AZ

Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda dəyirmi masa keçirib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masanı İctimai Birliyin sədri Könül Behbudova açaraq, Xocalı soyqırımı və dəyirmi masanın məqsədi barədə danışıb. Bildirilib ki, Xocalı soyqırımı zamanı bir gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, aralarında 76 uşağın da olduğu 487 nəfər yaralanıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxış edərək, 1988-ci ildən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı, o cümlədən Xocalı soyqırımı ərəfəsində və şəhərin işğalı zamanı törədilmiş cinayət əməlləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Xocalı faciəsi barədə məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və soyqırımı kimi tanınmasında Leyla Əliyeva tərəfindən 2008-ci ilin may ayında təsis edilmiş “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alındığını, onlardan 168 nəfərin mülki şəxs, 42 nəfərin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləri olduğunu qeyd edib. Bildirib ki, mülki şəxslərin arasında 38 nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 yaşlı qadın), 30 nəfər qoca da var.

E.Səmədov vurğulayıb ki, 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış kütləvi məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya olunub.

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24 nəfəri Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.

Diqqətə çatdırılıb ki, itkin düşmüş vətəndaşların taleyinin müəyyən olunması üçün hazırda Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Digər çıxış edənlər Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməlləri, Vətən müharibəsində əldə edilmiş böyük Zəfər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük tikinti-quruculuq və bərpa işləri barədə ətraflı danışıblar.

Tədbir iştirakçıları, o cümlədən itkin ailələrinin üzvləri Ermənistanı itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları Azərbaycana təqdim etməyə çağıraraq, bu addımın itkin şəxslərin taleyinin müəyyən edilməsinə, həmçinin hazırda həyata keçirilən sülh prosesinə mühüm töhfə verəcəyini bildiriblər.

Seçilən
7
3
azerbaijan-news.az

4Mənbələr