AZ

Oxuduğuna və gördüyünə görə utanmaq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az portalına istinadən.

Zümrüd Dadaşzadə, professor:

- Bu gün Yazıçılar Birliyində Araz Dadaşzadənin 90 illik yubileyi ilə bağlı xatirə toplantısı oldu. Nə deyim, mənim üçün xatirələrə dönmək asan deyil -  sanki yaram təzələnir, qəlbim çalxalanır... Çox çətin sınaqdır bu - çox... Dözülməz dərəcədə... 54 yaşında, müdhiş 1990-cı ildə ata itirmək dərdi böyük dərd.

Atam bir alim kimi Akademiyada püxtələşdi. Öz əsas tədqiqatını da - 18-ci əsr Azərbaycan lirikası - Akademiyada həyata keçirdi.  Amma onun yaradıcılığının başqa bir qütbü - müasir ədəbi proses idi. Odur Yazarlar Birliyində də belə bir anım tədbiri, yəqin, labüd idi. İttifaqın rəhbəri Anarın təşəbbüsü ilə keçirilən bu dəyirmi masa arxasında söhbətə xeyli insan - alim, yazıçı, sənətşünas, jurnalist qatıldı.   AMEA-nın prezidenti İsa Həbibbəyli, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, İntiqam Qasımzadə, Çingiz Abdullayev, Vaqif Yusifli, Rüstəm Kamal, Elçin Hüseynbəyli, Namiq Əhmədov, Tahir Aydınoğlu və sonda da biz - Aqşin Kamilə ilə, Zümrüd...

Tədbirlər çox - mənalı və mənasız, təmtəraqlı və süst... Bu gün əslində adam çox deyildi, amma məncə, ürəyinin səsinə hay verib gəlmişdilər. Axı şair demişkən, "nəhəng olan uzaqdan daha aydın görünər"... İllər ötür, kimi, nə kimi sanbala malik insanları itirdiyimizi anlayıb sarsılırıq...

Əlbəttə, A.Dadaşzadə böyük vaqifşünas (Nizami müəllimin bu barədə xüsusi məqaləsi də yaxınlarda işıq üzü gördü) kimi səciyyələndirildi. İsa müəllim Araz Dadaşzadə - alimin ədəbi fikir tarixində yerini dəqiq müəyyənləşdirdi. Bu gün Vaqif haqqında tədqiqatını bitirməkdə olan və bu kitabını Araz müəllimin ruhuna ithaf edən Rüstəm Kamalın  dediyi kimi, S.Vurğun Vaqifin bədii obrazını, Araz müəllim isə elmi obrazını yaratmağa müvəffəq oldu.

T.Kərimli A.Dadaşzadənin İntibah dövrü insanlarına xas geniş dünyagörüşünə nəzər-diqqəti cəlb etdi. İ.Qasımzadə alimin araşdırma işində nadir ardıcıllığını nəzər-diqqətə çatdırdı. Vaqif Yusifli onun "nikbinlik fəlsəfə"sini vurğuladı. Əlbəttə, siyasi iqlimin mülayimləşməsi şəraitində meydana atılan 60-cılar nəslinin də tariximiz üçün əhəmiyyətindən söz düşdü.  Bu sırada yazarlar, bəstəkarlarla yanaşı, tədqiqatçıların da adlarının çəkilməsinin vacibliyinə diqqət yönəldildi. Namiq və və Tahir bəy - Aqşinin tələbə yoldaşları Araz müəllimlə nadir görüşlərə döndülər - onun portretinə bəzi mühüm cizgilər əlavə edə bildilər. Tahir Aydınoğlu haqlı olaraq Azərbaycan Ensiklopediyasını Araz müəllimin  övladı adlandırdı...

Anar müəllim... atamla dostluğu  xüsusi bir mövzu. Şostakoviç musiqisinin mahiyyətinə varmaq iqtidarını xatırlayaraq onun zərif musiqi duyumunu da dilə gətirdi... Kamilə xanım - nikbinlik fəlsəfəsi deyiləndə - gedonizm deyil, dünyanın nizamını görmək iqtidarının vacibliyini söylədi...

