərtibatı ssenarilər, planlar, məqalələr, reportajlar, rəsm sərgisi və s. formasında dəqiq düşünülmüş struktur tələb edir. Oyun xarakterli layihələrdə strukturu müəyyənləşdirildikdən sonra şagirdlər layihənin məzmunu ilə tanış olurlar və şərtlərə uyğun müəyyən rolları öz üzərlərinə götürürlər. Bu rollar ədəbi personajlar və ya sosial və ya işgüzar münasibətləri təqlid edən, iştirakçıların özləri tərəfindən yaradılmış situasiyalarla mürəkkəbləşdirilən uydurma qəhrəmanlar ola bilər. Belə layihələrin nəticələri layihənin əvvəlində müəyyən edilə bilər və ya yalnız layihənin sonunda aydınlaşa bilər. Burada yaradıcılıq dərəcəsi çox yüksəkdir, lakin aparıcı fəaliyyət növü yenə də rol oyunları və macəra xarakterli oyun fəaliyyətidir. İnformasiya yönümlü layihələr bəzən nəzəri layihələr də adlandırılır. Bu tip layihələr geniş auditoriya üçün nəzərdə tutulmuş informasiyanın toplanmasına, faktların təhlili və ümumiləşdirilməsinə yönəldilir. Bu layihələr tədqiqat layihələri kimi, yaxşı düşünülmüş struktura və layihə üzərində iş prosesində sistemli korrektə imkanlarına malik olmalıdır. Bu cür layihələr tez-tez tədqiqat layihələrinə inteqrasiya olunur və onların tərkib hissəsinə, moduluna çevrilir. İnformasiya axtarışı və təhlilinin strukturu fənn üzrə tədqiqat fəaliyyəti ilə çox oxşardır. İnformasiya axtarışının predmeti, aralıq nəticələrin göstərilməsi ilə mərhələlərin müəyyən edilməsi, toplanmış faktlar üzərində analitik iş, ilkin istiqamətin (zərurət olduqda) korrektə edilməsi, dəqiqləşdirilmiş istiqamətlər üzrə informasiyanın sonrakı axtarışı, yeni faktların təhlili, ümumiləşdirmə, nəticələrin cıxarılması, yekun nəticələrin rəsmiləşdirilməsi: "Praktik layihələr iştirakçıların fəaliyyətinin nəticəsinin əvvəlcədən dəqiq müəyyən olunması ilə fərqlənir. Bu nəticə mütləq şəkildə iştirakçıların sosial maraqlarına yönəlmiş olur. Belə layihələr iştirakçıların bütün fəaliyyətinin ssenarisini, hər birinin funksiyalarının müəyyənləşdirilməsini, dəqiq nəticələrin çıxarılmasını və hər kəsin yekun məhsulun hazırlanmasında iştirakını nəzərdə tutan yaxşı düşünülmüş struktur tələb edir. Burada mərhələli müzakirələrin təşkili, birgə və fərdi səylərin korrektə edilməsi, əldə edilmiş nəticələrin təqdimatı və onların praktikaya tətbiqi yollarının müəyyənləşdirilməsi, həmçinin layihənin sistemli qiymətləndirilməsinin təşkili xüsusilə vacibdir. İndi isə konkret layihə nümunələri əsasında bu pedaqoji texnologiyanın didaktik mahiyyətini daha dolğun şəkildə dərk etməyə çalışaq. Burada vacib məqam ondan ibarətdir ki, layihə metodu pedaqoji texnologiyaların bir nümunəsidir, onun həyata keçirilmə vasitələri isə müxtəlif ola bilər. Layihə fəaliyyəti tədris prosesinə birbaşa inteqrasiya oluna bilər və ya əsasən dərsdənkənar fəaliyyət çərçivəsində həyata keçirilə bilər. Bu isə layihə metodunun çevikliyini və təlim prosesində geniş tətbiq imkanlarını nümayiş etdirir. Layihə əsaslı öyrənmə sayəsində təhsil prosesi məzmunu mənimsəməkdən çıxaraq həyat bacarıqlarını inkişaf etdirməyə çevrilir və şagirdlər gələcəkdə qarşılaşacaqları realproblemlərə hazırlıqlı olur. Bu metod, həmçinin müəllim və şagird arasında əməkdaşlıq, maraq və motivasiyanı artıraraq məktəbi yalnız bilik mənbəyi deyil, həm də yaradıcı vəöyrədici mühitə çevirir. Layihə əsaslı öyrənmə şagirdləri passiv bilik qəbul edən deyil, öyrənməyi, düşünməyi və yaratmağı bacaran fəal subyektlərə çevirən müasir təlim yanaşmasıdır".
Sevinc QARAYEVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.