“Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Övadlar arasında razılıq olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac duyan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur”.
Bu haqda NOCOMMENT.az-a danışan vəkil Toğrul Məmmədov deyib.
Vəkilin sözlərinə görə, qanunvericilik valideyn və övladlar arasında aliment öhdəliklərinin müəyyənləşdirilməsi zamanı bir sıra mühüm hüquqi meyarları nəzərdə tutur:
“Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Alimentin məbləği müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyətli və yetkinlik yaşına çatmış bütün övladlarına, yalnız birinə və ya bir neçəsinə yönəldilməsindən asılı olmayaraq, onların hamısını nəzərə almaq səlahiyyətinə malikdir”.
“Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər”, – vəkil yekunlaşdırıb.
Tunar
NOCOMMENT.az