Çox məsələlərə toxunuldu - sərrast fikirlər, düşüncələr, kövrək xatirələr bir-birini təbii şəkildə əvəzləyirdi - zaman çox sürətlə axıb getdi...

Sonda bütün çıxışçılara və qonaqlarımıza öz dərin minnətdarlığımızı bildirmək istərdik. Özünüzü qoruyun!  Hamıya davamlı sağlam ömür!

Elxan Şahinoğlu, politoloq:

- İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir. Bu o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçı ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir. İran mühafizəkarları ABŞ-dan çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar. Təsadüfi deyil ki, Tehran uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Bundan başqa, Tehran zənginləşdirilən uranı üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır. Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ Prezidenti Donald Tramp buna etiraz etməz. Ancaq məsələ bununla bitmir. Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa, İrana ünvanladığı daha 2 tələbi (uzaqmənzilli ballistik raketlərdən və bölgədəki silahlı qruplara dəstəkdən imtina) var idi. Bu tələblərin yerinə yetirilməsi ABŞ-ın bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır. Ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər mövzuları isə müzakirə etmək istəmir. Tehran Vaşinqtonun uranın zənginləşdirilməsiylə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qaldırılacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp qərar verməyib.

Nailə İslamzadə, diktor:

- Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar.

Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil.

Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadır. Bəzən yazılanları oxuduğumuza, təsadüfən də olsa, qarşımıza  çıxanları gördüyümüzə görə utanırıq.  Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq.

Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir.

Rəşad Mahmudov, millət vəkili:

- Əziz dostlar, dəyərli həmvətənlər!

Gec olsa da, yazmadan yata bilmədim. Bu sözlərim nə bir siyasi düşərgəyə, nə bir ideoloji qrupa, nə də müəyyən bir zümrəyə ünvanlanır. Bu müraciətim dini mənsubiyyətindən, etnik kimliyindən, siyasi baxışından və sosial mövqeyindən asılı olmayaraq hər kəsədir. Çünki burada söhbət siyasətdən deyil, ləyaqətdən gedir. İndi keçək mətləbə...

Son dövrlər ictimai-siyasi müzakirələrin bir qismi elə bir səviyyəyə enib ki, artıq burada fikir ayrılığından deyil, əxlaqi sərhədlərin hədsiz şəkildə aşılmasından danışmaq lazımdır. Mən bunu hər hansı siyasi mövqedən çıxış edərək demirəm. Bu nə hakimiyyət mövqeyidir, nə müxalifət mövqeyi. Bu, elementar, yəni çox sadə insanlıq mövqeyidir.

Tarix boyu hakimiyyət də olub, müxalifət də. Mübarizə də olub, tənqid də. Sərt polemikalar da yaşanıb. Haqlı da olub, haqsız da. Amma cəmiyyətlər o zaman güclü olub ki, mübarizə müəyyən ləyaqət çərçivəsində qalıb. Şəxsi həyatın, ailənin, namusun, insanın şərəf və heysiyyətinin hədəfə alınması isə heç vaxt siyasi mübarizə sayılmayıb.

Bu gün sosial platformalarda işlədilən bəzi ifadələr nə azad söz anlayışına, nə də elementar mənəvi normalara sığır. Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil. Söz azadlığı söyüş azadlığı ola bilməz.

Ən təhlükəli məqam isə budur ki, bu cür ifadələrə qarşı eyni düşərgədə və ya "siyasi mövqedə" olanların və görsənənlərin susmasıdır. Özünü aydın, dəyərli və məsuliyyətli hesab edən hər bir insan, hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, ilk növbədə öz vicdan və əxlaq sərhədini müəyyən etməlidir. Öz siyasi və ya ictimai həmfikiri olsa belə, "burada dayan" deməyi bacarmalıdır.

Burada məsələ "haqlı" və ya "haqsız" olmaq deyil. Dünyada "mütləq doğru" anlayışı mübahisəli ola bilər. Baxış bucaqları fərqli ola bilər. Amma ləyaqətsizlik heç bir ideoloji izahla legitimləşdirilə bilməz.

Unutmaq olmaz ki, insan üçün ailə və şərəf ən həssas nöqtədir. Tarix göstərir ki, bu hədd aşılarkən reaksiyalar artıq siyasi polemika çərçivəsindən çıxır. Bu, hədə-qorxu deyil. Bu, sosial psixologiyanın və insan təbiətinin reallığıdır. Cəmiyyətləri dağıdan da, çox ağır nəticələr də məhz bu hədlərin məsuliyyətsiz şəkildə aşılması olub.

Bunlar nə hüquqi, nə mədəni, nə də hansısa baxış prizmasından güclü dövlət və cəmiyyət quruculuğu yolunda aparılan siyasi mübarizə deyil. Bu, cəmiyyətə və insanlığa ciddi mənfi təsir göstərən dərin bir əxlaqsızlıqdır. Elə ifadələr var ki, insan onları tək qalanda düşüncəsinə gətirəndə belə üzü, beyni və ürəyi qızarır.

Bu gün hər birimizin qarşısında seçim var:

Ya səviyyəni qoruyacağıq və gələcək nəsillərə mədəni siyasi və ictimai mühit miras qoyacağıq,

ya da səviyyəsizliyi normaya çevirib onun nəticələrinə qatlanacağıq.

Mənim mövqeyim açıqdır. Harada olmağımızdan asılı olmayaraq, ləyaqət hər şeydən üstündür. Sərhədi keçən dilə qarşı susmaq isə həmin sərhədin pozulmasına şərik olmaq deməkdir.

Gəlin sərhədi birlikdə qoruyaq.

Gəlin cəmiyyət olaraq özümüzə hörməti itirməyək.

Daha da işıqlı və firavan sabahlar arzusuyla, gecəniz xeyrə qalsın!

Elçin Alıoğlu, jurnalist:

- ABŞ-ın baş prokuroru Epşteyn işi üzrə materiallarda adı keçən siyasətçilər və məşhurların siyahısını açıqlayıb.

Siyahıya ümumilikdə 300 nəfər daxil edilib.

"Məlumatda (qanunvericiliyə uyğun olaraq) iki şərtə cavab verən bütün şəxslər yer alıb: (1) hazırda və ya əvvəllər dövlət vəzifəsi tutan, yaxud siyasi baxımdan əhəmiyyətli fiqur olan şəxslər və (2) adı qanuna uyğun şəkildə açıqlanan materiallarda ən azı bir dəfə çəkilən şəxslər", - deyə məktubda bildirilir.

Siyahıda Bill və Hillari Klinton, Barak və Mişel Obama, Kamala Harris, Co Bayden, şahzadə Harri, Bill Qeyts, Vudi Allen, Mark Zukerberq, Bono və Beyonse kimi tanınmış simalar da var.

İbrahim Nəbioğlu, jurnalist:

- Ağdamın qoxusu.

Elnara Təhməzovanın REAL TV-dəki uğurlu "Yazı taxtası" layihəsində Aqil Abbasla söhbətə baxdım. Verilişin ortasında Aqil Abbas "Ağdamın qoxusu Qədir Rüstəmov, Səxavət Məmmədov, Arif Babayev və Rəmişdir" söyləyəndə öz-özümə "Həm də Aqil Abbasdır" dedim.

Baxdım ki, verilişin sonunda elə Elnarə də eyni sözü dedi. Proqramı seyr edərkən düşündüm ki, kaş hər mahalımızın öz Aqil Abbası olardı...

Tanıdığım ən vəfalı, dostcanlı insanlardan birinə, ətrafına son dərəcə diqqətcil və qayğıkeş olan Aqil Abbasa möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Etibar Əliyev, fəlsələ üzrə fəlsəfə doktoru:

- İnsan yaşlaşanda həyat haqqında ən maraqlı kəlamları axtarır...

"Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir" - A.Şopenhauer.

"Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır" - B.Franklin.

"Həyat kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyil" - B.Rassel.

"Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdiyinə əmin olduğun hisslərdən" - Jan Pol Sartr.

"Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün" - Mark Tven.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr